Əsas Səhifə > Güney Press > Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi:
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi:Bu gün, 12:15 |
|
"Çox insan məni özündənrazı biri kimi təsəvvür edir. Amma tam əksinə, mən insanlarla çox rahat ünsiyyət qura bilirəm. Heç vaxt olmayıb ki, kimisə saymayım və ya kiməsə yuxarıdan aşağı baxım. Bilmirəm, bu fikir haradan yaranıb. Çox adam düşünür ki, insanları saymayan biriyəm. Halbuki qətiyyən belə biri deyiləm. Bəlkə də kənardan belə görünürəm, amma yaxından tanıyanlar bilirlər ki, qətiyyən elə xarakterim yoxdur". Bunu Oxu.Az-a videomüsahibəsində Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Zeynalova deyib. Müsahibəni ixtisarla təqdim edirik:
- İlk olaraq vermək istədiyim sual budur: Vəfa Zeynalova niyə tez-tez görünmür? - Nə bilim (gülümsəyir - red.)... Nə ilə görünüm? Hesab edirəm ki, yeni işlə tamaşaçılara müjdə verməliyəm: ya deməliyəm, belə bir yeni iş gəlir və ya yeni bir layihə başlayır və mən də orada varam. Təəssüflər olsun ki, hazırda heç bir yeni işdə deyiləm, heç bir layihə ilə də əməkdaşlığım yoxdur. Ona görə düşünürəm ki, boş-boş danışıb insanların zamanını almayım. - Yəqin yeni rollar alanda da düşünürsünüz ki, bu, onsuz da bizim işimizdir, yenilik sayılmır... - Birmənalı olaraq işimizdir, amma o barədə müəyyən informasiyalar olur və elə teatrın özü buna dair məlumatlar verir... - Birmənalı şəkildə özünüzü kənara çəkməyi sevirsiniz. Bəlkə belə deyək? - Yox, sadəcə olaraq həyat tərzim belədir ki, istəmişəm yeni işlə meydanda olum, yeni nəsə danışım. Hər hansısa bir iş olmayanda uzaqlaşmağa çalışıram. - Tamaşaçıların tanımadığı və tanıdığı Vəfa Zeynalova arasında hansısa bir fərq varmı? - Əlbəttə, var. Tamaşaçılar hər zaman məni gülərüz, səbirli, daha çox insanları başa düşən, qayğı göstərən kimi tanıyırlar. Çalışmışam ki, yaddaşlara da elə həkk olunum. Amma son zamanlar hiss edirəm ki, tez-tez səbir kasam daşır, çox səbirsiz, hirsli olmuşam. Artıq bəzən istəmədən kiminsə xətrinə də dəyə bilirəm. Bunun əziyyətini ən çox özüm çəksəm də, görürəm ki, bu məndə alınır... (gülür-red). Sonradan bunun peşmanlığını yaşayıram və fikirləşirəm ki, axı niyə bunu etdim? Niyə bu sözü dedim? Gərək etməzdim. - Yeni layihələrdə olmamağınızın yəqin ki, bir səbəbi var. Rejissorlar sizi, yoxsa siz onları "görmürsünüz"? - Təbii ki, səbəb var. Elə layihələr olur ki, yalan deməyəcəyəm, təkliflər gəlir, baxıram ki, mənə görə çox maraqsızdır. Yəni nə qədər bəzəyib-düzəyib təqdim etsələr də özümü həmin layihədə görə bilmirəm. Bəzən də gündəlik seriallara dəvətlər olur, vaxt baxımından çatdıra bilmirəm deyə razılaşmıram. Olur ki, hansısa serial yaxud filmdən dəvət gəlir, bu dəfə də aktyor heyəti, rejissorun özü və ya ümumilikdə yaradıcı komanda məni qane etmir. Bəzən isə əksinə olur, mən onları qane etmirəm. Bundan başqa qonorar məsələsi də var. Ya təklif olunan qonorar məni qane etmir, ya da mənim istədiyim məbləğ onlara uyğun olmur. Bütün bu faktorlar rol oynayır. Amma istənilən halda mənim üçün ən önəmlisi layihənin özüdür. Əgər doğrudan da həmin filmdə və ya serialda bəlli bir yük, dəyər və ciddi iş varsa, qonorar ikinci plana keçir. Yox, əgər söhbət sadəcə simamı satmaqdan və ya içimdəki hər bir yaradıcı insan kimi oynamaq, haradasa görünmək istəyini təmin etməkdən gedirsə, o zaman ən azından düşünürəm ki, bunun qarşılığında adekvat qonorar olmalıdır. Yaxud çox maraqlı layihələr var ki, çox istəyərəm orada olum, amma rejissorlar məni həmin obrazda görmürlər və dəvət etmirlər. Belə olan halda gedib hansısa rejissorun qapısını döyə bilmərəm ki, məni dəvət edin, məni çəkin. - Vəfa xanım, bir aktrisa kimi heç fikrinizdən keçib ki, gedib özünüzü hansısa rejissora təklif edəsiniz? Bəlkə o sizi gerçəkdən görmür… - Qəti surətdə yox. Heç vaxt. Ola bilməz... - Bu "ola bilməz" eqonuzdan doğur, yoxsa düşünürsünüz ki, onlar sizi görməlidirlər? - Xeyr, eqo ilə əlaqəsi yoxdur. Sadəcə, həmişə deyirəm ki, rejissor, operator və aktrisa arasında xüsusi bir bağlılıq olmalıdır. Bu üçlük bir-birini anlamalıdır ki, obrazı tamaşaçıya düzgün ötürə bilsinlər. Əgər rejissor hansısa aktrisanı və ya aktyoru işlədiyi layihədə görmürsə, kiminsə xətrinə məcburən onunla işləməyə çalışırsa, bu əməkdaşlıq alınmayacaq. Nəticədə rejissor öz işinə ziyan vurmuş olacaq - özünü də aldadacaq, tamaşaçını da, aktrisanı da. Əgər rejissor hansısa aktrisanı və ya aktyoru məhz o rolda görürsə, o zaman onu layihəyə cəlb etmək üçün əlindən gələni edəcək. Hətta onların oynamaq həvəsi olmasa, şəxsi problemləri olsa belə, rejissor hər şeyi edəcək ki, dəvət etdiyi aktyor və ya aktrisa öz potensialını ortaya qoya bilsin və o, istədiyi nəticəni əldə etsin. Ona görə də hər zaman düşünürəm ki, rejissor aktrisasını və aktyorunu özü seçməlidir - birmənalı şəkildə. Mən gedib deyə bilmərəm ki, biz dostuq, məni də çək. Təbii ki, bizim cameədə hər kəs bir-birini tanıyır, hər kəsin də qarşılıqlı yaxşı münasibəti var. Mən də dostlarıma deyə bilərəm ki, məni görmürsünüz, mən sizin yaxın dostunuzam, niyə məni çəkmirsiniz? Amma düşünürəm ki, bu, düzgün deyil. Dostluq başqa şeydir, iş isə tamam ayrıdır. İşə xahişlə, tapşırıqla getmək olmaz. İşdə səni görməlidirlər, bəyənməlidirlər və seçməlidirlər. Mənim üçün bundan başqa xətt yoxdur. - Dediniz ki, sizin cameədə hər kəs bir-birinin xətrini istəyir. Açığı, buna bir az inanmağım gəlmir. Obrazlı desəm, tarix boyunca bu cameədə sanki hər kəs bir-birinə əks getməyə daha çox meyillidir, nəinki xətir istəməyə... - Çevrəmdə olanlara - aktyorlar, aktrisalar, rejissorlar, ssenaristlər, jurnalistlər, ümumiyyətlə, ətrafımdakı hər kəsə - əgər kiməsə dost, tanış və ya yaxın insan deyirəmsə, deməli, onlar mənim üçün doğrudan da elədirlər. Bilirəm ki, onlar məni görürlər də, sayırlar da, istəyirlər də. Mən də eyni qarşılığı verirəm, çünki başqa cür mümkün deyil. - Sizi istəməyənlər yoxdur yəni? - Əlbəttə, var. Amma onlar artıq mənim yaxın çevrəmdə deyillər. Hətta bizim cameədən olsalar belə, sadəcə kənardan tanıdığım insanlardırlar. Bizim ünsiyyətimiz isti ola bilməz - uzaqbaşı Allahın salamını verə bilərik. - Ola bilərmi ki, sizə hansısa təklif gəlib, bayaq sadaladığınız səbəblərə görə imtina etmisiniz və sonra iki rejissor söhbət edəndə biri digərinə tövsiyə edib ki, Vəfanı çağırma, çox kaprizlidir? - Ola bilər yox, çox olub. Ümumiyyətlə, mənim haqqımda belə bir şayiə gəzir ki, guya həddindən artıq kaprizli aktrisayam və hansısa çəkiliş meydançasında olsam, bütün heyəti bezdirərəm, böyük tələblər qoyuram. Əvvəllər bu məni qıcıqlandırırdı. Fikirləşirdim ki, niyə haqqımda belə düşünürlər, axı o cür deyiləm. Amma açığı, indi bundan zövq alıram. Qoy elə belə düşünsünlər. (gülür-red.) - Akademik Milli Dram Teatrının səhnəsindən kənarda özünüzü necə təsəvvür edirsiniz? Hesab edin ki, bir gün sizə deyirlər ki, artıq burada işləmirsiniz... - Çətin sual oldu. Hətta sualın əvvəlini başqa cür başa düşdüm. Cavab vermək istəyirdim, sonra davamını gətirdiniz və gördüm ki, başqa sualdır… Doğrudan da çox çətin sual oldu… Bir cümlə ilə desəm, bu, mənim üçün yəqin ki, dəhşət olar, çünki özümü teatrsız təsəvvür etmirəm. Təbii ki, başqa teatrlar da var və şübhəsiz ki, hansısa teatr mənə qapısını açacaq. Amma o söz mənə deyilsə, həmin an reaksiyamın necə olacağına dair suala birmənalı cavab verməyə çətinlik çəkirəm. Bəlkə normal həyatımı davam etdirərəm, bəlkə depressiyaya düşərəm, bəlkə də çox sərt reaksiyalar verərəm. Həqiqətən bilmirəm. Necə deyərlər, Allah yazıbsa, pozun. (gülür-red.) - Bəs bu qadağa sizə ailəniz tərəfindən qoyulsaydı? Deyə bilərsiniz ki, qoyulsaydı bu günə kimi qoyulardı, amma həyatda hər şey ola bilər. Belə bir seçim qarşısında qalmısınızmı: ailə, yoxsa səhnə? - Xeyr, belə bir seçim qarşısında qalmamışam heç vaxt. Amma həmişə demişəm ki, seçim etməli olsam, ailəmi seçərdim. Bu sözü bu qədər rahat deməyimin səbəbi də ilk gündən ailəmin mənə dəstək olmasıdır. Heç vaxt sənətimlə ailəm arasında qarşıdurma yaşanmayıb. - İki övladınız var. - Bəli, 27 yaşında iki qızım var - Səbinə və Lalə. - Xəyalınızdan keçibmi qızlarınızı da aktrisa kimi görəsiniz? - Yox, keçməyib. Hətta belə bir dövr olub. Onların bu sahəyə müəyyən maraqları yaranmışdı. Onlara bu sənətin çətinliklərini, rahat tərəflərini, mənfisini, müsbətini olduğu kimi izah etmişəm. Açığı, özüm aktrisa olmalarını istəməsəm də, seçimlərinə qarışmamışam. Sadəcə hər şeyi izah etmişəm. Nəticədə özləri qərara gəliblər ki, başqa sahələrə yönəlsinlər. Hazırda fərqli sahələrdə çalışırlar, öz işlərindən zövq alırlar, mən də bundan rahat oluram. Teatrda işləsəydilər bəlkə də heç kimə lazım olmayacaqdılar, aylarla oturub rollar gözləyəcəkdilər. Mənim özümdə az olmayıb, teatrda oturub illərlə rol gözləmişəm. Aylar demirəm ha, illərlə. Zaman olub ki, kimlərinsə xoşuna gəlməmişəm, çünki sözü özümdə saxlayan deyiləm, söz gəldisə, deməliyəm və onu dediyimə görə də illərlə rol almamışam… - Bu gün 20 yaşlı Vəfa Zeynalova ilə üz-üzə gəlsəydiniz, yolunu hansı istiqamətdən salmasını istəyərdiniz? - Əgər sənət və karyera baxımından deyirsinizsə, təbii ki, öz sənətimi seçərdim. Hərçənd bu sənətə tam təsadüfən, özüm də bilmədən, sevmədən gəlib çıxmışam. Bu sənətə gəldiyim ilk gündən teatr, rejissorlar üzərimə elə böyük məsuliyyətlər qoydular ki... Təsəvvür edin, ölkənin bir nömrəli - ana teatrında birinci kurs tələbəsini dərhal işə götürdülər, televiziyada ilk serialda baş rol aldım. (Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" romanının motivləri əsasında çəkilən "Taleyin qisməti" filmində Lamiyə obrazı" - red.) Bu, həm şans, həm də böyük məsuliyyət idi. Bir gecənin içində tamaşaçıların sevgisini görmək və bir anda anlamaq ki, hansı yükün altına girmisən. Həmin an anlamışam ki, artıq geriyə yol yoxdur. Bu məqamda artıq deyə bilməzsən ki, mən bura təsadüfən gəlmişəm. İndi buyur, özünü təsdiqlə. Nə edirsən et, bu insanların sevgisinin haqqını ver və təsdiqlə. Şükürlər olsun ki, tamaşaçı məni qəbul etdi və sevdi. - Aktrisa olmağınız səhnədən kənarda da köməyinizə gəlib? -Etiraf edirəm ki, bəli, gəlib. (gülür-red.) - Demək, real həyatda da rol oynamısınız? - Bəli. Bəzən məcbur qalıb müəyyən vəziyyətlərdə rol oynamışam. Həmişə deyirəm ki, mən aktrisayam. Əslində, hər bir insanın içində bir "oynamaq xətti" var. Sadəcə, biz bu baxımdan seçilmiş insanlarıq. Xoşbəxtik ki, böyük səhnələrimiz, ekranlarımız var və o hissi, o enerjini sənət vasitəsilə ortaya qoya bilirik. Bəzən zarafatla deyirəm ki, vay o insanların halına ki, içərilərindəki həmin hissi çıxarmağa yerləri yoxdur. Ona görə də həyatda oynamağa başlayırlar. Amma bir həqiqət də var ki, müəyyən situasiyalarda insan istəsə də, istəməsə də rol oynamaq məcburiyyətində qalır. Həyatın özü bəzən bunu tələb edir. - Bağışlayansınız? - Sadəcə söz kimi desəm, söyləyəcəyəm ki, yox, bağışlamıram, amma təcrübə göstərir ki, artıq bağışlayıram. - Günahı, səhvi özünüzdə görəndə, haqsız olduğunuzu biləndə o cəsarətiniz varmı gedib deyəsiniz ki, əslində məsələ məndən qaynaqlanmışdı? - … (düşünür - red.) Bunu özümdə tərbiyələndirirəm (gülür - red). - Məsələn, nə edirsiniz o situasiyada? - Həmişə düşünürdüm ki, kiminsə xətrinə dəyəndə ondan üzr istəməyəcəyəm, çünki bu, mənim eqoma toxunacaq. Amma insan yaşa dolduqca fikirləri də, dünyaya baxışı da dəyişir. Düşünürəm ki, artıq bəlli bir yaşa gəlmişəm, əvvəl öz səhvini qəbul etməyi, kimdənsə üzr istəməyi onun qarşısında alçalmaq kimi qəbul edirdim. Niyə belə düşünürdüm, onu da bilmirəm. Lakin artıq bu yaşda başa düşürəm ki, əsla belə deyil - nə qədər çətin olsa da, insan üzr istəməyi də, səhvini etiraf etməyi də bacarmalıdır. Hər bir halda demək olar ki, bağışla, səhv məndə idi. Bu, çətin məsələdir ha, sizə asan gəlməsin, hələ mənim kimi bir insan üçün dəhşətli dərəcədə çətindir. (gülür - red.) Amma indi mən bunu edə bilirəm və bu, məni sevindirir. Demək, mən özümü bu tərəfdən tərbiyələndirə bilmişəm. - Vəfa xanım, sizə mane olan, qarşınızı bilərəkdən və bilməyərəkdən kəsən, hansısa planlarınızın alt-üst olmasına səbəb olan insanlar varmı ki, sizinlə üz-üzə gələndə, heç nə olmamış kimi, çox normal danışırlar, gülürlər. Və əslində onların sizə münasibətində pərdə arxasında nə olduğunu bildiyiniz halda onlarla qucaqlaşırsınız, öpüşürsünüz. Mövcuddurmu belə insanlar? - Bəli, təəssüf ki var... - Bu gün o insanlara verəcək bir mesajınız varmı? - Düzünü desəm, heç bir mesajım yoxdur. Düşünürəm ki, onlar mənim mesajımı çoxdan alıblar. Çünki onların gözünün içinə baxmağı və heç nə olmamış kimi gülməyi öyrənmişəm. Belə deyim, öz xoş rəftarımla mesajımı ötürmüşəm ki, özünüzü yormayın - əgər mən nəyisə edəcəyəmsə, o məndə alınacaqsa, siz mənə heç cürə mane ola bilməyəcəksiniz. Yox, əgər nəyisə edirəm və alınmırsa, bu da sizin "əməyiniz" deyil - sadəcə məndə alınmadı və çəkildim qırağa. Bu gün mən bunları onların gözünün içinə baxa-baxa, gülə-gülə, zövqlə deyirəm. Mənə elə gəlir ki, əgər onlar məni tanıyırlarsa, artıq özləri də bilirlər ki, nə deyirəm... Geri qayıt |