|
Pakistan silahlı qüvvələri Əfqanıstanın Kunar, Xost və Paktika əyalətlərinə hücum edib. Yeniavaz.com xəbər verir ki, bu barədə “Taliban” hökumətinin xüsusi nümayəndəsi Zəbihullah Mücahid “X” sosial şəbəkə səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, hava hücumu nəticəsində 13 mülki şəxs həlak olub. “Dünən gecə Pakistan qüvvələri bir daha Əfqanıstanın hava məkanını pozaraq, Kunar, Xost və Paktika əyalətlərində yaşayış binalarını bombalayıb. Bu hücumlar nəticəsində 11 uşaq, bir qadın və bir yaşlı kişi həlak olub, daha 14 uşaq və qadın yaralanıb”, - o qeyd edib. Əfqanıstan hakimiyyəti isə hücumu qətiyyətlə pisləyərək onu humanitar cinayət adlandırıb. Qeyd edək ki, fevralın 26-sı axşamı Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb. Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin Əfqanıstandakı “Taliban” hökuməti ilə hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu elan edib.
Geri qayıt
|