Əsas Səhifə > Güney Press > "İnsan hüquqları" adı altında təzyiq?

"İnsan hüquqları" adı altında təzyiq?


Bu gün, 17:42

Son illər Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında münasibətlər getdikcə daha gərgin xarakter alır. Vaxtilə Avropa institutları ilə dialoq və əməkdaşlıq platforması kimi təqdim olunan bu qurumun Azərbaycana münasibətdə nümayiş etdirdiyi yanaşma Bakıda artıq ikili standartların, siyasi qərəzin və selektiv yanaşmanın növbəti təzahürü kimi qiymətləndirilir.

Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra AŞPA-da qəbul edilən qərarlar, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması və ölkəyə qarşı davamlı tənqidi kampaniyalar rəsmi Bakının bu quruma etimadını ciddi şəkildə sarsıdıb.
Məhz belə bir şəraitdə AŞPA-nın 36-cı prezidenti Petra Bayrın son açıqlamaları da təsadüfi hadisə kimi deyil, Avropa institutlarının Azərbaycana münasibətdə dəyişməyən siyasi xəttinin davamı kimi qiymətləndirilir. Bayr "Azadlıq" radiosunun Azərbaycan xidmətinə müsahibəsində ölkəyə qarşı ultimativ tələblər irəli sürərək, "tanınmış siyasi məhbusların" azad edilməsini AŞPA nümayəndə heyətinin mandatının bərpası üçün əsas şərt kimi təqdim edib. Bununla yanaşı, Azərbaycanın onu "qara siyahı"ya salması və ölkəyə girişinə qadağa qoyması ilə bağlı narazılığını da dilə gətirib.


Bu cür bəyanatlar bir daha göstərir ki, Avropanın bəzi siyasi dairələri hələ də Cənubi Qafqazda dəyişən geosiyasi reallıqları qəbul etmək istəmirlər. Halbuki son illərdə bölgədə yaranmış yeni siyasi nizam, Azərbaycanın suverenliyini tam təmin etməsi, beynəlxalq enerji və nəqliyyat layihələrində rolunun daha da artması ölkənin regional və qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Belə bir şəraitdə köhnə siyasi təzyiq mexanizmləri, ultimatum dili və birtərəfli ittihamlar nə əvvəlki təsir gücünə malikdir, nə də Azərbaycanın xarici siyasət kursunu dəyişdirmək imkanına sahibdir.


Maraqlıdır ki, insan hüquqları və demokratiya məsələlərini daim ön plana çıxaran bəzi Avropa institutları eyni prinsipləri bütün ölkələrə münasibətdə tətbiq etmir. Bu isə ikili standartlar barədə səslənən tənqidləri daha da gücləndirir. Məhz bu fonda Petra Bayrın açıqlamaları yalnız bir siyasətçinin şəxsi mövqeyi deyil, həm də AŞPA-nın son illərdə üzləşdiyi nüfuz böhranını və dəyişən beynəlxalq münasibətlər sisteminə uyğunlaşmaqda çətinlik çəkdiyini göstərən növbəti nümunə kimi dəyərləndirilir.

Millət vəkili Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın ikili standartlarla üzləşdiyi platformalardan biri də AŞPA-dır:

"Təəssüf ki, Azərbaycan insan hüquqlarına, söz və məlumat azadlığına daim önəm verdiyi halda, AŞPA ölkəmizə münasibətdə hər zaman qərəzli mövqe nümayiş etdirib. Bu da təsadüfi deyil. Çünki AŞPA indiyədək Azərbaycana köhnə stereotiplərlə yanaşmaqdan əl çəkməyib, ölkəmizin yaratdığı yeni reallıqları qəbul edə bilmir və davamlı şəkildə Azərbaycana təzyiq göstərməyə çalışır.

Maraqlıdır ki, əvvəlcə belə mövqelər ortaya qoyulur, Azərbaycan buna adekvat cavab verir, sonra müəyyən yumşalma müşahidə olunur. Lakin bir müddət keçdikdən sonra AŞPA yenidən əvvəlki qərəzli mövqeyinə qayıdır. Buna görə də hesab edirəm ki, bu, artıq AŞPA-nın Azərbaycana qarşı selektiv siyasətinə çevrilib. Təəssüf ki, bu qurum parlament diplomatiyası və insan hüquqları prinsiplərindən uzaqlaşaraq bəzi islamofob dairələrin təsir alətinə çevrilib".

Onun sözlərinə görə, Avropa Komissiyasının nümayəndəsinin Azərbaycana səfəri, regionda Avropa ilə əməkdaşlığın genişlənməsi, inteqrasiya prosesləri və yeni layihələrin müzakirəsi fonunda görünür ki, Azərbaycana qarşı mənfi mövqe sərgiləyən dairələr yenidən fəallaşıblar:

"Elə buna görə də eyni məqamlarda Azərbaycana qarşı yenidən qərəzli mövqelər ortaya qoyulur.
Hüquqi baxımdan Azərbaycan bu gün Avropa Şurasına əvvəlki qədər ehtiyac duymur. Avropa Şurası nizamnaməsinə və öz prinsiplərinə uyğun, ədalətli qərarlar qəbul etməyənə qədər Azərbaycanın bu quruma xüsusi maraq göstərməsi üçün əsas yoxdur. Çünki artıq buna ehtiyac qalmayıb.

Azərbaycan insan hüquqlarının təmin olunması istiqamətində ən mühüm addımlardan birini atıb. Bir milyondan artıq insanın fundamental hüququ – doğma yurduna, evinə və torpağına qayıtmaq hüququ təmin edilib. Bu insanlar Azərbaycan vətəndaşlarıdır və bu gün işğaldan azad olunmuş torpaqlarına qayıdırlar. Məgər bu insan hüquqlarının bərpası deyil? Niyə AŞPA bunu təqdir etmir? Niyə qeyd etmir ki, Azərbaycan həm öz milli qanunvericiliyinin tələblərini yerinə yetirib, həm də beynəlxalq hüququn əsas prinsiplərini təmin edib? Azərbaycan məhz bununla fəxr edir.
AŞPA-nın fəaliyyətini diqqətlə təhlil etdikdə onun ikili standartları aydın görünür. Hesab edirəm ki, bu mövqe artıq beynəlxalq insan hüquqları təşkilatları üçün də sirr deyil. Əslində, bu, AŞPA-nın özünü ifşa edən mövqedir.

Azərbaycanda siyasi məhbus yoxdur. Əgər AŞPA-nın Azərbaycanda "siyasi məhbus" adlandırdığı şəxslərlə müqayisə aparsaq, Avropanın özündə hüquqları məhdudlaşdırılan insanların sayının qat-qat çox olduğunu görərik.

Belə çıxır ki, qanun pozuntularına qarşı mübarizə aparmamalıyıq, çünki bu, AŞPA-nın xoşuna gəlmir. Halbuki belə yanaşma Azərbaycanın daxili işlərinə müdaxilə və sabitliyinə xələl gətirmək cəhdidir. Buna görə də AŞPA tərəfindən Azərbaycana qarşı irəli sürülən istənilən iddianın ölkəmiz üçün nə hüquqi, nə də real siyasi baxımdan xüsusi əhəmiyyəti yoxdur”.

Musavat.com


Geri qayıt