Əsas Səhifə > Güney Press > "Avroviziya"dan kuryerliyə
"Avroviziya"dan kuryerliyəBu gün, 17:46 |
|
Azərbaycanı 2013-cü ildə "Avroviziya" mahnı müsabiqəsində uğurla təmsil edən müğənni Fərid Məmmədov uzun müddətdir sənət fəaliyyətindən uzaq həyat sürür. 1991-ci il avqustun 30-da Bakıda anadan olan Fərid Məmmədov orta təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada alıb. Musiqiyə olan marağı onu erkən yaşlarından Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinə aparıb. Burada fortepiano üzrə təhsil alan ifaçı daha sonra Əməkdar artist Aybəniz Haşımovanın rəhbərliyi altında vokal sənətinin incəliklərini öyrənib. Fərid Məmmədovun ən böyük uğuru 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən 58-ci "Avroviziya" Mahnı Müsabiqəsində əldə olunub. "Hold Me" mahnısı ilə çıxış edən sənətçi ikinci yeri tutaraq Azərbaycana 234 xal qazandırıb. Bu nəticə uzun müddət ölkəmizin müsabiqədə topladığı ən yüksək xal göstəricilərindən biri kimi yadda qalıb. Müsabiqədən sonra ifaçının səhnə fəaliyyəti xeyli zəifləyib. O, bir müddət sonra ABŞ-a köçərək ictimaiyyətdən uzaq həyat yaşamağa üstünlük verib. Müxtəlif iddialara görə, Fərid Məmmədov həmin ölkədə bir müddət kuryer kimi də çalışıb. Bu məlumatlar geniş yayılsa da, müğənni onları açıq şəkildə təkzib etməyib. 2016-cı ildə Fərid Məmmədov ABŞ-də Nigar adlı xanımla ailə həyatı qurub. Cütlüyün bu evlilikdən bir oğlu dünyaya gəlib. Sənətçi şəxsi həyatını mediadan uzaq saxlayaraq toy mərasimini də qapalı şəkildə keçirib. Onun yaradıcılığında "Gəl yanıma", "İnan", "Hold Me" və "All I Ask" kimi mahnılar yer alır. 2019-cu ildə Türkiyədə amerikalı müğənni Della Miles ilə eyni səhnəni paylaşsa da, sonradan yenidən sənət fəaliyyətindən uzaqlaşıb. Hazırda Fərid Məmmədov sosial şəbəkələrdə daha çox idman məşqləri, səyahətləri və gündəlik həyatından görüntülər paylaşaraq izləyiciləri ilə əlaqəsini davam etdirir. milli.az Geri qayıt |