Əsas Səhifə > Güney Press / Ana xəbər > Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası

Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası


Bu gün, 15:38

“Fikir versəniz görəcəksiz ki eyni tendensiya digər tərəvəz məhsullarında da baş verir. Bunun səbəbi havanın daimi dəyişkən olmasıdır. Məsələn, bir neçə gün əvvəl qarpızın kiloqramı Sabirabad bazarında 35 qəpiyə enmişdi. İndi qiymət yenə qalxıb, 70 qəpik olub”.

Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı Rauf Qarayev bazarda meyvə-tərəvəz qiymətlərinin tez-tez dəyişməsinin səbəbini izah edərkən deyib. Qeyd edək ki, hazırda bəzi market şəbəkələrində pomidor ucuz qiymətə - 45 qəpiyə satışdadır. Dünənədək ən ucuz qiymət 1.20-1.30, ən yuxarı qiymət isə 1.80-2 manat idisə, bu gün pomidorun bu qədər ucuzlaşması təəccüb doğurur.

İqtisadçı Rauf Qarayev qiymət dəyişkiliyinin əsas səbəbinin iqlimlə bağlı olduğunu dedi: 

- Bazara gələn malın üzərinə logistika və yüklənmə, üstəgəl yer pulu da əlavə edildikdə, qiymət yüksəlir. Lakin bəzən qiymətin enməsi də müşahidə edilir, bu, məhsulun götürülən sahədə bol olması ilə əlaqədardır. Qarpızla bağlı deyə bilərəm ki, bəziləri burada havanın kəskin dəyişməsi və qarpızın tağının yanması ilə əlaqələndirirdilər. Üstündən bir neçə gün keçdi və qiymət bazarda artıq 70 qəpik oldu. Yəni qiymət oynayandır. Bu proses, qeyd edim ki, digər tərəvəzlərdə də öz əksini tapıb. O cümlədən pomidorda da. Hava bir soyuq olan kimi qiymət hətta ikiqat qalxır. Məsələn, adi xiyarın özündə də qiymət 1 manat 50 qəpik də olur, bəzən 50 qəpik də. Bostandan nəqliyyatla son istifadəçiyə gəlib çıxana kimi, meyvə-tərəvəzin qiyməti az qala 7 dəfə artır. Bu onu göstərir ki faiz tendensiyası gözlənilmir. Halbuki, maksimum qazanc 30% olmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (14-cü maddə) əsasən, bazar qiyməti - müvafiq bazarda eyni (oxşar) mallar (işlər, xidmətlər) üçün tələb və təklif əsasında formalaşan qiymətdir. Vergitutma məqsədləri üçün tərəflərin razılaşdığı qiymət əsas götürülsə də, müəyyən hallarda vergi orqanı vergiləri bazar qiyməti əsasında hesablaya bilər. Barter əməliyyatlar, əlaqəli şəxslər arasında aparılan əməliyyatlar, qiymətlərin bazar qiymətindən xeyli, əsasən 25-30% civarında fərqləndiyi və ya ticarət qaydalarına uyğun olmayan hallarda tətbiq edilir. Vergi qanunvericiliyinə görə, vergi ödəyicisinin eyni məhsul üzrə satış qiymətləri arasında 30 gün ərzində 25 faizdən çox fərq olduqda vergi orqanı araşdırma apara bilər.


Geri qayıt