Əsas Səhifə > Güney Press > Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs

Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs


Bu gün, 09:59

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Amil Hacızadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 19 iyun 2023-cü il tarixdə saat 22:30 radələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Kral" çay evinin ikinci mərtəbəsində baş verib.

Belə ki, Amil Hacızadə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində çay evində olarkən heç bir əsaslı səbəb olmadan oradakı şəxslərin gözü qarşısında aqressiv davranışlar nümayiş etdirib. O, özünü ətrafdakılardan üstün tutaraq ictimai qaydalara və cəmiyyətdə qəbul olunmuş davranış normalarına açıq etinasızlıq göstərib, mübahisəyə səbəb olan hərəkətlər edərək ictimai asayişi kobud şəkildə pozub.

İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs davranışlarını davam etdirərək zərərçəkmiş Mahal Babayevlə (adı, soyadı şərtidir) münaqişə yaradıb. Daha sonra Amil masanın üzərində olan şüşə pivə bakalını götürərək onu silah qismində istifadə edib və qəsdən zərərçəkmiş şəxsin baş nahiyəsinə zərbə endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, hadisə nəticəsində zərərçəkmiş şəxsə ənsə nahiyəsinin kəsilmiş yarası, sol çiyin və sol diz oynağı nahiyələrində qançırlar, eləcə də sol bud nahiyəsində sıyrıqlar yetirilib. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vuran xəsarətlər kimi qiymətləndirilib.

İstintaq orqanı təqsirləndirilən şəxsin hərəkətlərini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və vətəndaşa zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq əməli kimi qiymətləndirib. Şüşə pivə bakalından silah qismində istifadə olunması da cinayətin ağırlaşdırıcı halları sırasında göstərilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Amil Hacızadə 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökm elan olunarkən məhkəmə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq və məhkəmə baxışı dövründə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirini ləğv edib, onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. Amil Hacızadə məhkəmə iclas zalındaca həbs olunaraq cəzasını çəkmək üçün penitensiar müəssisəyə göndərilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edib.


Geri qayıt