Əsas Səhifə > Güney Press > Azərbaycan "qocalır": Pensiya ödənişində problem yaranacaq?

Azərbaycan "qocalır": Pensiya ödənişində problem yaranacaq?


Bu gün, 16:11

Azərbaycanda demoqrafik göstəricilərdə müşahidə olunan dəyişikliklər son illər daha çox müzakirə olunan məsələlərdən birinə çevrilib.

Doğum səviyyəsinin azalması təkcə əhalinin sayına deyil, həm də ölkənin sosial-iqtisadi inkişafına, əmək bazarına və uzunmüddətli perspektivdə pensiya sisteminin dayanıqlılığına təsir göstərə biləcək mühüm amillərdəndir.

Dövlət Statistika Komitəsinin açıqladığı son statistik göstəricilər Azərbaycanda doğum səviyyəsinin azalma tendensiyasının davam etdiyini göstərir.

Belə ki, 2025-ci ilin yanvar-may aylarında ölkədə 38 836 uşaq doğulduğu halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 28 631 olub.

Nəticədə, doğulan uşaqların sayı cəmi bir il ərzində 10 205 nəfər və ya təxminən 26 faiz azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı da 9,2-dən 8,5-ə enib.

Doğum səviyyəsinin azalması, gənclərin miqrasiyası və əhalinin yaşlanması gələcəkdə əmək bazarı ilə yanaşı, pensiya sisteminə də ciddi təsir göstərə bilər.

Çünki işləyən əhalinin sayının azalması fonunda təqaüdçülərin sayının artması pensiya təminatının maliyyələşdirilməsi baxımından əlavə yük yarada bilər.

İşləyənlərin sayı təqaüdçülərin sayından az olarsa, bu, pensiya ödənişlərinin davamlılığı üçün hansı riskləri yaradar?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, gələcəkdə pensiya sisteminin maliyyə yükünün daha da artması riski yarana bilər:

“Doğum səviyyəsinin uzun müddət aşağı qalması gələcəkdə əmək bazarına daxil olan gənclərin sayının azalmasına səbəb ola bilər. Bu isə işləyən və sosial sığorta haqları ödəyən insanların sayının artım tempini zəiflədər. Eyni zamanda əhalinin yaşlanması nəticəsində pensiya alanların sayı artdıqca pensiya sisteminin maliyyə yükü də yüksələr.

Əgər gələcəkdə işləyənlərin sayı təqaüdçülərin sayına nisbətən əhəmiyyətli dərəcədə azalarsa, sosial sığorta daxilolmaları pensiya ödənişlərini maliyyələşdirmək üçün kifayət etməyə bilər. Belə vəziyyətdə dövlət büdcəsindən əlavə vəsait ayrılması zərurəti yarana, pensiya sisteminin maliyyə dayanıqlılığına təzyiq arta bilər.

Bunun qarşısını almaq üçün məşğulluğun artırılması, qeyri-rəsmi məşğulluğun azaldılması, əmək məhsuldarlığının yüksəldilməsi, ailələri dəstəkləyən sosial siyasətlərin gücləndirilməsi və uzunmüddətli demoqrafik strategiyanın həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır”.


Geri qayıt