Əsas Səhifə > Güney Press > “Türkmənistan prezidenti məni doğum gününə dəvət etdi,
“Türkmənistan prezidenti məni doğum gününə dəvət etdi,Bu gün, 17:39 |
|
“Bilirsiniz ki, bugünlərdə bir neçə incəsənət nümayəndəsi ilə birlikdə Türkmənistandan səfərdən qayıtmışıq. Türkmənistanda Azərbaycan mədəniyyət günlərinin açılış mərasimi Aşqabad şəhərində baş tutdu. Daha sonra Arkadağ şəhərinə yollandıq. İki dövlətin mədəniyyət və incəsənət xadimləriin iştirakı ilə çox yüksək səviyyədə bir konsert proqramı keçirildi. Çox yüksək səviyyədə, alqışlarla qarşılandıq. Mədəniyyət günlərinin bağlanış mərasimi də Aşqabad şəhərində baş tutdu. Azərbaycan sənətçiləri, musiqi heyəti və rəqqaslarımız Türkmənistanda səhnəni sözün əsl mənasında ələ aldılar. Təəssüratlarım böyükdür. Bizimlə birlikdə bir çox sənət adamları-Teyyub Aslanov, Gülüstan Əliyeva, Azər Zeynalov, Faiq Ağayev, rəqs kollektivləri və tanınmış musiqiçilər də iştirak edirdilər. Türkmənistandan olan tamaşaçılar və sənətçilər də bildirdilər ki, neçə illərdir türkmən musiqisi ancaq burada səslənirdi, digər ölkələrə ayaq aça bilmirdi. Nə gözəl ki, türkmən mahnılarını Azərbaycanda ifa edirlər. Mən Gülyaz xanımla, Teyyub müəllimlə, Türmənistanın böyük sənətkarı, qəhrəman xanımı Camal Saparova ilə birlikdə duetlər ifa etdim və Camal xanım bizi ona məxsus televiziya və verilişdə qonaq etdi. Türkmənistan liderinin şərəfinə yazdırdığım mahnını orada Camal xanımla birlikdə ifa etdik”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova deyib. O daha sonra əlavə edib:
“2008-ci ildən Türkmənistana gedib-gəlirəm. Orada dəfələrlə mənim solo konsertlərim, çıxışlarım olub. Türkmənistanın milli lideri cənab Qurbanqulu Berdiməhəmmədovun doğum günündə iştirak etmişəm. Tək də çıxış etmişəm, Gülyaz xanımla da səhnə almışam. İlk dəfə Türkmənistana getməyim Azərbaycanda Türkmənistanın klassik şairi Mahtumkulunun qəzəllərinə muğam oxumağımla başlayıb. Ora da məni Türkmənistanın Azərbaycandakı səfiri, mərhum Annaməmməd Məmmədov və xanımı Bibisara Məmmədova məni dəvət etmişdilər. Onları mən heç vaxt unutmuram. Doğurdan da sənətimizə heyran olaraq mənə və Gülyaz xanıma çox dəyər verirdilər. Mən o vaxtdan onların dəvəti ilə Türkmənistana getdim. Onlar Türkmənistana olan sevgimi birbaşa prezidentə məruzə etmişdilər və prezident məni ad günündə görmək üçün dəvət etdi. Dünyanın bir çox ölkələrindən gələn ulduz sənətçilərlə birlikdə prezidentin ad günündə səhnə aldım. O vaxtdan Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədovun sevgisini qazana bildim. Özümün də Türkmənistan dövlətinə böyük heyranlığım yarandı. Mənim türkdilli dövlətlərə sevgim böyükdür. Özbəkistanın xalq artistiyəm. Qazaxıstan, Qırğızıstan və digər türkdilli dövlətlərdə onların milli mahnılarını oxuyuram. Artıq mənim çıxışımdan sonra Azərbaycanda da bu dillərdə mahnılar oxumağa başlayıblar. Maşallah olsun! İlk olaraq bu addımı atan sənətçi kimi çox şanslıyam ki, bu diqqəti, dəyəri görmüşəm. Nəticədə neçə insana cığır açmış olmuşam. Bunları mən etmişəm deyə çəkinmədən deyirəm. Bəzən “mənəm-mənəm” deyib sinəmə döymək istəmirəm, amma bu sahədə ilk addımları Gülyaz xanımla mən atmışam. Ona görə də özümüzü xoşbəxt hiss edirik. Bundan sonra mütəmaddi Türkmənistanın müstəqillik günü, diplomatik əlaqələrin birgəliyi gününə həsr olunmuş tədbirlərdə, Novruz bayramı şənliklərində və bir çox tədbirlərdə tez-tez dəvət almışam və solo konsertlərim olub. 2013-2014-cü illərdən sonra gediş-gəliş bir az səngidi, daha sonra pandemiya ortalığa düşdü. Çox arzusunda idim ki, yenidən ora gedim. Uzun fasilədən sonra bu ilin sentyabr ayında bu bizə qismət oldu. Arzum idi ki, Aşqabad şəhərinə gedim və orada mədəniyyətimizi təbliğ edək. Çünki illər əvvəl Gülyaz xanımla həmin şəhərdə konsert vermişdik. Türkmənistanın prezidentinə 12 mahnıdan ibarət mahnı albomu hazırlayıb təqdim etmişdim və onu bugünlərdə təkmilləşdirib yenidən təqdim edəcəyəm. 2010-cu ildə “Mehriban olaq” mahnısına görə Türkmənistan prezidenti mənə “Altun əsr” mükafatını verdi və xatırlayıram ki, bu qızıl medalı mənim boynuma Türkmənistanın baş naziri taxdı. Bir sənətkar kimi bu məni çox xoşbəxt edir. Bu medalı xarici müğənnilərdən alan təkcə mənəm. Mən Özbəkistandan da əvvəl Türkmənistana getmişəm və sənət yolunda orada addımlamışam. Bir çox sənətçiləri ilə orada yaxın dostam. Dilbər, Züleyxa, Cahan, Bahar, Həsən Məmmədov, Bülbül və s. sənətkarlarla dostluq əlaqələrim var. Budəfəki səfərimizdə onların əksəriyyəti evlərindən gül-çiçəklə Gülyaz xanımla mənim görüşümüzə gəldilər. Azərbaycandan gedən sənətçilər də gördülər ki, bizə qarşı başqa bir münasibət və hörmət var. Bu birliyimizin, mədəniyyətimizin birləşməsinə görə hər zaman təbliğatçı olmuşam. Dövlətlərimizin də, dövlət başçılarımızın da dostluq və qardaşlığı möhkəmdir. Mədəniyyət sahəsində bu birliyin inkişafında cənab nazir Adil Kərimlinin və nazirliyin işçilərinin xüsusi əməyi var. Hər dəfə cənab nazir özü də bizimlə birlikdə səfərlərə gedir və biz bu qayğını, bu diqqəti daha yaxından hiss edirik. Mən bunların heç birini hansısa medala, fəxri ada görə düşünüb etməmişəm. Buna Allah da şahiddir. Bizim bilirsiz ki, çörəyimiz toydan çıxır. Amma o qədər toylardan imtina edib bu işlərin arxasınca getmişəm ki, dövlətimə, mədəniyyətimə xidmət edim. Bilirsiniz ki, musiqi sərhəd tanımır. Bir dövləti bütün dünyada tanıdan onun mədəniyyəti, incəsənəti və incəsənət xadimləridir. Mən hər zaman Azərbaycanın, Türkmənistanın və Özbəkistanın ölkə başçılarına mənə göstərdiyi bu diqqətə və qayğıya görə təşəkkür edirəm” deyə sənətkar bildirib.
Qeyd edək ki, bu gün Xalq artisti Gülyanaq Məmmədovanın doğum günüdür.
Geri qayıt |