Əsas Səhifə > Güney Press > “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm”
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm”Bu gün, 17:38 |
|
“Nə qədər çəkilmişəmsə bəsimdir. Az çəkilmişəm, amma yaxşı filmlərdə rol almışam. Azdan-çoxdan filmdə sözümü demişəm. Bu yaşımda da çəkilmək istərdim. Sənətkarın yaşı olmur. Hər bir yaşda sənətkar kino ilə, rol ilə yaşayır. Bu da təbiidir. Dəvətlər olsaydı əlbəttə ki, çəkilmək istərdim. Bir-iki dəfə dəvət gəldi, səhhətimlə əlaqədar gedə bilmədim. Maraqlı obraz istərdim. Bir çox filmlərə çəkilə bilərdim, amma qoymadılar, mane oldular. Əlbəttə ki, bundan da çox çəkilə bilərdim, amma sən saydığını say, gör fələk nə sayır”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, tanınmış aktrisa Zemfira Sadıqova deyib.
O daha sonra əlavə edib:
“Son illərdə çəkildiyim ən xoşuma gələn filmim “Dmitriyev 86” filmidir. Bu filmdə oğlunun dərdindən özünü unudan və psixoloji vəziyyəti korlanan ana rolunu oynayırdım. “Axırıncı dayanacaq” filmində mənim üçün gözəl bir rol yazılmışdı. Senari elə gözəl yazılmışdı ki, böyük məmnuniyyətlə çəkilməyə razılıq verdim. Sınaq çəkilişlərinə mən də getmişdim. Dedilər ki, “Zemfira xanım rol sizindir, sınağa gəlməyə ehtiyac yoxdur”. Film çəkiləndən sonra orası-burası o qədər kəsildi ki.. Mən vallah xəcalət çəkirəm, utanıram ki, o filmə çəkilmişəm. O filmin adı gələndə utanıram, həmişə o xəcaləti yaşayıram. Yaxşı, gözəl dram yazılmışdı. O dramı komediya etdilər. Rejissor da gərək işində möhkəm olsun, sözə getməsin. Ona deyirdilər ki, gülməli çək, ürəkaçan şeylər olsun. Orada gülməli bir şey yox idi axı. Gözəl aktyor ansamblı var idi. Gülmək yeri deyildi. Senaridə olduğu kimi çəkilsəydi çox maraqlı film olardı”.
Geri qayıt |