Əsas Səhifə > Güney Press > “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?”

“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?”


Bu gün, 17:53

“Azərbaycanda partiyalara ayrılan vəsaitlə bağlı rəqəmlər illik vəsaitdir. Bu da onların parlamentdə və seçkilərdə təmsilçiliyindən asılıdır. Biz də əslində ən az Müsavat Partiyası qədər maliyyə almalı idik, lakin sənədləşmədə bəzi çatışmazlıqlar olduğu üçün keçən il maliyyə yardımını ala bilmədik. Bu, təbiidir. Əslində, hər bir partiyanın normal fəaliyyət göstərməsi üçün dövlət tərəfindən illik 30-40 min, yaxud 300 min yox, ən azı 1-2 milyon manat almalıdır. Çünki partiyaların yetmişə yaxın şöbələri, orada gündəlik fəaliyyət göstərən, maaş alan insanlar olmalıdır. Sadalanan rəqəmlər isə çox simvolik rəqəmlərdir. Yeni Azərbaycan Partiyası ilə digər partiyaları bir anlıq müqayisə edin, onda görəcəksiniz ki, nə qədər fərq var...”

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, partiyalar dünyanın hər yerində dövlətdən maliyyələşirlər, çünki qanunvericiliyə uyğun olaraq, partiyaların ticarətlə, biznes fəaliyyəti ilə məşğul olmaları, yaxud qrant almaları, hətta xarici dövlətlərdən maliyyə almaları, sponsorlarla işləmələri, reklam bazarına girmələri qadağandır: “Partiyalar yalnız və yalnız üzvlərin ianə və üzvlük haqları, həmçinin dövlət yardımı hesabına fəaliyyət göstərirlər. Dünyanın hər yerində belədir. Dünyada dövlətlər öz siyasi səhnələrinin təhlükəsizliyini təmin etmək üçün partiyalarını kənar qüvvələrdən maliyyələşmələrinin qarşısını alan qanunlar qəbul ediblər. Azərbaycanda partiyanın real fəaliyyət göstərməsi üçün nə qədər məbləğ lazımdır... Əksinə, açıqlanan rəqəmlər çox şəffafdır. Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb? İşçilər, əməkçilər, pensiyaçılar, həkimlər, müəllimlər... Bu nə yanaşmadır? Onsuz da partiyalar dövlətdən maliyyələşməlidirlər. Dediyim kimi, dünyanın hər yerində belədir. Təəssüf ki, insanlarımız da hələ sovet təfəkküründə qalıblar, dövlətlə hökuməti ayıra bilmirlər. Partiyalar hökumətdən yox, dövlətdən pul alırlar. Sabah hansı hakimiyyət olursa, olsun, öz partiyalarına maliyyə ayırmalıdır və bu maliyyə partiyanın fəaliyyətini təmin etmək üçün yetərli olmalıdır. Bəzi qərəzli dairələr də bunu manipulyasiya edirlər, cəmiyyətdə də birmənalı qarşılanmır".


Geri qayıt