Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiya Azərbaycanı seçərmi?
Rusiya Azərbaycanı seçərmi?25-06-2014, 12:31 |
![]() Rusiya diplomatiyası Azərbaycan istiqamətində fəallaşıb. Qısa zaman kəsiyində əvvəlcə Bakıya Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, sonra xarici işlər naziri Sergey Lavrov, ardınca isə baş nazirin müavini Dmitri Roqozin gəldilər. Rusiyalı rəsmilərin hərəsinin fərqli mövzusu olsa da, hamısı bir istəyi dilə gətirirdi: “Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasını istəyirik”. Prezident İlham Əliyev hər 3 rusiyalı rəsmiyə “yox” cavabı verdi. Ancaq Azərbaycan hakimiyyəti əlindən gələn hər şeyi edir ki, bu “yox” cavabının qarşılığında Rusiya ilə münasibətlər gərginləşməsin, əksinə, “strateji tərəfdaş” adı verdiyi münasibətlər inkişaf etsin. Hələ ki, bu, rəsmi Bakıya müyəssər olur. Məsələn, Dmitri Roqozin Rusiyanın ən millətçi hakimiyyət mənsublarından sayılır. Roqozin daima ABŞ-ı, Avropanı, Moldovanı, Gürcüstanı və Ukraynanı sərt tənqid edir. Amma heç zaman Azərbaycanın əleyhinə ifadə işlətməyib, əksinə, o, iki ölkə arasında əməkdaşlıqdan məmnun qaldığını ifadə edir. Roqozinlə Əliyev Avropa Şurası Parlament Assambleyasından (AŞPA) tanışdırlar. O zaman Roqozin Rusiya, Əliyev isə Azərbaycan nümayəndə heyətinin rəhbərləri idi. AŞPA-dakı səsvermələrdə Azərbaycan nümayəndə heyətinin Rusiyanı qıcıqlandıracaq sənədlərin lehinə səs verməməsi də Moskvanın xoşuna gəlir. Kreml Roqozinin Əliyevlə yaxın tanışlığından istifadə edərək onu Azərbaycanla hökumətlərarası komissiyanın Rusiya hissəsinin sədri təyin edib. Roqozin eyni zamanda hökumətdə hərbi-sənaye kompleksinə cavabdehdir. Deməli, Roqozin bu sahədə uğur qazanmaq üçün xarici ölkələrə daha çox silah və hərbi texnika satmalıdır. Təsadüfi deyil ki, Roqozin Azərbaycanı Rusiya silahının ənənəvi alıcısına çevirib. Rəsmi məlumatlara görə, son 4 ildə Bakı 3,35 milyard dollarlıq silah ixrac edib, bunun da 80 faizi Rusiyadan alınıb. Bu alğı-satqı həm Moskvaya, həm də Bakıya xeyirlidir. Moskva silah satışından pul qazanır və Azərbaycanın silah bazarını əldən vermir, Bakı isə Rusiyadan silah almaqla qonşusu ilə strateji tərəfdaşlığı yüksək səviyyədə saxlamağa müvəffəq olur, özünü sığortalayır. Beləliklə, rəsmi Bakı Rusiya ilə münasibətləri Gömrük İttifaqı və Avrasiya İqtisadi İttifaqı xaricində inkişaf etdirməyə çalışır. Bakı Rusiyadan silah almaqla yanaşı Rusiyanın müxtəlif regionları ilə iqtisadi əməkdaşlığı genişləndirir. Misal üçün, Bakı Rusiyanın 30 subyekti ilə hökumətlərarası sazişlər imzalayıb və bu coğrafiyanı getdikcə genişləndirir. Azərbaycan hakimiyyəti Rusiyanın müxtəlif şəhərlərində məktəblər tikir, parklar salır, bir sözlə, xeyriyyəçiliklə məşğul olur. Belə bir əməkdaşlıq formatına üstünlük verən Bakının iki məqsədi var. Birinci məqsəd Moskvanın Avrasiya İqtisadi İttifaqı istiqamətindəki təzyiqlərini azaltmaqdır. İkinci məqsəd Moskvanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə həvəsləndirməkdir. Rəsmi Bakı hələ ki, bu iki məqsədinə nail olmayıb. Doğrudur, Moskva Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirir, ancaq Azərbaycanı Avrasiya İqtisadi İttifaqına üzv etdirmək planlarından da əl çəkmir. Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışında da dəyişən bir şey yoxdur. Lavrovun Bakıya səfərindən bir gün sonra xarici işlər nazirinin müavini Araz Əzimov belə ifadə işlətdi: “Azərbaycan bütün istiqamətlərdə bölgənin aparıcı ölkəsidir və Rusiya məhz bizimlə əməkdaşlıqdan faydalana bilər. Ona görə də Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək etməklə daha böyük nəticələr əldə edər”. Araz Əzimovun bu fikrini belə anlamaq olar ki, əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək etsə, Bakı Moskva ilə münasibətləri strateji tərəfdaşlıqdan strateji müttəfiq səviyyəsinə qaldıra bilər. Bu isə Azərbaycanın həm Gömrük İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına yolunu açar. Buna baxmayaraq Kreml Cənubi Qafqazda seçim etməyi düşünmür. Seçim tarixən edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdan sonra dərhal İrəvana getdi. Ümumiyyətlə rusiyalı rəsmilərin və diplomatların Bakıya səfərləri İrəvanı narahat edir. İrəvanda bəziləri elə düşünür ki, Rusiya Azərbaycanla strateji tərəfdaşlığı gücləndirsə, bu, işğal altındakı torpaqların azad olunması yönündə Kremlin Ermənistana təzyiqinə yol açacaq. Ancaq hələ ki, narahatlıq üçün əsas yoxdur. Çünki Kreml Bakı ilə əməkdaşlığı İrəvanla əməkdaşlığa qurban vermir... “Atlas” Araşdırmalar Mərkəzi Geri qayıt |