Əsas Səhifə > Güney Press > “Halal” sertifikatı kimlər verə bilər?

“Halal” sertifikatı kimlər verə bilər?


Bu gün, 16:33

“Azərbaycan halal məhsullar istehsalı, emalı və ixracı sahəsində regional liderə çevrilmək, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) məkanında yeni dəyər zəncirlərinin formalaşdırılmasında əsas platformalardan biri olmaq niyyətindədir”.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyatı” adlı Nazirlər Sessiyasında deyib.

O bildirib ki, Azərbaycan yeni formalaşan halal bazar arxitekturasında strateji keçid qapısı rolunu oynamağa hazırdır.

Nazir halal sənayesinin inkişafı üçün bir sıra konkret təşəbbüslər də irəli sürüb:

“Vahid halal sertifikatlaşdırma və rəqəmsal izlənmə platformasının yaradılması vacibdir. İnvestorların ehtiyacı olan əsas məsələ beynəlxalq səviyyədə tanınan vahid və etibarlı standartdır. Azərbaycan bu istiqamətdə liderlik etməyə hazırdır”.

Qeyd edək ki, daixli bazarda son illər "halal" loqosu altında bir çox məhsullar satılır. Həmin məhsulların isə hamısının həqiqətən də “Halal”lığı istehlakçılar tərəfindən heç də birmənalı qarşılanmır.

Azərbaycan halal məhsulların istehsalı, emalı və ixracı sahəsində regional liderə çevrilə biləcəkmi və yenə Qafqaz Müsəlmanları İdarəsi halal sertifikatı verəcək?

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, bir çox dövlət qurumlarının rəhbərlərinin yaxşı fikirləri olur, ancaq onlar biznes qurumları, müvafiq orqanlar tərəfindən adekvat qarşılanmasa, dəstək verilməsə, o xəyal olaraq qalar:

“Qorxuram ki, kənd təsərrüfatı nazirinin təşəbbüsü də xəyal olaraq qalsın. Çünki ölkəmizdə “Halal” sertifikatın verilməsi məsələsi dəfələrlə müzakirə olunub.

Vaxtilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dövründə, yəni 2013-cü ildə “Halal” qidaya dair AZS 731-2012 standartı üzrə ümumi tələblər və təlimatlar hazırlanıb.

2024-cü ildə isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “Halal” qida standartı qəbul olunub.

Zamanında texniki komitənin üzvü olaraq müzakirələrdə iştirak etmişəm, təkliflərimi vermişəm. Təəssüflər olsun ki, təkliflərim qəbul olunmadı. Təklif etmişdim ki, İslam İnkişaf Bankının tələblərinə uyğun olaraq, faizlə banklardan krediti alan müəssisələrə “Halal” sertifikatı verilməsin.

Eləcə də təkliflərin içərisində onurğasızların (zürafə ikidırnaqlıdır) “Halal” olub-olmaması, eləcə də “Halal” sertifikatını verildiyi müəssisələrdə onlayn izləmə sisteminin olması kimi təkliflər vardı”.

Onun sözlərinə görə, illər boyu Azərbaycanda öz maraqları naminə “Halal” sertifikatı verən çox sayda MMC-lər (məhdud məsuliyyətli cəmiyyət), insanlar peyda olub:

“Məhz 8 il bundan öncə, dini qurumların və medianın iştirakı ilə bir neçə müəssisəyə “Halal” sertifikatın verilməsini həyata keçirdik. 2024-cü ildə yeni standart qəbul olunub və hazırda ölkədə çoxsaylı “Halal” adı altında buraxılan məhsullar var.

Dəfələrlə təklif etmişəm ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu işə qoşulsun. Uzun illərdir ki, bu sahədə fəaliyyət göstərən MMC-lər, ictimai təşkilatlar və KİV-in iştirakı ilə təmannasız “Halal” sertifikatının verilməsi həyata keçirilsin, təəssüf ki, bu baş vermir.

Eləcə də “Halal” sertifikatı verən qurumlar Azərbaycanda akkreditasiyadan keçməlidir. Məndə olan məlumata görə, “Halal” sertifikatı verən qurumların heç biri qanunvericiliyə uyğun olaraq akkreditasiyadan keçməyib.

Mən, o zaman kənd təsərrüfatı nazirinin bu işini dəstəkləyərəm ki, bu xəyal olaraq qalmasın. Cəmiyyət əl-ələ verməlidir, mövcud olan, “Halal” sertifikatı ilə məhsul istehsal edən müəssisələr yenidən monitorinq olunmalıdır.

Bir daha qeyd edirəm ki, qanunvericiliyə görə, akkreditasiyadan keçməyən heç bir MMC “Halal” sertifikatı verə bilməz. Bir sözlə, nazirin fikirləri, o zaman real olar ki, bütün cəmiyyətin nümayəndədləri onu dəstəkləsin”.


Geri qayıt