Əsas Səhifə > Güney Press > Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurmaBu gün, 13:16 |
|
Erməni saxtakarlıqları və tarixi özününküləşdirmə cəhdləri səngimir. Belə ki, bu dəfə də Ermənistan və Polşadan olan arxeoloqların guya “Ararat” vadisi hövzəsində qədim suvarma sistemləri aşkar etməsi barədə məlumat yayılıb. Məlumatda iddia olunur ki, qədim Argiştixinili şəhəri yaxınlığında 2700 ildən çox yaşı olan nəhəng su idarəetmə və suvarma infrastrukturu aşkarlanıb. Bildirilir ki, bu “kəşf” Varşava Universiteti ilə Ermənistan Milli Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən peyk görüntüləri, tarixi hava fotoşəkilləri və digər müasir texnologiyaların köməyi ilə edilib. Araşdırmanın eramızdan əvvəl VIII əsrdə Urartu hökmdarı I Argişti tərəfindən salındığı bildirilən Argiştixinili şəhəri ətrafında aparıldığı qeyd olunur. Tədqiqatçılar landşaft boyunca 1000 kilometrdən artıq su təsərrüfatı izlərinin aşkar edildiyini, bunların arasında qədim kanalların, çay yataqlarının və müasir suvarma sistemlərinin olduğunu bildirirlər. Lakin burada ortaya bir sıra suallar çıxır. Əvvəla, 2700 il əvvəl indiki Ermənistan ərazisində hansı Ermənistan dövləti mövcud idi ki, bu irs “Ermənistanın qədim suvarma sistemi” kimi təqdim olunur? Həmin dövrdə bölgədə Urartu dövləti mövcud idi və tarixçilərin hamısı qətiyyətlə Urartunun ermənilərə dəxliliyi olmadığını deyir. Bəs urartulular kim idi, hansı mədəniyyətin varisləri və daşıyıcıları idilər? Van gölü hövzəsində Urartu abidələrini uzun illər tədqiq edən tanınmış türk arxeoloqu Afif Erzenin “Doğu Anadolu və urartular” əsərində urartuluların mənşəyi və erməni xalqından fərqli etnik mənsubiyyətə malik olmalarından bəhs edilir. O, arxeoloji materiallarla yanaşı, Aşşur mixiyazılı mənbələrinə və linqvistik dəlillərə istinad edərək yazır: “Urartu dilinin nə Sami, nə də Hind-Avropa dili olmayıb, asiatik bir dil olan Hurri dili ilə morfoloji, fonoloji, sintaksis və lüğət tərkibinə görə qohumluq əlaqəsinin varlığı bir çox tədqiqatçılar tərəfindən sübut olunub”. A. Erzen Hurri və Urartu tayfalarının Kür-Araz mədəniyyətinin varisləri olduğunu qeyd edir. Beləliklə, aydın olur ki, erkən Urartu mədəniyyəti Azərbaycan ərazisində formalaşmış Kür-Araz mədəniyyətinin davamı olub. Həmçinin, alman diplomatı, şərqşünası və linqvisti Andreas David Mordtmann 1872 və 1877-ci illərdə çap olunmuş iki iri həcmli məqaləsində Urartu dilinin erməni dili ilə qohumluq əlaqəsini iddia etməyin tamamilə yanlış olduğunu sübut edib. Ermənilərin urartulularla eyni dövrdə Şərqi Anadoluda yaşamadığını e.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində verdiyi məlumat bir daha təsdiq edir. Herodot yazır ki, ermənilər Kiçik Asiyanın qərbində yerləşən Friqiyadan gələn köçkünlər idilər: “Ἀρμένιοι δὲ κατά περ Φρύγες ἐσεσάχατο, ἐόντες Φρυγῶν ἄποικοι.” (Herodotus. Histories., VII, 73.1). İkincisi, haqqında danışılan Argiştixinili şəhəri nədir və harada yerləşib? Tarixi mənbələrə görə, Argiştixinili Urartu hökmdarı I Argiştinin adı ilə bağlı olan şəhərdir. Şəhərin adı da məhz Urartu hökmdarının adından götürülüb. Bu adın erməni mənşəli olması barədə heç bir elmi əsaslandırılmış fakt mövcud deyil. Üçüncüsü, suvarma sistemlərinin mövcudluğu hansısa xalqın və ya dövlətin həmin ərazidə min illər boyu dəyişmədən yaşadığını sübut etmir. Bu baxımdan ortaya haqlı sual çıxır: söhbət Urartu irsinin öyrənilməsindən gedir, yoxsa növbəti dəfə qədim tarixdən istifadə etməklə müasir siyasi iddiaların əsaslandırılmasına cəhd göstərilir? Mövzu ilə bağlı tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə Musavat.com-a danışıb: "Suvarma bizim eradan əvvəl IV minillikdə Mesopotamiyada olub. Ora da Urartu ərazisi deyil. Ermənilərin urartulara heç bir dəxli yoxdur. Urartulara daha yaxın olanlar gürcülər və onlara qohum xalqlardır. Ermənilər isə sonradan gəliblər. Onların mənşəyi hind-Avropa xalqları ilə bağlıdır. Əvvəl Van gölü ətrafına gəliblər, daha sonra isə tədricən indiki Ermənistan ərazisinə köçüblər. Bu proses uzun müddət davam edib. Bura isə əvvəllər Azərbaycan torpaqları olub. Orada əvvəl Urartu, daha sonra isə Albaniya mövcud olub. Orada bəzi vilayət və ərazi adları olub, bəli, Urartu dövrünə aid adlar var. Amma onların ermənilərlə heç bir əlaqəsi olmayıb. Argişti də erməni adı deyil. Bu ad Urartu çarlarından birinin adıdır. Ola bilsin ki, çarın adı ilə hansısa ərazi Argişti adlandırılıb. Amma qeyd etdiyim kimi, bütün bunların ermənilərə heç bir aidiyyəti yoxdur". Geri qayıt |