Əsas Səhifə > Güney Press > Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi

Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi


Bu gün, 09:18

Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Adil Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.

İttihama görə, Adil Yusifov 2024-cü ilin iyul ayında, saat 12 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Kürdmaşı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığında 7 yaş böyük olan həmkəndlisi, zərərçəkmiş Uğur Rəfiyevlə (adı, soyadı şərtidir) ilə görüşüb. Tərəflər arasında mübahisəyə səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən sevdiyi qızla eyni partada oturmamasını və sinifdə yerini dəyişməsini tələb etməsi olub.

Bu səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Adil Uğurun sifət nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi endirib. Zərbənin təsirindən zərərçəkmiş şəxs ciddi xəsarətlər alıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, hər iki burun sümüyünün, sağ əng sümüyünün alın çıxıntısının, sol əng cibinin ön, iç və bayır divarlarının, əsas sümüyün sol böyük qanadının, sol almacıq qövsünün sınıqları, sol gicgah nahiyəsinin səthi yarası, sol gözün ağlı qişasına qansızma və gözətrafı yumşaq toxumaların qançırları kimi həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarətləri yetirilib.

Məhkəmə iclasında ifadə verən Adil Yusifov özünü qismən təqsirli bilib. O deyib ki, Uğur onun sinif yoldaşı və parta yoldaşı olan qızı sevib. Hadisədən əvvəl dəfələrlə Uğur Adilə həmin qızın yanında oturmamağı, yerini dəyişməsini tələb edib. Təqsirləndirilən şəxs qeyd edib ki, bu səbəbdən dəfələrlə təhdid olunub və hətta məktəbə gəlməməsi üçün ona hədə-qorxu gəlinib.

Adil Yusifovun sözlərinə görə, hadisə günü Uğur vasitəçi göndərərək onu görüşə çağırıb. Məktəbdən çıxdıqdan sonra kənd icra nümayəndəliyinin yaxınlığında zərərçəkmiş və onun dostu ilə görüşüb. Görüş zamanı Uğur yenidən qız məsələsini gündəmə gətirib, onun sinifdə yerini dəyişməsini tələb edib və bundan imtina etdiyinə görə hiddətlənərək boğazından tutub.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, həmin vaxt zərərçəkmişin dostu da ona qarşı fiziki zorakılıq tətbiq edib, arxadan tutaraq hərəkət etməsinə mane olub və daşla bel nahiyəsinə zərbə endirib. Bu vəziyyətdə o, özünü müdafiə etmək məqsədilə Uğurun üz nahiyəsinə bir dəfə yumruqla zərbə vurduğunu diqqətə çatdırıb.

Adil daha sonra digər şəxslərin hadisə yerinə gəldiyini, onların tərəfləri ayırdığını və özünün oradan uzaqlaşdığını vurğulayıb.

Məhkəmədə elan olunan ibtidai istintaq zamanı verdiyi ifadəsində də təqsirləndirilən şəxs göstərib ki, zərərçəkmiş şəxs və onun dostu əvvəllər də ona sataşıblar. Adil hadisə günü Uğurun onun boğazından yapışdığını, dostunun isə daşla kürəyindən vurduğunu və məhz bu səbəbdən özünü müdafiə etmək məqsədilə bir dəfə yumruq zərbəsi endirdiyini bildirib.

Təqsirləndirilən şəxs əlavə edib ki, hadisənin əsas səbəbi sinifdə bir qızın yanında əyləşməsi və bu məsələ ətrafında yaranmış anlaşılmazlıq olub. O, zərərçəkmiş şəxsin arxasınca danışmadığını, əksinə, onun haqqında yanlış məlumatların üçüncü şəxslər tərəfindən çatdırıldığını qeyd edib.

Məhkəmə araşdırmaları zamanı həmçinin müəyyən olunub ki, hadisədən sonra tərəflər arasında münasibətlər daha da gərginləşib, Adilin ailəsi ilə Uğur tərəf arasında müxtəlif narazılıqlar yaranıb. Buna baxmayaraq, təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmişi qəsdən öldürmək niyyətinin olmadığını, yalnız özünü müdafiə etdiyini bildirib.


Geri qayıt