Əsas Səhifə > Güney Press > ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dairBu gün, 13:14 |
|
24 iyunda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bakı Təşəbbüs Qrupundan APA-ya verilən xəbərə görə, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbirdir. Bildirilib ki, konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqiblərə məruz qalmış diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və zərərçəkmiş icmaların nümayəndələri iştirak edəcək. Konfrans iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının – öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılması məsələsini müzakirə edəcəklər. Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi, qeyd olunan pozuntuların BMT və onun aidiyyəti strukturları çərçivəsində beynəlxalq hesabatlılıq və monitorinq mexanizmlərinə çıxarılması, yerində araşdırılması və sənədləşdirilməsi, bu məqsədlə faktaraşdırıcı missiyaların cəlb olunması, eləcə də xüsusi məruzəçilər və digər beynəlxalq mandat sahibləri səviyyəsində araşdırma və hesabatlılıq mexanizmlərinin işlənib hazırlanması imkanları ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə həmçinin, müstəmləkəçilikdən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, xüsusilə, koloniyaların BMT-nin Dekolonizasiya edilməli olan Özünüidarəetməyən Ərazilər siyahısına salınmasının BMT-nin gündəliyinə salınması məsələləri ətrafında müzakirələr aparılacaq. Qeydedilib ki,XX əsr boyunca Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində yerləşən tarixi torpaqlarından bir neçə mərhələdə — 1905–1906, 1918–1920, 1948–1953 və 1987–1991-ci illərdə sistemli şəkildə zorla çıxarılmış və etnik təmizləməyə məruz qalıblar. Bu proses nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salınmış, çoxsaylı insan qətlə yetirilmiş, işgəncələrə və qeyri-insani rəftara məruz qalmış, ailələrin sosial-mənəvi və iqtisadi dayaqları dağıdılıb: “Etnik təmizləmə siyasəti yalnız azərbaycanlı əhalinin fiziki olaraq tarixi torpaqlarından uzaqlaşdırılması ilə məhdudlaşmayıb, eyni zamanda onların əsrlər boyu formalaşmış mədəni, dini və tarixi irsinin silinməsinə yönəlib. Ermənistanda qalan Azərbaycan xalqına məxsus məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər maddi-mədəni irs nümunələri dağıdılmış, təhqir olunmuş və ya mənimsənilmiş, 2000-dən çox Azərbaycan mənşəli toponim dəyişdirilərək erməniləşdirilmiş, bununla da tarixi yaddaşın və bölgənin etnik-mədəni kimliyinin saxtalaşdırılmasına yönəlmiş sistemli siyasət həyata keçirilmişdir. 1951-ci il Qaçqınların Statusu haqqında Cenevrə Konvensiyası qayıdış hüququnu etnik təmizləmə nəticəsində didərgin salınmış şəxslərin hüquqlarının bərpasını beynəlxalq hüququn mühüm tələblərindən biri kimi təsdiqləyir. Bu baxımdan, indiki Ermənistan ərazisindən zorla çıxarılmış Qərbi azərbaycanlıların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz tarixi yurdlarına qayıdışının təmin edilməsi, onların mənzil, torpaq, əmlak, mədəni və dini irs üzərində hüquqlarının bərpası Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti kontekstində qiymətləndirilməlidir”. Geri qayıt |