Əsas Səhifə > Güney Press > İcra başçıları üçün yaş həddi
İcra başçıları üçün yaş həddiBu gün, 08:21 |
|
Azərbaycanda bir sıra şəhər və rayon icra hakimiyyəti başçıları artıq 65 yaş həddinə çatsa da, onların vəzifədə qalması cəmiyyətdə müzakirələrə səbəb olur. Qanunvericilikdə dövlət qulluğu və pensiya yaşı ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, bu qaydaların icra hakimiyyəti başçılarına necə tətbiq olunduğu sual doğurur. Bəs 65 yaşdan sonra icra başçılarının vəzifədə qalması nə dərəcədə əsaslıdır? Azərbaycanda icra hakimiyyəti başçılarının 65 yaşdan sonra vəzifədə qalması hüquqi baxımdan mümkündür, lakin bu məsələ ictimai və siyasi müstəvidə müxtəlif müzakirələr doğurur. Mövcud qanunvericiliyə əsasən, dövlət qulluqçuları üçün yaş həddi 65-dir. Bununla belə, 65 yaşına çatmış şəxsin dövlət qulluğunda qalma müddəti müvafiq orqanın qərarı ilə hər dəfə bir il olmaqla uzadıla bilər. Qanun bəzi yüksək inzibati vəzifələr üçün bu müddətin daha uzun olmasına da imkan verir. İcra hakimiyyəti başçıları Prezident tərəfindən təyin olunan yüksək vəzifəli şəxslərdir və onların vəzifədə qalması bir çox hallarda yaş amilindən daha çox siyasi etimad və idarəçilik təcrübəsi ilə əlaqələndirilir. Azərbaycan Konstitusiyasına görə, yerli icra hakimiyyəti sistemi Prezidentə tabedir və kadr təyinatları da onun səlahiyyətlərinə daxildir. Nəticə etibarilə, 65 yaşdan sonra icra başçılarının vəzifədə qalması hüquqi baxımdan qanun pozuntusu sayılmır. Lakin bunun nə dərəcədə məqsədəuyğun olması artıq hüquqi deyil, idarəçilik fəlsəfəsi və dövlətin kadr siyasəti ilə bağlı məsələdir. Təcrübə ilə yenilənmə arasında balansın qorunması bu müzakirələrin əsas mövzusu olaraq qalır. “Məsələn, şəxsən mən 65 yaşında insanın məcuburi qaydada təqaüdə göndərilməsinin tərəfdarı deyiləm. Baxın, bu gün dünya nəhəngi hesab olunan ölkələrin (ABŞ, Çin, Hindistan və s.) başında dayanan şəxslərin neçə yaşı var? Yaşın 65-ə çatması insanın kadr kimi yararsız olması anlamına gəlmədiyindən, o, məcburi qaydada təqaüdə göndərilməməlidir. Əgər insan fiziki və əqli cəhətdən tam sağlam və enerjilidirsə, nədən fəaliyyətini davam etdirməsin? Yox əgər 65 yaşa çatmış insanın sağlamlığında problemlər varsa və o fiziki cəhətdən normal fəaliyyət göstərmək qabiliyyətində deyilsə, bu halda həmin şəxs təqaüdə getməlidir, bunun alternativi yoxdur. Azərbaycanda bəzi icra başçılarının 65 yaş həddinə çatmasına baxmayaraq fəaliyyət göstərmələri də heç şübhəsiz dediyim gerçəklərlə bağlıdır. Əgər adamın sağlamlığı yerindədirsə, onun fəaliyyətini davam etdirməsini şərtləndirən digər səbəb, kadr kimi özünü yaxşı göstərməsi ola bilər”. Fikrət Yusifovun sözlərinə görə, çox yaxşı olardı ki, bu yanaşma ölkəmizdə yalnız rəhbər vəzifələrdə çalışanlara deyil, dövlət qulluğunda çalışan digər mütəxəssislərə və aşağı vəzifə sahiblərinə və habelə büdcədən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət işçilərinə də şamil edilsin”. Musavat.com Geri qayıt |