|

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və qanunsuz olaraq silah saxlamada təsirləndirilən Amil Surxayevin cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmə istintaqı zamanı ittiham aktı elan olunub.
İttihama görə, Amil Surxayev zərərçəkmiş, MMA üzrə məşqçi Orxan Hacıyev arasında əvvəllər şəxsi münaqişə olmayıb. Lakin bir neçə il əvvəl zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin qardaşı Ruslan Surxayevi öldürdüyünə görə məhkum edilib. Amil həmin cəzanın ədalətli olmadığını düşünərək Orxanın cəza müddətinin başa çatmadan azadlığa çıxmasını qəbul etməyib və onu öldürmək qərarına gəlib.
Cinayət materiallarında qeyd edilib ki, 2025-ci ilin mart ayında televiziyada yayımlanan kriminal verilişdə, eləcə də "YouTube" və "TikTok" platformalarında qardaşının qətlə yetirilməsi ilə bağlı istintaq görüntülərini izləyən təqsirləndirilən şəxs sosial şəbəkələrdə mərhum qardaşı haqqında nalayiq rəylərin yazıldığını görüb. O, həmin paylaşımlarda Orxanın da şərh yazmasını və qardaşını müdafiə etməməsini özündə qıcıq və qisas hissi yaratdığını bildirib.
İstintaqın müəyyən etdiyi hallara görə, Amil əvvəlcədən əldə edib qanunsuz saxladığı ov tüfəngini götürərək Şamaxı rayonuna gəlib. O, silahı atasına məxsus evin həyətində yerləşən tikilidə gizlədib və bir neçə gün ərzində Orxanın yerini müəyyən etməyə çalışıb. Amil beş gün ərzində müxtəlif ərazilərdə zərərçəkmişi izləyib, onun hərəkətlərini müşahidə edib və münasib şərait yaranmasını gözləyib. Nəhayət, hadisə günü Orxanın avtomobilini Şamaxı şəhərində fərdi yaşayış evinin qarşısında görərək yaxınlıqda gizlənib və evdən çıxmasını gözləyib.
Axşam saatlarında zərərçəkmiş iki nəfər tanışı ilə birlikdə evdən çıxıb. Amil əvvəlcə onların uzaqlaşmasını gözləyib, Orxanın tək qaldığına əmin olduqdan sonra əlindəki odlu silahı atəşə hazır vəziyyətə gətirib sürətlə ona yaxınlaşıb və yaxın məsafədən atəş açıb.
Atəş nəticəsində zərərçəkmiş qarın boşluğuna nüfuz edən, daxili orqanların zədələnməsi ilə müşayiət olunan ağır güllə yarası alıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İttihama əsasən, təqsirləndirilən şəxs bununla həm qəsdən adam öldürmə, həm də qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə cinayətini törədib.
Məhkəmədə ifadə verən Amil Surxayev ittiham üzrə özünü tam təqsirli bilib. O deyib ki, cinayəti törətməsinin əsas səbəbi zərərçəkmişin bir neçə il əvvəl qardaşını öldürməsi olub.
Təqsirləndirilən şəxsin sözlərinə görə, qardaşı Ruslan Surxayev öldürüldükdən sonra ailəsi məhkəmənin təyin etdiyi cəzanı ədalətli hesab etməyib. Orxan Hacıyevin azadlığa çıxmasını eşitdikdən sonra isə onu öldürmək qərarı verib.
Amil deyib ki, sosial şəbəkələrdə qardaşı haqqında yazılan təhqiramiz şərhlər və zərərçəkmişin həmin paylaşımlarda qardaşını müdafiə etməməsi onda qisas hissini daha da gücləndirib. O qeyd edib ki, hadisədən əvvəl bir neçə gün ərzində zərərçəkmişi müxtəlif yerlərdə izləyib, lakin insanların çox olduğu məkanlarda cinayəti törətməyib. Hətta idman zalının qarşısında uşaqların olduğu üçün atəş açmaqdan imtina etdiyini deyib.
Təqsirləndirilən şəxs ifadəsində vurğulayıb ki, hadisə günü Orxanın avtomobilini təsadüfən gördükdən sonra onun çıxmasını təxminən 20-30 dəqiqə gözləyib. Zərərçəkmiş dostları ilə sağollaşdıqdan və avtomobilinə yaxınlaşdıqdan sonra ona təxminən iki metr məsafədən atəş açıb.
Eyni zamanda Amil bildirib ki, silahda iki patron olub. Birinci patron açılaraq Orxana dəyib, ikinci patron isə işləməyib. Hadisədən dərhal sonra ərazidən uzaqlaşaraq polis əməkdaşlarına yaxınlaşıb, silahı könüllü təhvil verib və "Orxanı öldürmüşəm" dediyini söyləyib.
Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs deyib ki, zərərçəkmişlə əvvəllər şəxsi düşmənçiliyi olmayıb. Onu yalnız qardaşının ölümünə görə məsul şəxs kimi tanıyıb. Silahı isə qardaşı öldürüldükdən sonra onun evindən götürdüyünü, əvvəlcə Masazırdakı evində, daha sonra isə Şamaxıda atasının evində gizlətdiyini deyib.
Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olmadığını da açıq şəkildə bəyan edib. O bildirib ki, "heç bir kişi qardaşının ünvanına yazılan söyüşlərə dözməz" və hadisəni törətməsinin əsas səbəbinin Ruslanın qisasını almaq olduğunu düşünür.
Mərhumun hüquqi varisi isə ifadəsində təqsirləndirilən şəxsi əvvəllər tanımadığını bildirib. O qeyd edib ki, hadisə barədə ona telefonla məlumat verilib və xəstəxanaya çatanda artıq oğlunun vəfat etdiyini öyrənib.
Hüquqi varisin sözlərinə görə, mərhum ailəsinin gözü qarşısında odlu silahla qətlə yetirilib. O, hadisə zamanı Orxanın həyat yoldaşının iki aylıq hamilə olduğunu, ailənin bu xəbəri gizli saxladığını bildirib.
Hüquqi varis məhkəmədə Amildən şikayətçi olduğunu, onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istədiyini deyib. O, həmçinin hadisədən əvvəl təqsirləndirilən şəxsin Orxanı bir neçə dəfə hədələdiyini də məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmənin hökmü ilə Amil Surxayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: MMA üzrə məşqçi Orxan Hacıyev Amil Surxayevin qardaşı Ruslan Surxayevi 2020-ci ildə Şamaxıda “Yeddi Gümbəz” qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi həmin Məcəllənin 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Orxan Hacıyevin əməli 123.1-ci (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəyə tövsif edilib və onun 2 il cəza müddəti 1 il 6 aya salınıb. İstintaq və məhkəmə dövründə təqsirləndirilən şəxs bu cəzanı çəkdiyindən məhkəmə zalından azadlığa buraxılmışdı.
Xatırlatma: Mərhum Ruslan Surxayev də tanınmış idmançı idi. O, sərbəst güləşçi gənclər arasında Avropa çempionu, yeniyetmələr arasında Avropa birinciliyinin qalibi, dünya birinciliyinin isə gümüş mükafatçı olmuşdu.
Geri qayıt
|