Əsas Səhifə > Güney Press > Erməni separatçıları hansı üzlə bəraət istəyirlər?

Erməni separatçıları hansı üzlə bəraət istəyirlər?


Bu gün, 11:20

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın suveren ərazilərində törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş erməni separatçılarının apelyasiya şikayətləri üzrə məhkəmə prosesi davam edir. Son proses zamanı təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin bəraət hökmü çıxarılması ilə bağlı tələbləri diqqət çəkib.

Məhkəmə baxışına çıxarılan şəxslər – Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə sülh və bəşəriyyət əleyhinə cinayətlər, aqressiv müharibənin hazırlanması və aparılması, müharibə qanun və adətlərinin pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlərdə təqsirli bilinərək müxtəlif müddətlərə, o cümlədən ömürlük azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.
Apelyasiya iclasında müdafiə tərəfi hökmün ləğv olunmasını və təqsirləndirilən şəxslər barəsində bəraət qərarı çıxarılmasını istəyib. Təqsirləndirilən şəxslər də vəkillərinin mövqeyini dəstəkləyərək irəli sürülən ittihamlarla razılaşmadıqlarını bildiriblər.
Növbəti məhkəmə iclası iyulun 3-nə təyin olunub.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Arkadi Qukasyan və Bako Saakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, David Alaverdyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Kazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Diqqətçəkən məqamlardan biri də məhkəmə prosesində təqsirləndirilən şəxslərin bütün prosessual hüquqlarının təmin edilməsidir. Onlara ana dillərində tərcüməçilər təqdim olunub, müdafiə hüququ təmin edilib, zərurət yarandıqda dövlət hesabına yeni vəkillər təyin edilib, vəkillərlə məxfi görüş üçün şərait yaradılıb. Bu isə məhkəmə araşdırmasının qanunun tələblərinə uyğun aparılmasına yönəlib.
Müdafiə tərəfinin apelyasiya şikayəti verməsi və hökmün ləğvini istəməsi cinayət-prosessual qanunvericiliyin nəzərdə tutduğu hüquqi mexanizmdir. Lakin bu tələbin əsaslı olub-olmamasına məhkəmə təqdim olunan sübutlar və hüquqi arqumentlər əsasında qiymət verir. Bakı Hərbi Məhkəməsinin hökmü həmin şəxslərin sülh və bəşəriyyət əleyhinə cinayətlər, aqressiv müharibənin aparılması, terrorçuluq və digər ağır cinayətlərdə təqsirli bilinməsi sübuta yetirilib. Bu baxımdan, apelyasiya instansiyasında bəraət tələbi hökmün hüquqi əsaslarının tamamilə aradan qaldırılmasını tələb edir ki, bu da yalnız məhkəmənin qiymətləndirəcəyi hüquqi məsələdir. Nəticə etibarilə, apelyasiya prosesində səsləndirilən bəraət tələbləri hüquqi prosedurun tərkib hissəsi olsa da, onların qəbul edilib-edilməyəcəyini yalnız məhkəmə araşdırmasının nəticələri müəyyən edəcək. Yekun qərar təqdim olunan sübutların, tərəflərin arqumentlərinin və qanunvericiliyin tələblərinin qiymətləndirilməsi əsasında veriləcək.
Məhkum olunmuş erməni separatçılarının apelyasiya instansiyasında bəraət tələb etməsi ictimai müzakirələrə səbəb olub. Əsas sual da budur: çoxsaylı cinayətləri şahidlər vasitəsi birbaşa sübuta yetirildiyi halda, erməni separatçıları hansı üzlə bəraət istəyirlər?

Tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq xarakterli insanlıq əleyhinə və müharibə cinayətləri törətdiyinə görə məhkum olunmuş erməni separatçılarının və onların müdafiəçilərinin verdiyi şikayətlərə baxılması həm beynəlxalq hüququn, həm də ölkə qanunvericiliyinin fundamental prinsipləri baxımından diqqətçəkəndir: “İnsan hüquqlarına dair beynəlxalq sənədlər və Azərbaycan Respublikası Konstitusiyası hər bir şəxsin, o cümlədən xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxslərin məhkəmə müdafiəsi və yuxarı instansiya məhkəməsinə müraciət hüququnu təmin edir. Bu baxımdan apellyasiya instansiyasında işə baxılması hüquqi dövlətin ayrılmaz elementi olmaqla yanaşı, cinayət mühakimə icraatının ədalətlilik və şəffaflıq prinsiplərinin təmin edilməsinə xidmət edir. Dövlət məhz bu yanaşma ilə göstərir ki, ən ağır cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslər belə qanun qarşısında prosessual hüquqlardan məhrum edilmirlər. Beynəlxalq və milli hüquq baxımından belə məhkəmə prosesləri ədalətli məhkəmə araşdırması, müdafiə hüququ, tərcüməçi ilə təmin olunma, vəkillə təmsilçilik və məhkəmə qərarından şikayət vermək hüququ kimi fundamental təminatların praktik reallaşdırılması kimi qiymətləndirilir. Bu təminatların mövcudluğu məhkəmə qərarlarının legitimliyini artırır və sonrakı hüquqi mübahisələr zamanı dövlətin mövqeyini gücləndirir. Bu proses Azərbaycan dövlətinin postmünaqişə dövründə ərazilərimizin uzun müddət işğal altında saxlamış separatçı şəxslərə münasibətdə hüquqi prinsiplərə və mexanizmlərə üstünlük verdiyini nümayiş etdirir. Başqa sözlə, müharibədə qalib gəlmiş dövlət hərbi güc və ya siyasi ritorikadan deyil, təminatlı məhkəmə prosedurlarından istifadə etməklə separatçı şəxslərin məsuliyyət məsələsini hüquqi müstəviyə çıxarır. Bu, beynəlxalq ictimaiyyət üçün də mühüm mesajdır: münaqişə nəticəsində törədilmiş ağır cinayətlərin qiymətləndirilməsi və müvafiq cəzaların təyinin yalnız məhkəmə institutları vasitəsilə həyata keçirilir”.

Hüquqşünas onu da qeyd etdi ki, mahiyyət etibarilə həmin şəxslərin əməlləri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşuna qarşı yönəlmiş cinayətlər, habelə insanlıq əleyhinə və müharibə cinayətləri kimi tövsif edilir:

“Bu əməllərə görə cinayət məsuliyyəti fərdi xarakter daşıyır, yəni hər bir şəxs törətdiyi konkret əməllərə görə məhkəmə tərəfindən cəza alır. Məhkəmənin vəzifəsi törədilmiş əməllərə siyasi qiymət verilməsi deyil, təqdim edilmiş sübutlar əsasında cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verməkdir. Apelyasiya məhkəmənin qərarının siyasi deyil, hüquqi arqumentlərə söykənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan apellyasiya icraatında da hər bir məhkumun şikayətinə ayrıca hüquqi qiymət verilməsi, onun müdafiə hüququnun təmin olunması və irəli sürdüyü arqumentlərin fərdi qaydada araşdırılması hüquqi legitimliyi gücləndirən amillərdəndir. Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi yalnız birinci instansiya məhkəməsinin hökmünü təsdiqləmək və ya dəyişdirmək funksiyasını daşımır, işə mahiyyəti üzrə tam şəkildə baxır. Bu zaman mühakimə olunmuş şəxslərin əməllərinin hüquqi tövsifinin düzgünlüyünü, təqdim edilmiş sübutların verilmiş ittihamları sübut etmək üçün yetərliliyi və mümkünlüyü məsələsini, prosessual normalara və təminatlara əməl olunmasını və işin ədalətli həlli üçün əhəmiyyətli olan digər halların araşdırılmasını həyata keçirir. Belə yanaşma məhkəmə ictimai etimadı artıran əsas mexanizmlərdən biridir".

Hüquqşünas dedi ki, beynəlxalq xarakterli çoxsaylı cinayətlərə görə məhkum olunmuş erməni separatçılarının apelyasiya instansiyasında bəraət istəməsi ictimaiyyət tərəfindən siyasi və mənəvi cəhətdən qınanıla bilər:

"Lakin bu, beynəlxalq və milli hüquq baxımından onların əməllərinin qiymətləndirilməsi, onların prosessual təminatlarının məhdudlaşdırılması üçün yetərli deyil. Əsas məsələ prosesin hüquqi standartlara uyğun aparılmasıdır ki, bu da öz növbəsində həm daxili hüquq sistemi, həm də beynəlxalq hüquqi müstəvidə Azərbaycanın mövqeyini gücləndirən mühüm amildir. Keçid ədaləti adlı bir yanaşma var. Bu yanaşmaya görə silahlı münaqişədən sonrakı dövrdə davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda hüquqi məsuliyyət mexanizmləri vasitəsilə möhkəmləndirilə bilər. Münaqişədən sonrakı cəmiyyətlərdə ən təhlükəli tendensiyalardan biri cəzasızlıq hissidir. Tarix göstərir ki, ağır cinayətlər hüquqi qiymət almadıqda, bu, gələcəkdə yeni zorakılıq risklərini artırır. Əksinə, qanunun aliliyinə əsaslanan mühakimə prosesi həm zərərçəkmişlərin ədalət gözləntilərini təmin edir, həm də gələcək nəsillərə hüququn üstünlüyü barədə aydın mesaj verir. Ona görə də Bakı Apelyasiya Məhkəməsindəki belə proseslər münaqişədən sonrakı dövrdə ədalətin bərpası, cəzasızlığın aradan qaldırılması və uzunmüddətli sülhün hüquqi əsaslarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan bu məhkəmə prosesi vasitəsilə beynəlxalq ictimaiyyətə mühüm mesaj verir. Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir. Münaqişənin yaratdığı ağır humanitar və hüquqi nəticələr silahlı qarşıdurma deyil, məhkəmə institutları vasitəsilə araşdırılır”.


Geri qayıt