Əsas Səhifə > Güney Press / Manşet > “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın”
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın”Bu gün, 16:49 |
|
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 13 ünvanında və ətraf ərazilərdə yaşayan sakinlər illərdir həllini tapmayan ciddi sanitar problemlə üz-üzə qalıblar. Sakinlərin Musavat.com-a bildirdiklərinə görə, 15 ildən çoxdur ki, yaşadıqları ərazidə eyni acınacaqlı mənzərə hökm sürür. Onlar deyirlər ki, küçənin girişində və yaşayış evlərinin qarşısında yerləşdirilmiş zibil konteynerlərinin ətrafı böyük bir antisanitar sahəyə çevrilib. Sakinlər qeyd edirlər ki, bu problem uzun illərdir davam etsə də, indiyədək köklü şəkildə aradan qaldırılmayıb. Hər gün eyni mənzərə ilə qarşılaşdıqlarını, eyni üfunət qoxusunu hiss etdiklərini və eyni narahatlığı yaşadıqlarını deyirlər. Ətraf küçələrdən, qonşu massivlərdən və müxtəlif yaşayış məntəqələrindən gələn insanlar da məişət tullantılarını məhz bu konteynerlərə gətirib atırlar. Nəticədə konteynerlərin tutumu dolur, tullantılar isə ətrafa səpələnərək yolun kənarını, küçəni və yaşayış evlərinin qarşısını zibilliyə çevirir. Külək əsən zaman plastik torbalar, məişət tullantıları və digər zibillər bütün küçəyə yayılır, vəziyyət daha da ağırlaşır. Yay aylarında isə problem dözülməz həddə çatır. Çürümüş tullantılardan yayılan ağır üfunət qoxusu yaxınlıqdakı evlərə dolur. Pəncərə açmaq, həyətdə oturmaq, uşaqların açıq havada oynamasına şərait yaratmaq mümkün olmur. Sakinlər günün istənilən saatında bu qoxunu hiss edir və normal yaşayış imkanından məhrum olurlar. Ən çox narahatlıq doğuran məqamlardan biri də odur ki, bu ərazidə çoxlu sayda azyaşlı uşaq və məktəblilər yaşayır. Onlar hər gün məktəbə gedərkən və evə qayıdarkən bu zibilliyin yanından keçməyə məcbur olurlar. Antisanitar şərait uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır. Milçəklər, müxtəlif həşəratlar və küçə heyvanları zibil ətrafında toplaşır ki, bu da infeksiyaların yayılması riskini artırır. Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, müxtəlif instansiyalara şikayətlər ünvanlayıblar, problemin həlli üçün kömək istəyiblər, lakin vəziyyət dəyişmir. Əsas problem olan konteynerlərin yaşayış evlərinin qarşısından götürülməsi və ya daha münasib əraziyə köçürülməsi ilə bağlı heç bir tədbir görülmür. Diqqət çəkən başqa bir məqam isə ondan ibarətdir ki, Maştağa qəsəbəsinin digər küçələrində zibil konteynerləri yol kənarında, yaşayış evlərindən müəyyən məsafədə yerləşdirilib. Konteynerlər birbaşa həyətlərin girişində quraşdırılıb. Bu isə həm sanitar, həm də estetik baxımdan qəbuledilməz vəziyyət yaradıb. Bəzən zibil maşınları yalnız sakinlərin dəfələrlə zəng edib israr etməsindən sonra əraziyə gəlirlər. Onlar da əksər hallarda zibil yeşiklərini yandırırlar. Bu da sakinlərin onsuz da ağır olan vəziyyətlərini daha da çətinləşdirir. Qoxu, tüstü-duman evlərə soxulur. Bəzi hallarda isə konteynerlər boşaldılsa da, yerə səpələnmiş tullantılar olduğu kimi qalır. İşçilər bildirirlər ki, yalnız yeşikləri boşaltmaq onların səlahiyyətinə daxildir, əraziyə tökülən zibillərin təmizlənməsi isə onların öhdəliyi deyil. Nəticədə konteyner boşalsa belə, ətraf yenə də zibillik vəziyyətində qalır. Bu mənzərə təkcə ekoloji və sanitar problem deyil, həm də insanların sağlamlığına, psixoloji rahatlığına və normal həyat şəraitinə mənfi təsir göstərən ciddi sosial problemdir. Uzun illərdir davam edən bu vəziyyət sakinlərin haqlı narazılığına səbəb olur. Sakinlər bildirirlər ki, ya kompensasiya verib onları başqa yerlərə köçürsünlər, ya da etirazlarını aidiyyəti qurumların binalarının qarşısında bildirəcəklər. Sözügedən əraziyə məsul olan qurumların və şəxslərin də mövqeyini yayımlamağa hazırıq.Geri qayıt |