Əsas Səhifə > Güney Press > Sabah 25 ilin qanlı sirri çözülə bilər
Sabah 25 ilin qanlı sirri çözülə bilərBu gün, 14:10 |
|
Azərbaycan məhkəmə tarixində elə cinayət işləri var ki, onlar təkcə ittiham aktı deyil, həm də bir dövrün siyasi və hüquqi portretidir. “Dəyirman Vahid” kimi tanınan iş adamı, 1 saylı Taxıl Məhsulları Kombinatının keçmiş direktoru Vahid Həşimovun cinayət işi də məhz belə dosyelərdəndir. Bu işdə söhbət təkcə bir sifarişli qətldən getmir. Burada sağ qalmış qurban var. Qətlə yetirilmiş keçmiş şərik var. Sonradan öldürülən killer var. İllərlə susdurulduğunu deyən zərərçəkənlər Qərib İbadov var. Və nəhayət, artıq üç ilə yaxındır hökmünü gözləyən bir məhkəmə var... Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə baxılan iş üzrə Vahid Həşimov sifarişçi, uzun illər onun sürücüsü və cangüdəni olmuş Qulu Muxtarov isə sifarişi icraçıya çatdıran vasitəçi kimi ittiham olunur. İş üzrə əsas zərərçəkmiş şəxs 1998-ci ildə ağzından vurulmasına baxmayaraq sağ qalan Qərib İbadovdur. İyunun son günlərində o, ailə üzvləri ilə birlikdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin binası qarşısına gedib. Bu, adi etiraz aksiyası deyildi. Bu, 28 ilə yaxındır güllənin ağrısını bədənində daşıyan bir insanın son ümid harayı idi. Qərib İbadov bildirdi ki, aldığı güllə yarasının fəsadlarını bu gün də yaşayır. Ancaq onu daha çox incidən yarası deyil, ədalətin gecikməsidir. Onun oğlu Samir İbadov isə məhkəmə sədri Rəşad Əliyevlə atası arasında baş vermiş ilginc söhbəti açıqladı. Atasının sədrdən hökmün niyə çıxarılmadığını soruşduğunu deyən Samir İbadovun sözlərinə görə, cavab qısa olub: “Get haqqını bu işi bura göndərənlərdən tələb elə...” Bu cümlə, əgər doğrudan da deyilibsə, bir ailənin yox, bütün cəmiyyətin cavab gözlədiyi suala çevrilir. Çünki söhbət artıq sadəcə məhkəmə prosedurundan getmir. Söhbət 25 ildən artıqdır davam edən sirrdən gedir. İstintaq materiallarına görə, hadisələrin başlanğıcı 1998-ci ilə gedib çıxır. İttihama əsasən, Vahid Həşimov keçmiş şərikləri Qərib İbadov və Ramiz Nadirovun aradan götürülməsi barədə qərar verir. Sifariş onun yaxın adamı Qulu Muxtarov vasitəsilə killer Dadaş Hüseynova çatdırılır. Əvvəlcə Qərib İbadov vurulur. Güllə onun ağız nahiyəsinə dəyir. Həkimlər onun sağ qalmasını möcüzə hesab edirlər. Bir neçə ay sonra isə Ramiz Nadirov öldürülür. Lakin qanlı zəncir bununla bitmir. İstintaqın qənaətinə görə, sifarişləri yerinə yetirən Dadaş Hüseynov sonradan bildiyi sirlərə görə təhlükəyə çevrilir. Daha çox pul tələb etdiyi, sifarişçiləri şantaj etdiyi iddia olunur. Və 2001-ci ilin dekabrında artıq onun özü də öldürülür. Paltarsız meyiti Bakı-Qazax magistralının kənarında dərədən tapılır. Beləcə, cinayət dosyesində üç qanlı epizod bir-birinə bağlanır. Qətlə cəhd, qətl və izi silinən icraçı... Bu adamı kim qoruyurdu? İllərlə ən çox verilən sual da elə budur. Necə olur ki, adı belə ağır cinayətlərdə hallanan şəxs onilliklər boyu hüquqi məsuliyyətdən kənarda qala bilib? Qərib və Gülməmməd İbadov illər boyu verdikləri müsahibələrdə bildiriblər ki, Vahid Həşimov yüksək vəzifəli himayədarlar tərəfindən qorunurdu. Əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, sonrakı dövrdə isə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov bu işə təsir göstərən vəzifəli şəxslər sırasında olublar. Həmin açıqlamalara görə Vahid Həşimov Qərib İbadovu məhkəməyə versə də, məhkəmə onun çıxışlarını böhtan deyil, hüquqi araşdırma tələb edən müraciətlər kimi qiymətləndirərək məsuliyyət tətbiq etməyib. Uzun illər nəticəsiz qalan müraciətlərdən sonra İbadovlar ailəsi Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Məhz bundan sonra düyün açılıb, proses qanuni axarı ilə gedib. 2023-cü ildə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Penitensiar Xidmət birgə bəyanat yayaraq illərlə açılmamış qalan bir sıra xüsusilə ağır cinayətlərin üstünün açıldığını elan edib. Onların arasında Vahid Həşimovun açıq olan, lakin uzun illər hərəkətsiz saxlanılan cinayət işi də var idi. İstintaq nəticəsində Vahid Həşimov və Qulu Muxtarov həbs olunublar. Rəsmən elan olunub ki, cinayətlər zəncirinin üstü açılıb! Ən qəribəsi də bundan sonra başlayır. Cinayət işi 2024-cü ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Aylarla şahidlər dindirilir, sübutlar araşdırılır. 2025-ci ildə ittiham tərəfi çıxış edir. Dövlət ittihamçısı Vahid Həşimovun 13 il azadlıqdan məhrum edilməsini istəyir. Normal hüquqi praktikada bundan sonra hökm oxunmalıdır. Ancaq bu işdə zaman sanki dayanıb. Artıq bir ildən çoxdur hökm elan edilmir. Zərərçəkmiş tərəf də deyir ki, hər dəfə başqa səbəb göstərilir. Bir dəfə vəsatət, başqa bir dəfə hansısa iştirakçının gəlməməsi, növbəti dəfə yeni prosessual məsələ... Lakin nəticə dəyişmir. Hökm oxunmur ki, oxunmur. Və belədə - “məhkəməni kim gözlədir” sualı meydana çıxır. Bu gün artıq əsas sual budur. Əgər dövlətin üç əsas hüquq-mühafizə qurumu cinayətlərin açıldığını bəyan edibsə, uzun illər aparılan istintaq tamamlanıbsa, dövlət ittihamçısı cəza istəyibsə 1 ildir hökm niyə yoxdur? Bu gecikmə doğrudanmı yalnız prosessual səbəblərlə bağlıdır? Ramiz Mehdiyevin məhkəmə zallarının divarlarından nəfəsi hələ çəkilməyib? Bu sualın cavabını ilk növbədə 28 ilə yaxındır güllənin ağrısını daşıyan Qərib İbadov gözləyir. Bu iş Azərbaycan məhkəmə sisteminin 25 ildən sonra keçmişin ən ağır sifarişli cinayətlərindən biri barədə son sözü deyib-deməyəcəyinin sınağına çevrilib. Sabah, iyulun 2-də bilinəcək - 25 il əvvəl başlayan bu qanlı dosye nəhayət bağlanacaq, yoxsa onun üzərində dolaşan kölgələr yenə də hökm kürsüsündən güclü çıxacaq? Musavat.com Geri qayıt |