Əsas Səhifə > Güney Press > Oxuyub-yazmağı bacarmayan 6 şagird

Oxuyub-yazmağı bacarmayan 6 şagird


Bu gün, 08:05

2025-ci ilin 9-cu siniflər üçün buraxılış imtahanlarının təhlili göstərir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər var. Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında dərc olunub. Məlumata görə, imtahan verən 9-cu sinif şagirdlər arasında 6 nəfərin oxuyub-yazmağı bacarmadığı aşkarlanıb. “Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Gəncə, Balakən, Beyləqan, Ağsu, Zərdab və Suraxanı rayonlarının hərəsində 1 nəfər”, - məlumatda qeyd edilib.

Bu statistika tam realdırmı? Yəni, oxumağı və yazmağı bilməyənlərin sayı daha çox ola bilərmi? Səbəblər və çıxış yolları hansılardır?

Təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a deyib ki, qeyd olunan fakt reallıqdır və təkcə altı nəfər deyil, ümumiyyətlə, oxuyub-anlama, oxuyub-yazma ilə bağlı çətinlik çəkən şagirdlər var: “Bu da deməyə əsas verir ki, bəzi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi olduqca sadə bir prosesə çevrilib. Hazırkı təhsil haqqında qanunvericilikdə də qeyd olunduğu kimi, şagirdlər elə fənlər var ki, onlardan "iki" alsalar belə, yenə sinifdən-sinfə keçirilə bilirlər. Əvvəllər belə deyildi. Şagirdlər müvafiq fənlər üzrə qiymətləndirmə zamanı "iki" qiyməti alanda onlar sinifdə qalırdılarsa, növbəti dövr üçün onlar öz həmin fənlə bağlı bilik və bacarıqlarını inkişaf etdirib, ya kafi, ya da yaxşı qiymətlər aldıqları halda növbəti sinfə addımlaya bilirdilər. Amma indi bu belə deyil”.

E.Əfəndi qeyd edib ki, imtahan verməyən şagirdlər var: “İndi bunlar imtahan verdikləri üçün statistik olaraq məlum olur ki, bunların oxuyub-yazma vərdişləri formalaşmayıb. Elələri də var ki, dediyim kimi, imtahana daxil olmur. Ona görə şagirdlərin sayı altı nəfərlə kifayətlənmir, yəni onlarla belə şagird var.
Müxtəlif bölgələr üzrə yəni təkcə burada adı keçən Beyləqan, Balakən, Ağsu, Zərdab, Suraxanı və Gəncə istiqaməti deyil, elə bölgələrimiz var ki, orada da şagirdlərin, dediyim kimi, oxuyub-yazma, oxuyub-anlama ilə bağlı ciddi problemləri var".

Mütəxəssisin fikrincə, bunun səbəbi bəzi hallarda şagirdlərin erkən əmək fəaliyyətinə cəlb olunmasıdır: "Bəzi yerlərdə şagirdlər, demək olar ki, ibtidai təhsildən sonra təhsildə maraqlı olmurlar və onlar tədricən yazı vərdişlərini itirirlər, oxuma, anlama vərdişlərini itirirlər".

Elçin Əfəndi problemin həlli yollarından da danışıb: "Əlbəttə ki, bu, həll olunası bir prosesdir. Həlli qaydası ondan ibarətdir ki, o şagirdlərin valideynləri ilə danışılıb, təhsildən yayınmamalıdırlar. Onlar tədris prosesində mütləq, tədris prosesini bitirənə qədər iştirakçı olmalıdırlar. Bundan əlavə, təşviq etmək istəyiriksə təhsil göstəricilərimiz artsın, qanunvericiliyə müvafiq düzəlişlər olmalıdır və "iki" alan şagird sinifdən-sinfə addımlamamalıdır”.

Ekspert təklif edir ki, qanunvericilikdə ciddi qaydalar müəyyənləşdirilsin.



Geri qayıt