Əsas Səhifə > Güney Press > Gürcüstan Avropa yolunda dinamikanı tam itirir
Gürcüstan Avropa yolunda dinamikanı tam itirirBu gün, 15:34 |
|
Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlərdə gərginlik davam edir. Rəsmi Tbilisi Aİ-ni ölkəyə qarşı siyasi təzyiq göstərməkdə ittiham edir. Baş nazir İrakli Kobaxidze isə Aİ-nin vizasız rejimin ləğvi ilə bağlı mesajlarını “şantaj” kimi qiymətləndirərək, Gürcüstanın öz siyasi kursundan geri çəkilməyəcəyini bildirib: “Avropa İttifaqı (Aİ) Gürcüstan vətəndaşlarını vizasız rejimi ləğv etməklə şantaj etsə də, Tbilisi öz yolundan dönməyəcək. Sadələşdirilmiş viza rejimi məsələsinə gəlincə, Gürcüstan xalqı dolayı yolla - yerli agentlər vasitəsilə vizasız rejimin ləğvi ilə hədələnirsə, bu, bir tərəfdən Avropa bürokratiyasının, digər tərəfdən isə yerli agentlərin düşdüyü çətin vəziyyətdən xəbər verir. Çətin vəziyyətdədirlər. Onlar insanlara təzyiq göstərməklə və təhdid etməklə heç nəyə nail ola bilməyəcəklər. Çünki Gürcüstan cəmiyyəti hazırda ətrafımızda baş verən proseslərdən yaxşı xəbərdardır. Buna görə də şantaj işə yaramayacaq”. Mövzunu şərh edən politoloq Zeynal Əmralıyev Sherg.az-a bildirib ki, Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərdə yaranan gərginlik hər iki tərəf üçün ciddi siyasi və iqtisadi nəticələr doğurur. Onun sözlərinə görə, illər əvvəl Avropaya inteqrasiya kursunu seçən Gürcüstan hazırda bu prosesdə əvvəlki dinamikanı itirib və faktiki olaraq Aİ-yə üzvlük perspektivi xeyli zəifləyib: “Yaxın dövrdə Gürcüstanın Avropa İttifaqına üzvlüyü real görünmür və mövcud şəraitdə bu prosesin yenidən sürət qazanacağı da inandırıcı deyil. Yaranmış vəziyyət yalnız Gürcüstan üçün deyil, Avropa İttifaqı üçün də strateji itki hesab oluna bilər. Çünki Gürcüstan uzun illər Aİ-nin Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biri kimi çıxış edib. Mövcud gərginlik nəticəsində isə Avropa Birliyinin regiondakı təsir imkanları zəifləyir. Yaranan boşluğu Rusiya, Çin və İran kimi aktorlar doldurmağa çalışır ki, bu da bölgədə geosiyasi rəqabəti daha da gücləndirir”. Politoloq qeyd edib ki, Gürcüstan üçün əsas risklərdən biri xarici investisiyaların azalmasıdır. Onun sözlərinə görə, ölkə uzun illər iqtisadi sabitliyini və inkişafını Qərb dəstəyi və xarici sərmayələr hesabına təmin edib: “Xüsusilə 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Tbilisi böyük ölçüdə Avropa Birliyinin iqtisadi və siyasi dəstəyi altında fəaliyyət göstərib. Əgər Gürcüstan yeni investorları cəlb edə bilməsə, bu, ölkədə iqtisadi problemlərin dərinləşməsinə və sosial vəziyyətin ağırlaşmasına səbəb ola bilər”. Geri qayıt |