Əsas Səhifə > Güney Press > “Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?”
“Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?”Bu gün, 10:33 |
|
Radio Enerji 101.1 FM-in baş aparıcısı Rəfail Səlimov Moderator.az-ın suallarını cavablandırıb. -Rəfail, peşəkar aparıcıların bir çoxu bu sahəyə uşaqlıqdan həvəs göstərdiklərini deyirlər. Sizdə bu sahəyə həvəs necə yaranıb? -Artıq 16 il olacaq ki, radio aparıcı kimi fəaliyyət göstərirəm. Bu 16 ilimin son 9 ili Radio Enerji 101.1 FM-də baş aparıcı olmağımla keçir və davam edir. Məktəb illərində demək olar ki, bütün tədbirlərin hazırlanması və aparıcılığında hər zaman öndə olmuşam. Müəllimlərim aparıcı axtarmayıblar. Hər zaman adım aparıcı kimi çağırılıb. Uşaqlıq illərimdə intellektual və əyləncəli “Teletime” adlı veriliş var idi. Günlərin bir günü bilmirəm necə oldusa, bir hiss gəldi. Aparıcı Azər Axşam idi. Ona baxıb qərar verdim ki, mən də aparıcı olacam. Diqqətinizi bir məqama çəkim. Mən televiziya və ya radio sahəsi arasında o dövrdə fərq qoymamışdım. Qərar vermişdim ki, aparıcı olum. Fərqi yoxdur harda olur olsun, amma aparıcı olum. Efirdə olum. Hələ o dövrdə atamın avtomobilində gecələr öz-özümə guya verilişlər də aparırdım. Kassetdən mahnı səsləndirirdim, bitirdi danışırdım, daha sonra yenə mahnı (gülür). Radioya gəlişim isə məktəbdə təhsil aldığım dövrə təsadüf edir. 2010-cu il avqust ayının 17-si məktəbdə tarix müəllimim Elmira xanımın mənə zəngi və: “Rəfail, Dövlət Radiosunda məktəblilər üçün maarifləndirici proqram var. Bizim məktəbdən sənin getməyini istərdim, özün də bu sahəyə həvəskarsan. İstedadınla həm məktəbimizi, həm də özünü təqdim edə bilərsən” deməsi ilə başladı. Dövlət Radiosunda ilk çıxışımdan dərhal sonra radionun redaksiya rəhbərinin məni dəvət edərək: “maraqlı səsin və təmiz diksiyan var. Bizimlə əməkdaşlıq etmək istəyərsənmi?” sualına düşünmədən “hə” cavabı verdim. O gün bu gündür bu sehirli radio aləmindəyəm. -Niyə məhz radio aparıcısı olub, insanlara fikirlərinizi bu yolla çatdırmağı seçdiniz? -Radio sahəsində olmağımda məqsəd tək səsimi ya fikrimi insanlara çatdırmaq deyil. Zənnimcə hər insanın həyatda bir missiyası olur. Mənim missiyam da hələ uşaq olanda qərar vermişdim ki, insanlara fayda vermək olsun. Bəli, doğrudur. Həkim də insanlara fayda verir, polis də və s. peşə sahibləri də. Mənim məqsədim həm də mənəvi tərəfdən bu faydanı qarşılamağa çalışmağım olub. Məlumatlanmaq və məlumatlandırmaq. Ümid edirəm ki, bunu az da olsa bacarıram. -Bu illər ərzində yəqin ki, televiziyada aparıcı olmaq şansınız da olub.. Niyə baş tutmayıb? -Mən çətini sevən insanam. Bu günə qədər qəti şəkildə televiziyada aparıcı olmaq kimi bir istəyim olmayıb. Həmkarlarım inciməsin, televiziya mənə hər zaman çox sadə görünür. Çətin olduğunun əlbəttə ki, fərqindəyəm. Radio isə televiziyadan qat-qat çətindir. Televiziyada aparıcıdan çox əziyyəti çəkən layihənin komandası var. Redaktor, rejissorlar, müxbir, montajçı və s. Radioda isə bir sənsən, bir mikrofondur, bir də “on air” düyməsi. Vəssalam. Nə dekor, qrim var, nə hər hansı bir cümləni, fikri dediyin zaman saxlayıb, kəsib, montaj etmək var. Heç nə yoxdur. Sən, mikrofon, səsin və auditorya. Heç vaxt “heç vaxt” demərəm, amma hazırda buna ehtiyacım yoxdu. Televiziya efirlərində radio aparıcısı kimi qonaq qismində çıxışlarım yetərli olur. Bir də onu vurğulayım ki, Radio aparıcıları televiziya verilişlərini aparmağı çox gözəl bacarır. Televiziya aparıcılarının 80-90%-i haqqında isə bunu demək çətin məsələdir. -Siz radio aparıcıları hər bir evin gözlənilməz qonağı, səsi olursunuz. Yolda da, evdə də, işdə də sizi dinləyən dinləyicilər olur. Bu necə bir hisdir? -Radio aparıcı olmağın hissini sözlərlə çətin izah edə bilim. Elə məsələlər var ki, insanı elə ən gözəl hisslər ifadə edir. Balıq sudan ayrı yaşaya bilmədiyi kimi sən də radiodan ayrı yaşaya bilmirsən. İnsanların avtomobillərində, ya evlərində səni seçib dinləməsi təbii ki, fəxr olunası məqamdır. Üstəlik minlərlə insanın eyni anda sənin səsindən informasiya alması, fikrinlə razılaşması, səni tərif yaxud tənqid etməsi ecazkardır. Məsuliyyət isə ən öndə olan məsələdir. Radio və formatından asılı olmayaraq hər bir radio aparıcısı özü ilə bərabər studiyaya həm də məsuliyyəti “aparmalıdır.” İnsanlar səni seçir, dinləyir və inanır. Bu etibarı itirdinsə, o studiya da bir gün səni mütləq itirəcək. Dalğa səsini, kimliyini qəbul etməyəcək. -Bəzi hallarda bu sahəyə barmaqarası baxan həmkarlarınız da olur. Bir dinləyici olaraq bizim də narazı olduğumuz məqamlar var.. -Razıyam. Bu sahəyə barmaqarası yanaşan həmkarlarım da var. Təəssüf ki... İncisələr də deyəcəm: mən onlara bəzi hallarda həmkar da demirəm, deyə bilmirəm. Bir var radioda veriliş aparmaq, bir də var radio aparıcısı olmaq. Bunlar tamamilə ayrı məvhumlardır. Ola bilər sənin gözəl, səlis nitqin, səsin olsun. Məncə, radio aparıcısı səsindən əvvəl şəxsiyyəti ilə dinləyicinin etibarını qazanmalıdır. Yaxşı səs, düzgün diksiya və peşəkar nitq sonradan da öyrənilə bilər. Amma səmimiyyət, məsuliyyət, operativ düşüncə və dinləyiciyə hörmət olmadan efirdə uzunömürlü olmaq mümkün deyil. Çünki radio sadəcə danışmaq deyil, qarşı tərəflə görünməyən bağ qurmaqdır. Radio aparıcısı empatiya olmadan, dinləyicinin damarını tuta bilməz, maraq olmadan sual verə bilməz və maraq yarada bilməz. Səmimiyyət olmadan süni görünər. Dinləmə bacarığı olmadan yaxşı danışan olsa belə zəif aparıcı olar, özü də çox zəif. Yeri gəlmişkən, sizin vasitənizlə bir çox aparıcıya müraciət etmək istərdim: Müsahibinizi dinləməyi bacarın. Sual verib, cavabı özünüz verməklə kənardan heç də ağıllı görünmürsüz. (gülür). Bir cümlə ilə yekunlaşdırsam, radio aparıcısı hətta mikrofon olmadan da işləyə bilər, amma insan sevgisi və maraq olmadan yox, mümkün deyil. -Radio aparıcılarının səsi simalarından çox tanınır. Heç buna görə televiziya aparıcılarını qısqanmısınızmı? -Nəylərini qısqanacam ki?! (gülür) Amma, etiraf edim. Bəzən düşünürəm ki, görünür, mən səhv etmişəm. İllərlə peşəkarlığa yatırım etmişəm, bir az da sensasiyaya yatırım etsəydim, bəlkə daha tez tanınardım (gülürəm). Amma sonra öz-özümə deyirəm ki, tanınmaqla yadda qalmaq eyni şey deyil axı. Mənim seçimim həmişə yadda qalacaq iş görmək olub. Qısqanclıq yox, sadəcə bəzən alqoritmlə aramız düz gəlmir (gülür). Elə olur ki, keyfiyyətdən çox səs-küy diqqət çəkir. Amma mən inanıram ki, populyarlıq bir gündə qazanılır, peşəkarlıq isə illərlə. Mən də ikinci yolu seçmişəm. Gec gəlir, amma qalıcı olur. Bir də ki, sabun köpüyü elə hamam vannasında daha cəlbedici olur. -Rəfail, tamaşaçılarla hansı mövzuları müzakirə etməyi sevirsiz? -Təvazökarlıqdan uzaq olsa da deyə bilərəm, istənilən mövzu ətrafında söhbət etməyə hazıram dinləyici ilə. Çünki o söhbətdə həm də öyrənirəm. Heç bir mövzu fərqi yoxdur mənim üçün. Siyasi, sosial, mədəni, uşaq, hətta cəmiyyətimizin təəssüf ki, barmaqarası yanaşdığı cinsəl mövzular. Yetər ki, mən özüm-özümə o komandanı verə bilim ki: sən bundan danışmalısan. Yatmayıb, hazırlaşıb o mövzunu müzakirə edərəm. Haşiyəyə çıxım: bu fikrim hazırlıqsız efirə çıxan həmkarlarıma xas deyil. Bizim aləmimizdə “gün” sözü yoxdur, “efir günü” sözü var. Hər “efir günü” mütləq maraqlı bir nüans olmalıdır. -Bu illər ərzində yəqin ki, sizi dinləyən tamaşaçılar ilə hansısa yaddaqalan məqamlar da yaşamısız.. -Ən yaddaqalan məqam 2021-ci ildə mail ünvanıma Avstriyadan bir mesaj gəlmişdi: Adı da yadımdadır: Kristof. O, yazmışdı ki, mənim hobbim, dünya üzrə radioları dinləməkdir. (İnternet üzərindən) Sizi dinlədim, filan gün, filan saatda. Dilinizi başa düşməsəm də səsiniz xoş gəldi və mən sizi deyəsən anladım. Təşəkkür edirəm.” Bu qısa məktub mənim üçün qiymətsizdir. Geri qayıt |