Əsas Səhifə > Güney Press > Tikinti sahələri sürücülər üçün ölüm tələsinə çevrilir
Tikinti sahələri sürücülər üçün ölüm tələsinə çevrilirBu gün, 15:18 |
|
Bakının Pirşağı qəsəbəsində dənizkənarı yolda baş vermiş yol-nəqliyyat hadisəsi çimərlik mövsümündə təkcə dənizdə deyil, yollarda da təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini göstərdi. Təəssüf ki, yollarımızda, üstü açıq saxlanmış lyuklar, kanalizasiya qapaqları, çıxarılmış hansısa dirəyin boş qalmış yeri və sair çala-çuxurlar faciəli hadisələrə səbəb olur. Xatırladaq ki, Pirşağı qəsəbəsində dənizkənarı yolda baş vermiş yol-nəqliyyat hadisəsinə dair görüntülər sosial şəbəkələrdə yayılıb. Və minik avtomobilinin yol kənarındakı kanalizasiya kollektoruna düşdüyünü görünür. Hadisə gecə saatlarında baş verib. Xoşbəxtlikdən sürücü və sərnişinlər yüngül xəsarət alıb. Kanalizasiya kollektorunun ətrafını çəpərləmək, gecə vaxtı ərazidə təmir işi aparıldığını xəbər verən işıq, nişan qoymaq olmazdımı? Nəqliyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, heç bir təmir-tikinti işi insanların təhlükəsizliyi hesabına aparılmamalıdır: - Dənizkənarı yolda baş verən hadisə bir daha göstərir ki, yol hərəkəti təhlükəsizliyi məsələsinə daha həssas yanaşmaq lazımdır. Tikinti sahələri etibarlı səddlərlə qorunmalı, gecə vaxtı kifayət qədər işıqlandırılmalı, xəbərdaredici nişanlar və müvəqqəti yol nişanlanması sürücülərin vaxtında reaksiya verməsinə imkan yaratmalıdır. Eyni zamanda, aidiyyəti qurumlar tərəfindən KİV və sosial media vasitəsilə mütəmadi olaraq tikinti aparılan ərazilər barədə məlumatlar paylaşılmalı, sürücülərə həmin istiqamətlərdə daha diqqətli olmaları tövsiyə edilməlidir. Bu cür operativ məlumatlandırma həm yol-nəqliyyat hadisələrinin qarşısını almağa, həm də şəhər sakinlərinin marşrutlarını əvvəlcədən planlaşdırmasına kömək edər. R.Ağamirzəyev qeyd etdi ki, müasir şəhərin göstəricisi yalnız yeni infrastrukturun inşası deyil, həm də həmin infrastruktur tikilərkən insanların həyat və sağlamlığının etibarlı şəkildə qorunmasıdır: - Təhlükəsizlik bütün tikinti layihələrinin ayrılmaz tərkib hissəsi olmalıdır. Bəli, şəhər böyüyür, inkişaf edir və bununla paralel olaraq tikinti-quraşdırma işləri də şəhər həyatının ayrılmaz hissəsinə çevrilir. Bu, qaçılmaz və zəruri prosesdir. Lakin inkişaf heç vaxt təhlükəsizlik hesabına başa gəlməməlidir. Geri qayıt |