Əsas Səhifə > Güney Press > İranın “neft hücumu” başladı

İranın “neft hücumu” başladı


Bu gün, 17:58

İranın neft ixracında müşahidə olunan son artım dünya enerji bazarında yeni müzakirələrə yol açıb. Hörmüz boğazında gəmiçilik fəaliyyətinin bərpası və Tehrana qarşı tətbiq olunan məhdudiyyətlərin faktiki olaraq yumşaldılması İran neftinin qlobal bazarlara daha sürətlə çıxmasına imkan yaradır. Artıq beynəlxalq media İranın hərbi münaqişənin başlanmasından bəri ən yüksək həcmdə neft ixrac etdiyini yazır.

Ekspertlər hesab edirlər ki, İranın bazara əlavə yüz minlərlə barel neft çıxarması neft qiymətlərinə aşağı yönlü təzyiqi gücləndirə bilər. Bu isə neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olan ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi göstəricilərinə və büdcə gəlirlərinə təsirsiz ötüşməyəcək.

Bəs İran neftinin dünya bazarına daha geniş həcmdə qayıdışı qiymətlərə necə təsir göstərəcək? Neftin ucuzlaşması Azərbaycan büdcəsi və Dövlət Neft Fondunun gəlirlərində hansı dəyişikliklər yarada bilər? Rəsmi Bakı üçün risklər nə dərəcədə ciddidir?

Tanınmış iqtisadiyyat yazarı Dünya Sakit mövzu ilə bağlı Musavat.com-a deyib ki, İran neftinin üzərindən sanksiyaların götürülməsi dünya neft bazarı üçün ciddi siqnaldır: “Doğrudur, hələ ABŞ rəsmi qərar qəbul etməyib, sanksiyalar götürülməyib. Lakin Hörmüz ətrafından blokadanın götürülməsi, İran neftini daşıyan və ABŞ sanksiyası altında olan tankerlərə toxunulmaması göstərir ki, sanksiyaların tam ləğvi uzaqda deyil. Prezident Donald Tramp ötən həftədən bunun anonsunu vermişdi. İran Venesuela və Səudiyyə Ərəbistanından sonra dünyada üçüncü ən böyük neft ehtiyatına malik ölkədir. Onun ehtiyatlarının həcmi 209 milyard barel olaraq qiymətləndirilir. İran son 3 ildə neft hasilatına ciddi yatırımlar edib. Ölkənin Neft Nazirliyi ötən il hasilatın tezliklə gündə 5 milyon barelə çatacağını elan etmişdi. 2025-ci ilin payızında ölkənin xam neft istehsalı gündə 3,25–3,5 milyon barel olaraq qiymətləndirilirdi ki, bu da qlobal istehsalın təxminən 3,5 faizini təşkil edir.

ABŞ Neft İnstitutu və Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, bütün sanksiyalar qaldırılsa, İran hasilatı tez bir zamanda gündə 3,8 milyon barelə qədər artıra bilər. Ölkə sanksiyalar səbəbindən statistikanı gizlədir, buna görə də analitiklər adətən OPEC və tanker izləmə şirkətlərinin dolayı məlumatlarına güvənirlər. Elə bu səbəbdən də ötən ilin ortalarında Tehrandan gündəlik hasilatın 4 milyon bareli keçdiyinə dair verilən açıqlama daha real hesab olunmalıdır”.

İqtisadçı xatırladıb ki, 2018-ci ilin sonlarında İranın neft və qaz sənayesinə tətbiq edilən sanksiyalardan əvvəl neft ixracı gündə 2 milyon barel təşkil edib: “2025-ci ildə tanker izləmə məlumatları gündə 1,5 ilə 1,9 milyon barel arasında olduğunu göstərib. Bu həcmin 90 faizindən çoxu Çinə gedir. Çin isə sanksiyalı nefti aldığına görə ciddi endirim əldə edirdi. İndi sanksiyalar faktiki olaraq qaldırıldıqdan sonra yəqin ki, İran öz neftini dünya bazar qiymətinə sata biləcək. İranın qısa müddətdə gündəlik neft ixracını 400-500 min barel artırmaq imkanı var. Ortamüddətli dövrdə bu həcmin 1 milyon bareli keçməsi mümkündür. İran tərəfi ötən il dəfələrlə hasilatı və ixracı kəskin artırmaq üçün tədbirlər görüldüyünü elan edib.

Aydın məsələdir ki, bazara əlavə neft axınının artması qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Nəzərə alsaq ki, OPEK və OPEK+ alyanslarından çıxan BƏƏ də tezliklə bazara əlavə 400-500 min barel çıxara biləcək, onda qiymətlərin enməsinin daha da sürətlənəcəyini gözləmək olar. Beynəlxalq Enerji Agentliyinə (BEA) görə, 2026-cı ildə qlobal gündəlik neft tələbatı 1,12 milyon barel azalacaq. Halbuki bir ay əvvəl analitiklər gündəlik 418.000 barel azalma gözləyirdilər. Bu, proqnoza 700 000 barel əlavə olunması deməkdir.

Son hesabata görə, agentlik 2026-cı ildə gündəlik neft tələbatının 103,29 milyon barel (əvvəlki qiymətləndirmə: 104,03 milyon barel) olacağını gözləyir. Tələbatın azalması fonunda təklifin artması isə aydındır ki, qiymətləri endirəcək. Əsas məsələ enişin hara qədər gedəcəyidir. Ən azı yaxın 2-3 ay ərzində neft qiymətlərinin ABŞ-İran müharibəsindən əvvəlki həddə düşməsi gözlənilmir: münaqişə dövründə boşaldılan strateji ehtiyatlar bərpa olunacaq. Buna görə də ilin sonuna doğru qiymət enişinin sürətlənməsi daha çox gözləniləndir”.

Dünya Sakitin sözlərinə görə, Azərbaycana bu prosesin təsiri mənfi olacaq: “Dövlət büdcəsi 65 dollarlıq qiymətlə hesablanıb. Mart-may aylarında neft bu həddən az qala 2 dəfə yüksək olub, lakin 5 aylıq büdcə gəlirində proqnozdan çox cüzi artım var. Hökumət mümkün olan bütün istiqamətlərdə xərcləri icra etməməklə əldə olunan gəlirlərin 3 milyard manatdan yuxarı hissəsini ehtiyat kimi saxlayıb. Böyük ehtimalla, iri tikinti layihələrinin maliyyələşdirilməsinə yalnız büdcə üçün təhdid olmadığı təsbit ediləndən sonra başlanacaq. Bu mənada cari ilin büdcəsi neft qiymətinin dəyişikliyindən bir növ sığorta olunub. Neft gəlirlərinin toplandığı Dövlət Neft Fonduna daxilolmalar da azalır - neft hasilatı və ixracının düşməsi mənfi təsirini göstərir”.


Geri qayıt