Əsas Səhifə > Güney Press > Paşinyana yaxın kanal revanşistləri ələ saldı

Paşinyana yaxın kanal revanşistləri ələ saldı


Bu gün, 12:42

Ermənistanda Baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Bagramyan 26 teleqram kanalı revanşist müxalifətin parlament mandatlarını qəbul etmək qərarını istehza ilə qarşılayıb.

Musavat.com xəbər verir ki, kanal xüsusilə "Güclü Ermənistan" Partiyasının nümayəndəsi Narek Karapetyanın açıqlamalarını hədəfə alıb.

Karapetyan daha əvvəl tərəfdarlarının onları "bütün mübarizəni deputat mandatı uğrunda aparmaqda" ittiham etməsindən narahat olduğunu bildirib. O, mandatın vəzifə və ya imtiyaz deyil, hakimiyyətə qarşı mübarizə vasitəsi olduğunu söyləyib.

Kanal istehza ilə "Kökə" ləqəbini verdiyi Narek Karapetyanın deputat mandatını "fədakarlıq" kimi təqdim etməsini məsxərəyə qoyub. Yazıda qeyd olunduğu kimi, Karapetyan guya tərəfdarlarına "parlamentdə düyməni basmaqla Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıracağını" izah etməyə çalışır.

Kanal həmçinin Karapetyanın "mandat mənim üçün həbsxanaya bilet deməkdir" fikrini də məsxərəyə qoyaraq bunları yazıb:"Görünür, o, 'həbsxana' sözünü deputat toxunulmazlığı ilə səhv salıb. Axı məhz mandat ona bu toxunulmazlığı verəcək".

Bundan əlavə, Paşinyana yaxın teleqram kanalı Karapetyanın beynəlxalq müşahidəçilərin seçkilərə müsbət qiymət verməsini əsas gətirərək nəticələrin legitimliyini inkar edə bilməyəcəkləri barədə fikirlərini də tənqid edib və bu arqumentin məntiqsiz olduğunu bildirib.


Geri qayıt