Əsas Səhifə > Güney Press > "SOCAR "yaşıl enerji" sahəsində regional genişlənməni nəzərdən keçirir"

"SOCAR "yaşıl enerji" sahəsində regional genişlənməni nəzərdən keçirir"


Bu gün, 11:42

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) süni intellekt əsaslı, verilənlərlə idarə olunan, inteqrasiya edilmiş və diversifikasiya olunmuş enerji şirkətinə transformasiya prosesindədir.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi XX Bakı Yay Enerji Məktəbinin açılış tədbirində çıxışında məlumat verib.

O bildirib ki, şirkət neft-qaz sektorunun ənənəvi seqmentlərində – hasilat, nəqliyyat, emal və ticarət sahələrində öz fəaliyyətini davam etdirməklə yanaşı, portfelini enerji keçidi və "yaşıl enerji" istiqamətində genişləndirir: "Yaşıl əməliyyat bölməmiz artıq bir neçə ildir ki, müvafiq tənzimləyici orqanlarla əməkdaşlıq edərək günəş və külək enerjisi sahəsində fəaliyyət göstərir. Hazırda biz regional miqyasda genişlənmə imkanlarını nəzərdən keçiririk. Bu isə o deməkdir ki, genişlənmə barədə düşünmək üçün artıq müəyyən təcrübə toplamışıq, eyni zamanda "yaşıl enerji"nin yalnız günəş və küləklə məhdudlaşmayan fərqli komponentlərini də araşdırırıq".

Z. Mustafayeva vurğulayıb ki, dövlət şirkəti kimi SOCAR ölkənin dayanıqlı inkişaf strategiyasına, sənaye siyasətlərinə, habelə Azərbaycan Prezidenti tərəfindən uğurla formalaşdırılmış iqtisadi siyasət və strategiyalara uyğun fəaliyyət göstərir: "Biz həmin istiqamətlərlə tam həmahəngik və onları böyük məsuliyyət hissi ilə reallaşdırırıq. Təbii ki, baş verən dəyişikliklərə uyğunlaşırıq və bunu strategiyamızı müvafiq şəkildə adaptasiya etməklə həyata keçiririk".

Vitse-prezident qeyd edib ki, cari ildə SOCAR Dallasda keçirilən Dünya İqtisadi Forumunda "Lighthouse" (Mayak) mükafatına layiq görülüb: "Bu o deməkdir ki, Azərbaycanda fəaliyyət göstərən SOCAR-ın Karbamid zavodunda tətbiq edilən süni intellektlə idarə olunan rəqəmsal həllər, avtomatlaşdırma və müxtəlif texnoloji innovasiyalar beynəlxalq səviyyədə diqqət çəkib. Bunun nəticəsində əldə etdiyimiz təcrübə və unikal şərtlər tanınıb, indi isə bu bilikləri dünya ilə bölüşmək mümkündür. Digər bir nümunə isə BTC-dir. 20 illik fəaliyyət tarixinə malik bu nəhəng infrastrukturun operatorluğu BP-dən SOCAR-a ötürülüb. Bu, belə miqyaslı infrastrukturu idarə etmək üçün yerli potensialımızın mövcud olması deməkdir. Biz bu təcrübəni inkişaf etdirmişik və onu paylaşmaq mümkündür. Bu, yalnız bir ölkə ilə deyil, başqa dövlətlərlə də bölüşülə bilər. Çünki BTC bir neçə ölkəni əhatə edən layihədir".


Geri qayıt