Əsas Səhifə > Güney Press > Azərbaycanda boşanma çətinləşdirilə bilər
Azərbaycanda boşanma çətinləşdirilə bilərBu gün, 16:15 |
|
Azərbaycanda bu ilin ilk 4 ayında 11 min 422 nikaha daxilolma və 6 min 443 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb. Azərbaycanda boşanmaların sayının artması cəmiyyətdə ciddi sosial problemlərdən biri olaraq qalır. Ailədaxili münaqişələr, iqtisadi çətinliklər, erkən yaşda qurulan ailələr, eləcə də dəyişən sosial münasibətlər boşanmaların artmasına təsir göstərən əsas amillər sırasındadır. Son illər bu istiqamətdə qeydə alınan statistika da problemin aktuallığını göstərir və ailə institutunun möhkəmləndirilməsi məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda da ailələrin qorunması məqsədilə boşanma şərtlərinin sərtləşdirilməsi, əlavə hüquqi tələblərin qoyulması mümkündürmü? Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında hüquqşünas Ruslan Mustafayev bildirib ki, mövcud statistika vəziyyətin nə qədər ciddi olduğunu göstərir: "Hər il nikaha daxil olanların sayı azalır, təəssüf ki, boşanmaların sayında isə artım müşahidə olunur. Təbii ki, bunun səbəblərinin araşdırılması istiqamətində müxtəlif tədqiqatlar aparılır və bir neçə amil önə çıxarılır. Bu səbəblər arasında sosial problemlər daha çox vurğulanır. Düşünürəm ki, ailələrin dağılmasının qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi və dəstək mexanizmlərinin yaradılması vacibdir. Bəzi hallarda vətəndaşlar boşanma prosedurunun sərtləşdirilməsini təklif edirlər. Azərbaycanda məhkəmə təcrübəsində boşanma prosesində əsas götürülən məqam nikahın ləğvini tələb edən tərəfin bu qərarda israrlı və qətiyyətli olmasıdır. Yəni burada boşanmanın səbəbləri o qədər də həlledici rol oynamır". Onun sözlərinə görə, bir sıra ölkələrdə boşanmaq istəyən şəxs mütləq şəkildə bunun səbəblərini əsaslandırmalıdır: "Həmin səbəblər ciddi xarakter daşımalı və məhkəmə yalnız bu halda nikahın ləğvi barədə qərar verməlidir. Başqa ölkələrdə də nikahın pozulmasını müəyyən tələblərlə çətinləşdirən mexanizmlər mövcuddur. Ancaq hesab edirəm ki, əsas məsələ boşanma prosedurunun çətinləşdirilməsi deyil. Əgər boşanmaq istəyən şəxslərin birgə yaşayışı artıq mümkün deyilsə və ailəni qoruyub saxlamaq real görünmürsə, prosedurların sərtləşdirilməsi yalnız formal ailələrin yaranmasına səbəb ola bilər. Ailələrin bütövlüyünü qorumaq üçün onların sosial problemlərinin həllinə yönəlmiş layihələrin həyata keçirilməsi daha məqsədəuyğun olardı”. Vəkil hazırda ailələrin dayanıqlığının qorunmasına yönələn sosial tədbirlərin kifayət qədər olmadığını düşünür: “Azərbaycanda ünvanlı sosial yardım proqramı mövcuddur, lakin hər kəs bu yardımdan yararlana bilmir. Bunun üçün müəyyən şərtlər tələb olunur. Məsələn, ailə üzvlərindən birinin rəsmi işləməsi vacibdir. Halbuki real həyatda çalışan insanların əhəmiyyətli hissəsi qeyri-rəsmi məşğulluqla fəaliyyət göstərir və bu səbəbdən sosial yardımdan faydalana bilmir. Düşünürəm ki, ünvanlı sosial yardım alanların əhatə dairəsi genişləndirilməlidir". O qeyd edib ki, yeni qurulan ailələrə dəstəyin göstərilməsi üçün yeni layihələr hazırlanmalıdır: "Ümumiyyətlə, himayəsində azyaşlı uşaqlar olan ailələrin inkişafına və rifahına xidmət edən müxtəlif proqramların həyata keçirilməsinə ehtiyac var. Əlbəttə, bütün məsuliyyəti dövlətin üzərinə qoymaq düzgün olmazdı. Azərbaycanda qeyri-hökumət təşkilatları sektoru da fəaliyyət göstərir və onlar bu istiqamətdə layihələrə daha çox üstünlük verməlidirlər. Dövlət qurumları belə təşəbbüslərin maliyyələşdirilməsinə maraq göstərməli, QHT-lərə də ailələrə dəstək vermələri üçün daha geniş imkanlar yaradılmalıdır. Hesab edirəm ki, bu cür proqramların həyata keçirilməsi nəticəsində zamanla həm qurulan ailələrin sayında artım, həm də boşanmaların sayında azalma müşahidə etmək mümkün olacaq". Geri qayıt |