Əsas Səhifə > Güney Press > Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?”

Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?”


Bu gün, 14:51

Bərdə rayonunda 50 yaşlı kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Ramil keçmiş arvadı Səbinəni (adlar şərti verilib – red.) ona xəyanət etməsində, eyni zamanda ailəsinin dağılmasında, tək qalmasında və uşaqları ilə münasibətlərinin pozulmasında günahlandırıb.

Qisas niyyəti ilə keçmiş arvadını öldürmək qərarına gəlib. 2024-cü il oktyabrın 3-də saat 8 radələrində qadının işlədiyi ticarət mərkəzinə gedib.

Mərkəzdəki mağazaya daxil olan Ramil özü ilə gətirdiyi ov bıçağı ilə Səbinənin bədənin müxtəlif nahiyələrinə zərbələr yetirib.

Ümumilikdə 20 xəsarət alan qadının yerə yıxıldığını görən Ramil onun öldüyü qənaətinə gəlib və mağazadan çıxıb. Əraziyə toplanmış çoxsaylı insanların təcili tibbi yardımın çağırması və həkimlərin səyi nəticəsində qadının həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Ramilin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq silah əldə etmə) maddəsi ilə ittiham elan edilib.

Ramil ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, əvvəllər də Səbinə ilə mübahisələri olub, buna görə işləmək üçün Bakıya gedib: “Səbinə anidən mənə soyuq münasibətlər göstərdi. Daha sonra boşanmaq istədi. Boşanmamaq üçün təkidlər etsəm də, o, fikrindən əl çəkmədi, məndən polisə şikayət etdi”.

Təqsirləndirilən şəxs deyib ki, arabir Bakı şəhərindən rayona gələndə də aralarında dava yarandığı üçün dərhal geri qayıdıb: “Yenidən mobil telefonla Səbinəyə zəng etdim. Boşanmağı onun ağlına kimin saldığını soruşdum, bunun öz düşüncəsi olmadığını bildirdim. Mənə nalayiq ifadələrlə cavab verdi. Səbinənin işlədiyi bazara gedəndə yenidən mübahisə etdik. Mənə dedi ki, kişi olsan, bura gəlməzsən. Başqa söyüşlər də söydü.

Səbinənin ifadələri qüruruma toxundu, ona bıçaqla zərbələr endirməyə başladım. Daha sonra özümə 7 bıçaq zərbəsi vurdum. Qəzəbli olduğum üçün çoxlu sayda bıçaq vurmuşam. Təcili tibbi yardım öncə Səbinəni, sonra məni xəstəxanaya apardı. Mən 14 gün xəstəxanada qaldım”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Səbinə ilə arasında mübahisə qısqanclığa və bazarın müdirinə görə baş verib: “Boşanmamışdan öncə Səbinəyə dedim ki, boşansan, gəlib səni də öldürəcəm, özümü də. Mənim üzərimdə həmişə bıçaq olub.

Hadisə günü mağazaya girdikdə Səbinə arxası mənə tərəf əyilmiş vəziyyətdə mal yerləşdirirdi. Mağazaya xəbərsiz getmişdim. Məni təhqir edəndə əvvəlcə onu təpiklə vurdum, sonra isə bıçaqla zərbələr endirdim. Səkkiz zərbədən sonra öldüyünü ehtimal etdim. Özümə də bıçaqla 7 xəsarət yetirdim”.

İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, mağazada mal yerləşdirən zaman kürək nahiyəsinə zərbə dəydiyini hiss edib: “Geriyə dönəndə Ramili əli havada bıçaqlı görüb qışqırdım. Təxminən 4 zərbədən sonra stol qırıldı və mən stolun altına yıxıldım. Ramil ayaq nahiyələrimə də bıçaqla vurdu, sonra çölə çıxdı, “kim yaxına gəlsə, öldürəcəm” deyə qışqırdı. Polis əməkdaşı gələrək mənə ilkin tibbi yardım göstərdi”.

Zərərçəkmiş bildirib ki, Ramil ona şiddət göstərdiyi üçün boşanıb: “Məni ölümlə təhdid edirdi, niyyəti məni öldürmək idi. Bıçaq vurarkən “mənim itirəcək heç nəyim yoxdur, elə bilirdin, bəzənib ərə gedəcəksən?” deyə ifadələr işlətdi. Mənə heç kim Ramildən ayrılmağım üçün hədə-qorxu gəlməyib”.

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ramil 15 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli müəssisədə çəkilməsi müəyyən edilib.


Geri qayıt