Əsas Səhifə > Güney Press / Reklam > AZAL-ın 25 minə yaxın sərnişini ötən il biletlərini geri qaytarıb və ya tarixini dəyişdirib
AZAL-ın 25 minə yaxın sərnişini ötən il biletlərini geri qaytarıb və ya tarixini dəyişdiribBu gün, 12:51 |
|
Ötən il "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) 25 minə yaxın sərnişini biletlərini geri qaytarıb və ya tarixini dəyişdirib. "DİA-AZ" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Rəqəmsal kommersiya idarəsinin rəhbəri Vasif Məmmədov bildirib. Onun sözlərinə görə, sərnişinlərə Çağrı mərkəzinə müraciət etmədən Azərbaycan Hava Yollarının veb-saytı və ya mobil tətbiqi vasitəsilə aldıqları biletləri rahat şəkildə qaytarmaq və dəyişdirmək imkanları təmin edilib: "Müştərilər "Rezervasiyanın idarə olunması" bölməsinə daxil olaraq tarif qaydalarına uyğun şəkildə bileti geri qaytara və ya tarixi dəyişə bilərlər. 2025-ci il ərzində bu xidmətlərin 25 minə yaxın istifadəçisi qeydə alınıb və beləliklə, müştərilərimizin vaxtına qənaət olunmaqla aviaşirkətin Çağrı mərkəzinin iş yükü azaldılıb. Digər bir yenilik reysin gecikməsi və təxirə salınması zamanı sərnişinlərin operativ məlumatlandırılmasıdır. Artıq 2025-ci ildən etibarən reysin ləğvi və ya gecikməsi, terminal və ya minik qapısının dəyişməsi hallarında sərnişinlər avtomatik olaraq elektron poçt, "WhatsApp" və mobil tətbiq üzərindən bildirişlər alırlar. Belə olan halda sərnişinlər reyslə bağlı məlumatları real vaxt rejimində izləyə, vəziyyətə uyğun qərarlar verə və səfərlərini düzgün planlaşdıra bilirlər". V.Məmmədov qeyd edib ki, sərnişinlərin onlayn bilet alışı prosesi də daha intuitiv qurulub, filtrasiya və seçim imkanları genişləndirilib: "Sərnişinlər qiymətə, uçuş müddətinə və saatlara görə daha çevik seçim edə bilirlər. Məsələn, bilet qiymətinin 24 və ya 72 saat müddətinə sabitlənməsi xidməti planlaşdırma mərhələsində əlavə rahatlıq yaradır. Belə ki, bəzən müştərilərimiz bileti almaq üçün daha çox düşünməli olurlar, lakin eyni zamanda yeri itirmək və qiymətin dəyişməsini istəmirlər, belə hallarda bu əlavə xidmət üzərindən biletlərini rezerv edə və daha sonra "Rezervasiyanın idarə olunması" bölməsinə daxil olaraq ala bilirlər. Bundan əlavə, ödəniş mərhələsində "Apple Pay" və "Google Pay" inteqrasiyası həyata keçirilib. Hazırda mobil tətbiq üzərindən edilən ödənişlərin 20 %-dən çoxu bu rəqəmsal pulqabılar vasitəsilə icra olunur". Geri qayıt |