Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş

Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş


Bu gün, 11:25

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə Musavat.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

Bəs Qalibaf Bakıya hansı mesajlarla gəlib və səfər nələr vəd edir?

Deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Bu gün də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının Azərbaycanda keçirilməsi mühüm hadisədir və nəzərə almaq lazımdır ki, hazırda dünyada, bizim də aid olduğumuz İslam mədəniyyəti coğrafiyasında çox kritik geosiyasi hadisələr baş verir. İran da bu proseslərin mərkəzindədir. Ona görə həm İslam həmrəyliyi baxımından, həm də yeni əsrdə siyasi proseslərin dinamikasının təhlili baxımından mühüm görüşdür. Ancaq Qalibafın səfərində xüsusi olaraq ikitərəfli münasibətlərə aid ayrıca məqsəd və ya xüsusi gündəlik olduğunu düşünmürəm”.

Deputat deyib ki, Azərbaycan İranın ən çətin vaxtlarında yardım edən ilk ölkə oldu: “Yenə etibarlı qonşu və tərəfdaş olduğunu bir daha sübut etdi. Ona görə İran-Azərbaycan münasibətləri bundan sonra da müsbət dinamika ilə inkişaf etməlidir”.

Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan isə Musavat.com-a bildirib ki, Qalibaf Tehran hakimiyyətində önəmli fiqurlardan biridir: “Təkcə parlament sədri olmaqla deyil, həm də İran hakimiyyətində söz sahibi olan şəxslərdəndir. Bu siyasi xadim SEPAH-ın keçmiş komandanı olub. Deməli, SEPAH daxilində də böyük nüfuza malikdir.

Digər tərəfdən, iki dəfə prezidentliyə namizədliyini irəli sürüb və prezident postuna real iddialılardan biri hesab olunub. ABŞ ilə İran arasında keçirilən son danışıqlarda nümayəndə heyətinə rəhbərlik edib və danışıqların əsas ideoloqlarından biri olub. Bu isə o deməkdir ki, Qalibafın Bakıda keçirilən tədbirdə iştirakı onun siyasi çəkisi və dövlət idarəçiliyindəki mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır”.

S.Soltanın sözlərinə görə, Qalibafın Bakıda İslam Əməkdaşlıq Təşkilatının tədbirində görünməsi İranın son proseslərdə əldə etdiyi nəticələrin nümayişi kimi qiymətləndirilə bilər: “Tehran hesab edir ki, son hadisələrdən üstün mövqedə çıxıb və bu mövqeyi İslam Əməkdaşlıq Təşkilatının tədbirində ifadə etmək üçün Qalibaf Bakıya səfər edib. Qalibaf həm də Cənubi Qafqazda, o cümlədən Azərbaycanda İran tərəfdarı olan, İslam Respublikasını dəstəkləyən qüvvələrə Bakıda görünməklə mənəvi dəstək və ruhlandırıcı mesaj verir. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, İran ayaqdadır və fəaliyyətini davam etdirir”.

Politoloq onu da qeyd edib ki, Qalibafın Bakı səfəri İranın Azərbaycana münasibətdə nümayiş etdirdiyi xoşməramlı yanaşmanın da göstəricisidir: “Azərbaycan humanitar baxımdan İranın yanında oldu. İrana ilk humanitar yardımı da Azərbaycan göstərdi. Bundan başqa, Azərbaycan və İran prezidentləri arasında son zamanlar baş tutan telefon danışıqları və məktublaşmalar münasibətlərin normallaşmağa doğru getdiyini göstərir. Xüsusilə prezident Məsud Pezeşkianın müsəlman və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına dair irəli sürdüyü və həyata keçirdiyi proqram çərçivəsində Azərbaycan-İran münasibətləri inkişaf etməkdədir. Bu istiqamətdə gələcəkdə ticarət əlaqələrinin genişlənməsi, neft-qaz sahəsində əməkdaşlığın artması, hətta ehtimal edirəm ki, ABŞ ilə İran arasında münasibətlərin normallaşacağı təqdirdə, gələcəkdə Zəngəzur yolundan da İranın faydalanacağı istisna deyil. Hər halda, Azərbaycan-İran münasibətləri normallaşmaqdadır”.


Geri qayıt