|
Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə Anna Hakopyan illik Qlobal Birinci Xanımlar Akademiyasında iştirak etmək məqsədilə ABŞ-yə səfər edəcək. Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Baş nazirin 11 iyun 2026-cı il tarixində imzaladığı qərara əsasən, Anna Hakopyan 26 iyun – 4 iyul tarixləri arasında keçiriləcək missiya çərçivəsində ABŞ-də olacaq. Tədbirin Nyu-York şəhərində keçirilməsi planlaşdırılır. Qərarda Anna Hakopyanın Baş nazirin həyat yoldaşı qismində səfərə göndərildiyi qeyd olunub. Eyni zamanda, Baş nazir öz aparatına səfərlə bağlı faktiki xərclərin müəyyən olunmuş prosedurlara uyğun şəkildə ödənilməsini təmin etməyi tapşırıb. Bununla belə, ezamiyyət üçün dövlət büdcəsindən ayrılan konkret məbləğ açıqlanmayıb. Qərar Anna Hakopyanın ailə statusu ilə bağlı əvvəlki ictimai açıqlamalar fonunda diqqət çəkib. Belə ki, 17 fevral 2026-cı ildə Anna Hakopyan sosial şəbəkə hesabında Baş nazir Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını bildirmişdi. O, paylaşımında ictimaiyyəti mövzu ilə bağlı təmkinli və nəzakətli olmağa çağırmışdı. Daha sonra, fevralın 27-də yayımladığı başqa bir videoda Hakopyan Paşinyanla münasibətlərinə son qoyduğunu bəyan etmiş, hökumət iqamətgahını tərk etdiyini və kirayə mənzilə köçdüyünü açıqlamışdı. O, həmçinin ipoteka ilə aldığı evin tikintisinin davam etdiyini bildirmişdi. Bununla yanaşı, Baş nazir Nikol Paşinyan 23 aprel 2026-cı ildə jurnalistlərə açıqlamasında ailəsini qorumaq üçün səylər göstərdiyini və münasibətlərə yenidən şans verilməsindən məmnun olduğunu demişdi. Bütün bunların fonunda, 11 iyun tarixli qərarda Anna Hakopyanın “Baş nazirin həyat yoldaşı” kimi göstərilməsi və onun xarici səfərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi ictimai müzakirələrə səbəb ola biləcək məqam kimi qiymətləndirilir. Rəsmi qurumlar isə məsələ ilə bağlı əlavə izahat verməyiblər.
Geri qayıt
|