Əsas Səhifə > Güney Press > İran Xameneini qorumaq üçün ABŞ ilə messencer sxemi vasitəsilə əlaqə saxlayır

İran Xameneini qorumaq üçün ABŞ ilə messencer sxemi vasitəsilə əlaqə saxlayır


Bu gün, 09:38

Rəsmi Tehran və Vaşinqton arasında məlumat mübadiləsi İranın Ali Lideri Müctəba Xameneinin yerini gizli saxlamaq üçün kuryerlərin iştirakı ilə mürəkkəb bir sxem çərçivəsində həyata keçirilir və ölkədə internetlə bağlı problemlər vəziyyətin daha da pisləşməsinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ rəsmilərinə, analitiklərə və öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, amerikalı danışıqçıların təklifləri, çox vaxt İran tərəfinə kuryerlərin iştirakı ilə dairəvi diplomatik kanallar vasitəsilə ötürülür ki, bu da Müctəba Xameneinin harada olduğunu gizlətmək üçündür.
“Mənbələrə görə, ABŞ və İran arasındakı ünsiyyət danışıqlardan daha çox mesaj mübadiləsinin bir neçə gün davam edə biləcəyi ağır bir prosesə bənzəyir. İrandakı müharibə zamanı qeyri-sabit internet bağlantıları işləri daha da çətinləşdirib. Belə ki, bəzən mesajların “WhatsApp” vasitəsilə çatdırılması 48 saata qədər vaxt aparıb”, - nəşr yazır.
İddia edilir ki, Vaşinqtonun mesajları kuryerlərə ötürülməzdən əvvəl Pakistan rəsmiləri vasitəsilə göndərilir və onlar da sözügedən ismarıcları telefon və ya şəxsi səfərlər zamanı Tehrana çatdırırlar:
“ABŞ prezidenti Donald Trampın administrasiyasındakı yüksək vəzifəli bir məmurun sözlərinə görə, ABŞ İranın bütün tələblərini qəbul etsə belə, müqavilənin imzalanması yaxşı halda beş gün çəkəcək”.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov İranın xarici işlər naziri Abbas Əraqçi ilə birbaşa əlaqə saxlayır və ABŞ bu əlaqədən tez-tez istifadə edir.
Qeyd edək ki, ABŞ və İsrailin hücumlarından sonra İran hakimiyyəti təhlükəsizlik səbəbləri ilə xarici veb saytlara və messencerlərə girişi məhdudlaşdırıb. Yalnız çərşənbə axşamı Tehranda beynəlxalq internetə çıxış qismən bərpa edilib.


Geri qayıt