Əsas Səhifə > Güney Press > Azərbaycan yenə sözünü dedi
Azərbaycan yenə sözünü dediBu gün, 17:11 |
|
İsrail parlamentinin “erməni soyqırımı”nı tanıması yeni bir mənzərə yaradıb. Bu mənzərənin fonunda Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqe xüsusi diqqət çəkir. Eyni zamanda bu hadisələr son illər müxtəlif platformalarda Azərbaycanı “İsrailə yaxın ölkə” kimi təqdim etməyə çalışan dairələrin iddialarını da yenidən müzakirə mövzusuna çevirdi. Digər tərəfdən, bu proseslər Türkiyənin uzun illər Fələstin məsələsində sərgilədiyi ardıcıl siyasi və diplomatik dəstəyin fonunda Ankaranın eyni həssaslıqla qarşılıq görüb-görmədiyi sualını da gündəmə gətirdi. Tarixi faktlar, müxtəlif siyasi əlaqələr və regionun keçmişində baş vermiş hadisələr yenidən xatırlanmağa başladı. Heç şübhəsiz ki, Türkiyə üçün başladılan bu proses yeni siyasi nəticələr doğuracaq. Həmçinin, Azərbaycanın sərgilədiyi mövqe Ankara-Bakı strateji müttəfiqliyinin əsl mahiyyətini bir daha təsdiqləyir. İsrailin qərarı regionda tərəfdaşlıq münasibətlərinə baxışı dəyişəcəkmi?Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərar bu gün regionda gedən daha böyük siyasi hesablaşmanın bir parçasıdır: “Tarix burada sadəcə keçmişin xatırlanması deyil, müasir diplomatiyanın təzyiq alətinə çevrilmiş formasıdır. Əslində, bu məsələ yeni deyil. XIX əsrin sonlarından etibarən “erməni məsələsi” Osmanlı imperiyasına qarşı böyük güclərin istifadə etdiyi siyasi rıçaqlardan biri olub. O dövrdə də məsələ təkcə ermənilərin hüquqları ilə bağlı deyildi. Arxada Rusiya, Fransa, Böyük Britaniya və digər güclərin Osmanlını zəiflətmək, Anadolu üzərində təsir imkanlarını artırmaq hesabları dayanırdı. Yəni bu mövzu tarix boyu humanitar məsələ kimi təqdim olunsa da, çox zaman siyasi təzyiq mexanizmi kimi işlədilib. Bu gün də oxşar mənzərə yaranır. İsrail uzun illər bu məsələdə ehtiyatlı davranırdı. Çünki Türkiyə ilə münasibətlər, Azərbaycanla strateji tərəfdaşlıq və regiondakı güc balansı Təl-Əviv üçün önəmli idi. İndi isə Türkiyə-İsrail münasibətlərində gərginliyin artması, xüsusilə Fələstin məsələsində Ankaranın sərt mövqeyi bu həssas məsələni yenidən gündəmə gətirdi. Burada İsraili sadəcə ittiham etmək yox, onun diplomatik hesabını düzgün oxumaq lazımdır. Təl-Əviv bu addımla Türkiyəyə qarşı ən həssas mövzulardan birini siyasi masaya çıxarır. Amma məsələ ondadır ki, tarix parlamentlərin və hökumətlərin gündəlik siyasi qərarına çevriləndə bu, barışığa yox, yeni qarşıdurmalara xidmət edir. 1915-ci il hadisələri kimi mürəkkəb, tarixi, hüquqi və elmi mübahisə predmeti olan bir məsələnin indiki siyasi gərginliyin içində qərarlaşdırılması regionda etimadı daha da zəiflədir. Azərbaycanın mövqeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakı İsraillə illərdir praqmatik, təhlükəsizlik və enerji maraqlarına söykənən münasibətlər qurub. Amma buna baxmayaraq, Türkiyə ilə bağlı prinsipial məsələdə susmadı. Azərbaycan XİN-in bəyanatı göstərdi ki, Bakı üçün Ankara ilə müttəfiqlik gündəlik siyasi jest deyil, dövlət siyasətinin əsas xəttidir. “Bir millət, iki dövlət” prinsipi bu dəfə də şüar kimi yox, konkret diplomatik mövqe kimi ortaya çıxdı”. Siyasi təhlilçinin sözlərinə görə, bu mövqe Türkiyə daxilində Azərbaycanı “İsrail yanlısı” kimi təqdim etməyə çalışan dairələrə də ciddi cavabdır: “Azərbaycan İsraillə münasibətlərini öz milli maraqları əsasında qurur. Amma bu münasibətlər heç vaxt Türkiyə ilə strateji qardaşlıq xəttinin üstündən keçmir. Bakı bu dəfə də göstərdi ki, onun siyasəti emosional deyil, balanslıdır. Amma bu balansın dəyişməz qırmızı xətti də Türkiyədir. Bu proseslərin baş verməsi fonunda xüsusi diqqət çəkən başqa məqam da var. Türkiyə uzun illər Fələstin məsələsində böyük siyasi yük daşıyıb. Ankara İsraillə münasibətlərini dəfələrlə riskə atıb, beynəlxalq platformalarda Fələstinin mövqeyini müdafiə edib, bunun diplomatik və iqtisadi bədəlini də ödəyib. Amma İsrailin bu qərarı fonunda Fələstin tərəfindən Türkiyəyə eyni səviyyədə açıq və prinsipial dəstəyin görünməməsi Türkiyə ictimai rəyində haqlı sual yaradır: çətin məqamda kimin yanında kim dayanır? Tarixi yaddaşda da bu sualın izləri var. 1970–80-ci illərdə ASALA-nın türk diplomatlarına qarşı törətdiyi terror aktları, Livan mühitində bəzi radikal Fələstin fraksiyaları ilə ASALA arasında mövcud olmuş əlaqələr Türkiyə cəmiyyətinin yaddaşından silinməyib. Bu faktlar bugünkü Fələstin xalqına qarşı ittiham kimi təqdim edilməsə də, bu faktları tamamilə görməzdən gəlmək siyasi sadəlövhlük olar. Tarix bəzən dövlətlərə indiki dostluqların nə qədər möhkəm olduğunu yoxlamaq imkanı verir. Bu hadisə Türkiyə üçün də ciddi dərsdir. Xarici siyasət yalnız dini həmrəylik, emosional yaxınlıq və ideoloji şüarlar üzərində qurula bilməz. Çünki beynəlxalq münasibətlərdə dostluq gözəl sözlərlə yox, böhran anında verilən reaksiya ilə ölçülür. Dövlətlərin yanında duranlar ayrı, tribunadan alqışlayanlar ayrıdır. İsrailin qərarı Ankara üçün narahatedici olsa da, eyni zamanda mühüm bir həqiqəti üzə çıxardı. Türkiyənin regionda ən etibarlı, ən ardıcıl və ən açıq siyasi dayağı Azərbaycandır. Bakı çətin məqamda susmadı. Tərəddüd etmədi. İsraillə münasibətlərin əhəmiyyətini nəzərə alsa da, Türkiyə ilə qardaşlıq xəttinin daha dərin və daha strateji olduğunu göstərdi. Azərbaycan həm də regiona açıq mesaj verdi: Bakı-Ankara xətti dəyişən siyasi konyunkturadan asılı deyil. Bu xətt gündəlik diplomatik hesabların yox, tarixi bağlılığın, strateji təhlükəsizliyin və qarşılıqlı etimadın üzərində dayanır. Bu hadisə bir daha göstərdi ki, real müttəfiqlik sözlə deyil, riskli məqamda ortaya qoyulan mövqe ilə sübut olunur. Azərbaycan həmin mövqeyi ortaya qoydu. Bununla həm Türkiyəyə, həm regiona, həm də Azərbaycanı yanlış təqdim etməyə çalışan dairələrə çox aydın mesaj verdi”. Musavat.com Geri qayıt |