Əsas Səhifə > Güney Press > Güney Qafqazda Rusiya - NATO toqquşması

Güney Qafqazda Rusiya - NATO toqquşması


Bu gün, 11:30

Rusiya Ermənistan hakimiyyətinin əsl niyyətlərini bəyanatlarla deyil, faktiki hərəkətləri ilə mühakimə edəcək. Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib. Medvedyev “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Çarukyanın toxunulmazlığının ləğv edilməsi üçün hazırlanan petisiyanı müxalifətə qarşı yeni bir repressiya mərhələsi adlandırıb.

“Bakı-Xəbər” bildirir ki, “armenianreport” portalı bu fonda yazır: “Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Ermənistanın "NATO-nu dəstəklədiyi" və Qərb tərəfindən Moskvaya təzyiq vasitəsi kimi istifadə edildiyi barədə açıqlamaları o qədər də narahatedici deyil, əksinə çaşdırıcıdır.

Bu, sadəcə Rusiya rəsmilərinin son illərdə tez-tez müraciət etdiyi ənənəvi sərt və hiperbolik ritorika ilə bağlı deyil. Problem daha dərindədir: bu cür açıqlamalar siyasi reallıqla Kremlin çatdırmağa çalışdığı dünya imici arasında bir uçurum olduğunu göstərir. Moskva hələ də qonşu dövlətlərin xarici siyasətini qarşılıqlı maraqlar və suverenliyə hörmət prizmasından deyil, sədaqət və ya sədaqətsizlik prizmasından qəbul etməyə meyllidir. Lakin dünya dəyişir”.

Nəşr yazır ki, Ermənistan NATO üzvü deyil. Üstəlik, hətta alyansa üzvlük üçün namizəd statusuna da malik deyil.

Bəs bu narahatlıq nədən qaynaqlanır? Son hərbi təlimlər niyə Moskvanı qəzəbləndirib?

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a deyib ki, Ermənistan hələ də KTMT üzvü olaraq qalır və de-yure bloku tərk etməyib. Onun sözlərinə görə, Ermənistanın təşkilatın üzvü olduğu halda, Rusiyanın düşməni sayılan NATO ilə təlimlər keçirməsi təbii ki, Kremlin xoşuna gəlmir:

“Rusiya ondan tələb edir ki, KTMT-yə üzvlük haqqını ödəsin. Amma Ermənistan qulaqardı edir və amerikalı hərbçilərlə təlim keçirir. Rusiya çağırış edir ki, blokda qalıb-qalmamaq qərarını versin. Ermənistan yenə də manipulyasiya edir və Paşinyan bildirir ki, KTMT onları tərk edib. Yəni qərarsızlıq və qeyri-müəyyənlik Moskvanı hövsələdən çıxarır. Ona görə də İrəvandan seçim istənilir. Medvedevin xəbərdarlığı da bu qəbildəndir.

Rusiya onunla eyni təşkilatda olan ölkənin addımlarından narazıdır. Ermənistan istisna, heç bir KTMT üzvü NATO ilə belə bir əməkdaşlıq format qurmayıb. Məsələn, Azərbaycana söz deməyə arqument yoxdur, çünki KTMT üzvü deyilik, alyansla əlaqələri necə qurmağı özümüz müəyyənləşdiririk. Ermənistan isə fərqlidir və Rusiya bunu “iki stul” siyasəti kimi qiymətləndirir”.

Hərbi ekspert Ermənistanın tezliklə KTMT-dən çıxacağını gözləmir. Həmsöhbətimiz əlavə edib ki, bu ölkəni NATO-da da gözləyən yoxdur…

Xatırladaq ki, iyunun 18-də keçirilən brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda keçirilən NATO-nun “Eagle Partner 2026” təlimlərini şərh edib. “Ermənistanın KTMT-də üzvlüyünü dondurması və ölkə rəhbərliyinin təşkilatın guya artıq Ermənistandan getdiyini iddia etməsi fonunda NATO-nun “Eagle Partner 2026” təlimləri Rusiyanın narahatlığına səbəb olub”, - rusiyalı diplomat deyib.

Musavat.com


Geri qayıt