Əsas Səhifə > Güney Press > ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi

ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi


Bu gün, 16:31

Ermənistan 17-25 iyun tarixlərində öz ərazisində ABŞ ilə birgə keçirilən ənənəvi "Eagle Partner 2026" hərbi təlimlərinə ev sahibliyi edəcək. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub ki, bu il təlimlərə Fransa və Yunanıstandan olan hərbçilər də qoşulacaqlar. Məlumata görə, təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün hazırlıq çərçivəsində keçiriləcək.

Hərbi ekspert Ədalət Verdiyev Sherg. az-a açıqlamasında bildirib ki, təlimlərdə ABŞ, Fransa və Yunanıstan hərbçilərinin iştirakı Ermənistanın Qərblə hərbi əməkdaşlığı genişləndirmək niyyətindən xəbər verir. Onun sözlərinə görə, təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının 250 hərbçisi ilə yanaşı, ABŞ Ordusunun Avropa və Afrika Komandanlığı və Kanzas Milli Qvardiyasından 58, Fransa ordusundan 24, Yunanıstandan isə 11 hərbi qulluqçu iştirak edəcək.

Ekspert bildirib ki, təlimlərin ssenarisi əsasən sülhməramlı əməliyyatların planlaşdırılması və icrası, həmçinin tibbi təxliyə prosedurlarının praktiki şəkildə məşq etdirilməsini əhatə edir: 

“Əsas məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət imkanlarını artırmaq, idarəetmə və rabitə sahəsində təcrübə mübadiləsi aparmaqdır. Ermənistanın beynəlxalq sülhməramlı əməliyyatlar sahəsində ciddi təcrübəsi yoxdur. Bu baxımdan, ev sahibi ölkə kimi Ermənistanın ABŞ, Fransa və Yunanıstan hərbçilərinə təqdim edə biləcəyi böyük əməliyyat təcrübəsi mövcud deyil. Ermənistan bu təlimlər vasitəsilə Rusiyaya da mesaj verməyə çalışır ki, Moskva ilə birgə hərbi əməkdaşlıq olmadan da yeni tərəfdaş və müttəfiqlər qazana bilər. Çox güman ki, yaxın perspektivdə Ermənistan Qərb ölkələri ilə hərbi əməkdaşlığını daha da genişləndirməyə çalışacaq”.


Geri qayıt