“Krım haqqında danışarkən, çoxları hələ də genişmiqyaslı hücum əməliyyatı, hava desantını və ya yarımadada sürətli bir irəliləyiş təsəvvür edir. Əslində bu gün hadisələr tamamilə fərqli bir məntiqə uyğun olaraq inkişaf edir. Krım tədricən Rusiya üçün təhlükəsiz arxa bölgə olmaqdan çıxır və getdikcə daha çox saxlanması əhəmiyyətli resurslar tələb edən bir əraziyə çevrilir. Ukrayna ardıcıl olaraq yarımadanın özündə deyil, dəstək sistemində: nəqliyyat kommunikasiyaları, yanacaq infrastrukturu, hava hücumundan müdafiə sistemləri, komandanlıq məntəqələri və hərbi logistika üzərində işləyir”.
Bu sözləri 2014-2015-ci illərdə Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini olmuş, ehtiyatda olan general-mayor Viktor Yaqun yazdığı analitik məqaləsində qeyd edib.
General qeyd edib ki, bu strategiyanın əsas məqsədi ərazini nəyin bahasına olursa olsun ələ keçirmək deyil, onun saxlanmasını düşmən üçün mümkün qədər çətin və baha başa gətirməkdir: “Buna görə də əsas hədəflər kurort şəhərləri və ya hətta hərbi bazalar deyil, körpülər, dəmir yolu qovşaqları, yanacaq anbarları və logistika mərkəzləridir. Xüsusi diqqət bütün Krım logistikasının faktiki ürəyi olan Cankoy bölgəsinə yetirilməlidir. Eyni dərəcədə vacib bir göstərici Kerç körpüsünün vəziyyətidir. Sual uzun müddətdir ki, onun fiziki olaraq dayanıb-durması deyil, qoşunların, avadanlıqların və maddi resursların hərəkətini nə dərəcədə effektiv şəkildə dəstəkləyə bilməsidir. Müharibə bizə uzun müddətdir ki, infrastrukturun formal olaraq mövcud ola biləcəyini, lakin strateji əhəmiyyətini itirə biləcəyini öyrədib”.
“Rusiya isə öz növbəsində əlavə hava hücumundan müdafiə qüvvələrini yenidən yerləşdirməyə, obyektlərin təhlükəsizliyini gücləndirməyə və yeni təchizat yolları axtarmağa məcburdur. Bu, cəbhənin digər ərazilərindən resursların yayındırılması deməkdir. Krıma köçürülən hər bir hava hücumundan müdafiə batareyası başqa bir vacib obyekti əhatə etmir. Hər bir əlavə logistika yolu xərcləri artırır və bütün təchizat sisteminin effektivliyini azaldır. Məhz buna görə də bu gün ən real ssenari Krımın tez bir zamanda işğaldan azad olunması deyil, tədricən hərbi və logistika tükənməsidir. Əgər bu tendensiya payız və qış aylarında davam edərsə, Rusiya rəhbərliyi getdikcə hərbi üstünlüklərini tədricən itirən və strateji yükə çevrilən bir ərazini saxlamaq üçün nə qədər resurs xərcləməli olduğu sualı ilə qarşılaşacaq”, - deyə Yaqun vurğulayıb.
Ukraynalı generalın fikrincə, müharibə tarixi dəfələrlə sübut edib ki, cəbhə təkcə qoşunların irəlilədiyi yerdə dağılmır: “Çox vaxt həlledici an logistikanın işləmədiyi zaman olur. Və görünür ki, Krımın gələcəyi uğrunda əsas mübarizə məhz burada gedir”.