Əsas Səhifə > Güney Press > Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydüBu gün, 17:36 |
|
Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Alim Məcidovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib. İttihama əsasən, hadisə 2026-cı ilin iyun ayında səhər saat 09:00 radələrində Ağcabədi rayonu ərazisində yerləşən kənd qəbiristanlıqlarının birində baş verib. Həmin vaxt Alim Məcidovla həmkəndlisi, zərərçəkmiş Musa Yusifov (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Alim Məcidov zərərçəkmiş şəxsin sifət nahiyəsinə yumruqla bir zərbə endirib. Nəticədə Musa alt çənə sümüyünün cismində solda minimal yerdəyişmə, sağ çənə bucağında isə yerdəyişmə ilə müşayiət olunan sınıqlar, həmçinin ağız boşluğunun selikli qişasında qansızmalar alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və qəsdən sağlamlığa az ağır zərərvurma kimi qiymətləndirilib. Hadisədən sonra Alim Məcidov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan zərərçəkmiş Musa Yusifov apellyasiya şikayəti verib. O, şikayətində hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın – azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, eyni zamanda ona dəymiş 3 300 manat maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Musa Yusifov apellyasiya şikayətində bildirilib ki, hadisə günü o, uzun müddət xəstə yatan və sonradan vəfat edən Alim Məcidovun oğlu Saqif Məcidovun (adı, soyadı şərtidir) məzar yerinin müəyyənləşdirilməsi məqsədilə qəbiristanlığa gedib. Mərhumun vəsiyyətinə uyğun şəkildə dəfn olunması məsələsi ilə bağlı fikrini bildirən zaman təqsirləndirilən şəxs əsəbiləşərək “sən kimsən mənim işimə qarışırsan” deyib və sifət nahiyəsinə yumruqla zərbə endirib. Zərərçəkmiş şəxs deyib ki, zərbədən sonra ağzından qan gəldiyini hiss edib, dərhal evə qayıdıb və ardınca Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Şikayətdə həmçinin qeyd olunub ki, Alim Məcidovla heç bir barışıq əldə edilməyib, ona dəymiş ziyan ödənilməyib və buna baxmayaraq, birinci instansiya məhkəməsi yüngül cəza təyin edib. Geri qayıt |