Bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev yazıçı Əkrəm Əylislinin 2026-cı ilin ədəbiyyat mükafatına layiq görülməsinə münasibət bildirərkən deyib.
“Mükafat alıbsa, lap yaxşı. İndi hansı əsəri üçün alıb bilmirəm. Əgər əvvəlki əsərləri üçün alıbsa, bu, Azərbaycan ədəbiyyatı üçün yaxşı bir faktdır. Yox, ermənipərəst əsəri üçün alıbsa, buna sevinməyə dəyməz”, - A.Rzayev söyləyib.
Müxbirin Ə.Əylislinin mükafata “Adamlar və ağaclar” trilogiyasına görə layiq görüldüyünü xatırlatmasından sonra AYB sədri bildirib: “Adamlar və ağaclar” yaxşı əsərdir. Halal olsun ona. Təbrik edirəm”.
Qeyd edək ki, azərbaycanlı yazıçı Əkrəm Əylisli hələ sovet dövründə yazdığı, lakin ingilis dilinə tərcüməsi yalnız indi işıq üzü görən “Adamlar və ağaclar” trilogiyasına görə Avropa Yenidənqurma və İnkişaf Bankının 2026-cı il üçün ədəbiyyat mükafatına layiq görülüb.
Hər il keçirilən müsabiqənin finalında üç müəllif mübarizə aparıb: Əyisli ilə yanaşı, finala polşalı fantastik janr yazıçısı Yacek Dukay “Buz” romanı ilə və misirli yazıçı Şadi Lyuis Şərqi Londondakı evsizlər sığınacağındakı şəxsi iş təcrübəsinə əsaslanan “Qrinviç xəttində” kitabı ilə yüksəliblər.
Əyislinin, daxilində çoxlu avtobiografik məqamlar saxlayan trilogiyasında İkinci Dünya müharibəsi illərində, kişilərin əksəriyyətinin cəbhəyə yollandığı və ağır işlərin, eləcə də sağ qalmaq qayğısının qadınların çiyinlərinə düşdüyü bir dövrdə sovet Azərbaycanının dağ kəndindəki həyatından bir oğlan uşağının gözü ilə bəhs edilir.
Münsiflər heyəti “üçüncü şəxsin adından ustadlıqla qurulmuş nəql etmə manevrini” yüksək qiymətləndiriblər: “burada uşaq, öz sadəlövhlüyü ilə mənasını çətinliklə dərk etdiyi yetkinlərin ehtiraslarını və cinayətlərini üzə çıxarır”.