Əsas Səhifə > Güney Press > Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı

Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı


Bu gün, 09:31

Ali Məhkəmədə özlərini vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadaraq pullarını mənimsəməkdə təqsirləndirilənlər İlkin Babayev, Eldar Muradov və Mobil Həsənzadənin barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İstintaqla müəyyən edilib ki, İlkin Babayev, Eldar Muradov, Mobil Həsənzadə və digərlərinin qabaqcadan əlbir olub özlərini müxtəlif dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin olunma, hüquq-mühafizə orqanlarında aparılan araşdırmaların dayandırılması, elmi dərəcələrin verilməsi və digər məsələlərin həllində köməklik göstərəcəklərinə dair yalan vədlər verərək ayrı-ayrı şəxslərin ümumilikdə 712 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı vurulmuş ziyanın bir qisminin ödənilməsi təmin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mobil Həsənzadə 7 il 10 ay, İlkin Babayev 8 il 9 ay azadlıqdan məhrum edilib. Eldar Muradova isə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.


Geri qayıt