Əsas Səhifə > Güney Press > Ucuz neft Azərbaycana problem yaradacaq?
Ucuz neft Azərbaycana problem yaradacaq?Bu gün, 14:01 |
|
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,88 dollar ucuzlaşaraq 72,46 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,34 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İran-ABŞ anlaşması neft bazarında ucuzlaşmanı sürətləndirir. O qeyd edib ki, neft bazarında ucuzlaşma tendensiyası davam edəcək: ““Azeri Light” neft markasının qiyməti ayrıca müəyyənləşdirilmir. Dünya bazarında qiymətlər etalon (brend) neft markalarına əsasən formalaşır. Hazırda İran-ABŞ anlaşması, axsaq da olsa, irəliləyir. Bu səbəbdən də Hörmüz boğazı demək olar ki, açılıb və nəticədə neft qiymətləri kəskin şəkildə enməyə başlayıb. Hətta bundan da aşağı qiymətləri görəcəyimiz çox güman edilir”. İqtisadçı əlavə edib ki, neftin qiymətləri hələlik Azərbaycan üçün ciddi risk yaratmır: “Təbii olaraq, dünya bazarında neftin qiyməti düşürsə, bütün markalı neftlərin, o cümlədən “Azeri Light” markalı neftin də qiyməti aşağı düşür. Hələlik bu, ciddi problem hesab edilmir. Qiymətlər dövlət büdcəsində nəzərdə tutulandan hələ də yüksəkdir. Buna görə də hazırkı mərhələdə Azərbaycan üçün hər hansı ciddi problemin yaranacağı gözlənilmir”. Natiq Cəfərli vurğulayıb ki, neft qiymətləri ilin əvvəlindən Azərbaycan üçün əlverişli olub: “Çünki ilin əvvəlindən etibarən neftin qiymətləri kifayət qədər yüksək olub. Hazırda ilin əvvəlindən bəri Azərbaycan neftinin orta qiyməti təxminən 85-90 dollar civarındadır. Bu da kifayət qədər ciddi maliyyə ehtiyatı formalaşdırmağa imkan verir”. Geri qayıt |