Əsas Səhifə > Güney Press > Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxırBu gün, 18:39 |
Rusiya və Ermənistan arasında hazırda mövcud olan siyasi-ideoloji gərginlik sadəcə, ikitərəfli münasibətlərdə yaşanan böhran deyil... Yəni, bu "soyuq savaş" əslində, yeni dünya düzəninin postsovet məkanına da sıçrayan ilkin nəticələrinin məhz Cənubi Qafqazdakı real təzahürüdür...Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma israrı və Kremlin “qırmızı xətləri” Ermənistanı artıq geopolitik savaş poliqonuna çevirib. Bu baxımdan, rəsmi İrəvanın Avropa Birliyinə yönəlməsi ətrafında yaranan mübahisələr Cənubi Qafqazda yeni geopolitik qarşıdurma mərhələsinin başladığını göstərir. Hər halda, son vaxtlar rəsmi İrəvan və Brüssel arasında siyasi dialoqun intensivləşməsi, Avropa strukturları ilə əməkdaşlığın genişlənməsi və Paşinyan hakimiyyətinin Qərbə yönəlik bəyanatları regionda güc balansının dəyişmə ehtimallarını artırır. Ancaq Avropa Birliyi daxilindən gələn son açıqlamalar onu göstərir ki, Ermənistanın yaxın perspektivdə bu quruma tamhüquqlu üzv olması hələ də olduqca mürəkkəb və qeyri-müəyyən proses olaraq qalmaqdadır. Belə ki, avropalı siyasətçilərin fikrincə, Ermənistan Avropa Birliyində müəyyən siyasi rəğbət qazanıb və son illərdə qarşılıqlı münasibətlər kifayət qədər inkişaf edib. Bununla belə, Ermənistanın coğrafi mövqeyi, regiondakı təhlükəsizlik problemləri, qonşu dövlətlərlə mürəkkəb münasibətləri və mövcud iqtisadi reallıqları onun Avropa Birliyinə inteqrasiya hədəfini çətinləşdirən əsas amillərdir. Ona görə də, Qərb siyasi dairələrində Ermənistanın 2030-cu ilə qədər Avropa Birliyinə üzvlük ehtimalı real siyasi ssenaridən daha çox uzunmüddətli strateji məqsəd kimi qiymətləndirilir. Halbuki, Qərb siyasi mərkəzləri Ermənistanın bu hədəfini ümumiyyətlə, ideoloji xəyalpərəstlik hesab edirlər. Və onların fikrincə, bu hədəfin nə vaxtsa, reallaşa biləcəyinə ümid bəsləmək müəyyən mənada, sadəlövhlükdən başqa bir şey deyil. Təbii ki, belə vəziyyət Paşinyan hakimiyyətini olduqca mürəkkəb seçim qarşısında qoyur. Yəni, rəsmi İrəvan bir tərəfdən, suveren xarici siyasət kursunu gücləndirmək, digər tərəfdən isə uzun illər formalaşmış Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrini də qorumaq istəyir. Və bu səbəbdən də, rəsmi İrəvanın Kreml ilə münasibətləri tədricən “soyuq müharibə” mərhələsinə keçid etməyə başlayıb. Məsələ ondadır ki, Ermənistan-Rusiya münasibətləri vaxtilə postsovet məkanında ən yaxın müttəfiqlik örnəyi hesab olunurdu. Kreml rəsmi İrəvanın əsas təhlükəsizlik tərəfdaşı, enerji və iqtisadi sahədə isə vazkeçilməz dayağı sayılırdı. Üstəlik, Ermənistan Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) geniş şəkildə faydalanırdı. Ancaq İkinci Qarabağ müharibəsində hərbi məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində Rusiyanın təhlükəsizlik sisteminə yönəlik ənənəvi etimad ciddi şəkildə sarsıldı. Belə ki, rəsmi İrəvan Rusiyanın müttəfiqlik öhdəliklərini tam şəkildə yerinə yetirmədiyini bəyan edərək, Kremlə qarşı sərt ittihamlar irəli sürməyə başladı. Kremldə isə hesab edirlər ki, Paşinyan hakimiyyəti Qərbə yaxınlaşma siyasəti ilə Cənubi Qafqazda mövcud olan geopolitik balansı Rusiyanın əleyhinə dəyişməyə çalışır. Beləliklə də, əvvəlki strateji müttəfiqlik modeli öz yerini qarşılıqlı ittihamlara, siyasi narazılıqlara və Kremlin rəsmi İrəvana yönəlik təzyiq mexanizmlərinə vermiş oldu. Rusiyanın narahatlığının əsas səbəbi isə Ermənistanın Qərbə yaxınlaşma cəhdlərinin yalnız siyasi-diplomatik seçim olmaması ilə bağlıdır. Yəni, Kreml bunu Qərbin postsovet məkanında təsir dairəsinin genişlənmə təhlükəsi kimi qəbul edir. Xüsusilə də, Ukrayna savaşının başlanmasından sonra Rusiya üçün postsovet ölkələrinin geopolitik istiqamət seçimi daha böyük əhəmiyyət daşımağa başlayıb. Ona görə də, Rusiya hazırda Ermənistana qarşı iqtisadi təzyiq vasitələrindən geniş şəkildə istifadə etməyə çalışır. Çünki Ermənistanın Rusiyadan asılı olduğu əsas sahələr sırasında iqtisadiyyat ən ön planda yer alır. Çünki Ermənistanın ixrac bazarları, enerji sektoru, əmək miqrasiyası və maliyyə əlaqələri hazırda məhz Rusiyaya bağlıdır. Bu baxımdan, Kremlin son vaxtlar Ermənistana qarşı müxtəlif iqtisadi məhdudiyyətlər tətbiq etməsi rəsmi İrəvana siyasi mesaj hesab olunur. Və əsas məqsəd Paşinyan hakimiyyətinə Rusiya ilə münasibətlərdə kəskin dönüşün mütləq ağır iqtisadi nəticələrinin olacağı barədə sərt xəbərdarlıq etməkdir. Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin xarici siyasəti son vaxtlara qədər çox mürəkkəb balans oyunları üzərində qurulmuşdu. Rəsmi İrəvan Qərbə yaxınlaşmağa çalışsa da, Kreml ilə açıq qarşıdurmadan da qaçmağa cəhd göstərirdi. Hətta baş nazir Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan heç bir dövlətə qarşı istifadə ediləcək platformaya çevrilməyəcək və rəsmi İrəvan Rusiya ilə münasibətlərin əhəmiyyətini çox yaxşı anlayır. Və eyni zamanda, Paşinyan hakimiyyəti Avropa Birliyi ilə əməkdaşlığı da Ermənistanın dövlət suverenliyinin gücləndirilməsi üçün önəmli istiqamət kimi təqdim edir. Ancaq Paşinyan hakimiyyətinin bu siyasəti qarşısında ən böyük problemi ondan ibarətdir ki, həm Rusiya, həm də Qərb rəsmi İrəvandan artıq daha aydın geopolitik seçim gözləyir. Kremldə hesab edirlər ki, rəsmi İrəvanın Qərbə yönəlik hər bir ciddi addımı Rusiyanın Cənubi Qafqazdakı geopolitik mövqelərini zəiflədir. Və Qərb isə Ermənistanın xarici siyasət dəyişiklikləri ilə bağlı daha konkret addımlar atmasını istəyir. Və bu baxımdan, rəsmi İrəvanın “həm Rusiya, həm də Qərb ilə əməkdaşlıq” taktikası getdikcə, Ermənistan üçün daha qəliz situasiya yaradır. Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi Ermənistan üçün siyasi və iqtisadi alternativ yarada bilər. Belə ki, Qərblə yaxınlaşma xarici investisiyaların artması, hüquqi islahatların sürətlənməsi və Ermənistanın manevr imkanlarının genişlənməsi baxımından, böyük əhəmiyyət daşıyır. Ancaq Avropa Birliyinə üzvlük yalnız rəsmi İrəvanın siyasi istəyindən asılı də deyil. Və xüsusilə də, Ermənistanın coğrafi mövqeyi, regionda hərbi-siyasi gərginlik, rəsmi İrəvanın qonşu dövlətlərlə qəliz münasibətləri, eləcə də təhlükəsizlik problemləri bu prosesi daha da mürəkkəbləşdirir. Digər tərəfdən, Avropa Birliyi üçün də Ermənistanın bu quruma üzvlüyü sadəcə, genişlənmə məsələsi deyil. Yəni, bu, həm də Rusiya ilə gərgin münasibətlər, Cənubi Qafqazdakı hərbi təhlükəsizlik balansı və regiondakı digər geopolitik aktorların reaksiyası ilə bağlı verilə biləcək geostrateji qərar anlamı daşıyır. Göründüyü kimi, Ermənistan ətrafında gedən proseslər əslində, daha böyük geopolitik dəyişikliklərin tərkib hissəsidir. Çünki Cənubi Qafqaz hazırda Rusiya, Avropa Birliyi, ABŞ, Türkiyə və digər regional güclərin maraqlarının kəskin şəkildə toqquşduğu geopolitik məkana çevrilib. Və bu baxımdan, rəsmi İrəvanın qarşısında Ermənistanın təhlükəsizlik və iqtisadi inkişaf modelini hansı qlobal güc mərkəzi ilə tərəfdaşlıq sayəsində yenidən qura biləcəyini müəyyən etmək kimi bir hədəf dayanır. Belə anlaşılır ki, əgər, rəsmi İrəvan Ermənistanın Rusiyadan asılılığını azaltmaq istəyirsə, onda bunun üçün alternativ iqtisadi və təhlükəsizlik mexanizmləri yaratmağa çalışmalıdır. Əks təqdirdə, rəsmi İrəvanın siyasi kurs dəyişiklikləri Ermənistan üçün olduqca ciddi ölkədaxili və xarici təzyiqlər yarada bilər. Və bu baxımdan, Paşinyan hakimiyyətinin yaxın vaxtlarda daha qətiyyətli, həm də prinsipial siyasi qərarlar vermək məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil. Bütün bunlar onu göstərir ki, Rusiya və Ermənistan arasında hazırda mövcud olan siyasi-ideoloji gərginlik sadəcə, ikitərəfli münasibətlərdə yaşanan böhran deyil. Yəni, Rusiya və Ermənistan arasındakı "soyuq savaş" əslində, yeni dünya düzəninin postsovet məkanına da sıçrayan ilkin nəticələrinin məhz Cənubi Qafqazdakı real təzahürüdür. Və Ermənistan isə bu yeni geopolitik oyunda böyük təhlükəsizlik riskləri ilə üz-üzə qalan əsas ölkələrdən birinə çevrilib. Elçin XALİDBƏYLİ, Geri qayıt |