Əsas Səhifə > Güney Press > İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz

İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz


Bu gün, 15:54

Həmişə bir bayağı aktyor görəndə, tanıyanda öz-özümə deyirəm, yəqin ki, daha bundan o tərəfi yoxdur. Yəni kimdir bundan da bayağı ola biləcək adam? Kim özünə belə şeyi rəva görər? Ancaq qəfil yadıma Elşən Orucov, yəni “Fəlakət” düşür deyə susuram. Demək ki, nə imiş? Betərin də betəri var imiş.

Bəs görəsən, Fəlakətin betəri kimdir?

Məsələn, o kimə baxıb deyib ki, bu nədi? Mən bundan da yaxşı bayağı olaram!

Mənə elə gəlir ki, sənət canlı olsa, bir orqanizm kimi onun bədənini tərk edərdi.

Ümumiyyətlə, Elşən Orucov alqışa ehtiyacı olmayan tək-tük adamlardandır. Ona qarğışın özü güclə düşür, nəinki alqış. Başqa sözlə, bütün sənətkarlar səhnədə alqış, o da uzağı avtobus gözləyir.

Başqa sözlə, ona əl yox, maksimum çırtma çalmaq lazımdır.

Əminəm ki, arxeoloji qazıntılar aparılsa, yenə də onda istedad əlamətlərinə rast gəlinməz.

Xatırlayıram, onun bayağılığı bir ara ölkəyə necə yayılmışdısa, xüsusən balaca uşaqlar o edən hərəkətləri edir, sözləri deyirdilər. Məsələn, mən o uşaqlara baxanda utanırdım. Ürəyim ağrıyırdı ki, gör, gül kimi balalar nəyə meyl göstərirlər. Bəs görəsən, Elşən Orucov özü xəcalət çəkirdimi? Heç düşünürdü ki, uşaqları necə zəhərləyib? Lakin bu məsələdə də bir nüans var, o da balacaq uşaqların Fəlakətdən daha istedadlı olması, onu orijinaldan daha yaxşı yamsılamaqları idi.

Bəli, o, səhnə, efir üçün fəlakətdir. Fəlakət bundan başqa nə cür olsun ki? Ancaq məzmun, məna olaraq bircə qram da fəlakətliyi yoxdur.

Onun ən böyük istedadı istedadsızlığını uzun illər aktual saxlamağıdır. Hələlik o, bu zirvədə şahdır, heç kim onun qədər uzun müddət istedadsız, bayağı ola bilməyib.

Ümumiyyətlə, səhnə adamı insanı həm də düşündürməlidir. Elşən Orucov da düşünürdürür. Ancaq yaxşı şeylər barəsində yox. Adamın ağlına pis-pis şeylər gəlir. Ona baxanda “bu nədi?”, “bu kimdi?” düşüncəsi adamdan heç cür əl çəkmir.

Məncə, bir neçə il sonra onun haqqında bir sənədli film çəkmək və adını “Zövqün məhv edilməsinin mərhələləri” qoymaq lazımdır.

Onun fəaliyyətinə baxanda izaholunmaz bir vəziyyət yaranır. Yəni gülmək istəmirsən, ağlamaq da olmur. Bəs nə edəsən? Bu iki hissi də yarada bilmirsə, Fəlakət nə deyib yaşayır? Niyyəti, məqsədi nədir? Bayağılığının, istedadsızlığının sərhədləri hardadır?

Təsəvvür edirəm, əgər bayağılıq elektriksə, Elşən Orucov ölkənin alternativ enerji mənbəyidir. Çünki heç vaxt tükənmir.

Konkret desək, Elşən Orucovda zərrə də istedad faktı varsa, həmin istedad ondan ayrılaraq müstəqil həyata başlayıb. Lakin görünən odur, o, istedadla barışmaq istəmir də.

Mənə elə gəlir ki, bayağı yumorun ən böyük faciəsi güldürə bilməməsi deyil. Ən böyük faciəsi insanın gülüş hissini korlamasıdır. Adam bir müddət sonra həqiqətən gülməli nəyisə görəndə də tərəddüd edir. Çünki zövqün kompası çaşıb.

Elşən Orucov və onun kimilər də buna xidmət ediblər.

Sonda isə məni düşündürən bir şey var. Görəsən, Elşən Orucov özünə gülərdi heç?

Orxan Saffari

Gununsesi.info


Geri qayıt