Əsas Səhifə > Güney Press > "Körpələr doğulan kimi bilərəkdən ana südündən uzaqlaşdırılır"
"Körpələr doğulan kimi bilərəkdən ana südündən uzaqlaşdırılır"Bu gün, 11:29 |
|
Ana südü körpənin həyatının ilk aylarında ehtiyac duyduğu bütün əsas qida maddələrini özündə birləşdirən ən təbii və təhlükəsiz qidalanma mənbəyidir. Mütəxəssislərin fikrincə, ana südü uşağın immun sisteminin formalaşmasında mühüm rol oynayır və onu bir çox infeksiya və xəstəliklərdən qorumağa kömək edir. Bu qidalanma forması yalnız fiziki inkişafı deyil, körpə ilə ana arasında emosional bağın güclənməsini də təmin edir. Araşdırmalar göstərir ki, ana südü ilə qidalanan uşaqlarda bir sıra sağlamlıq problemlərinin yaranma riski daha aşağı olur. Eyni zamanda, ana südü körpənin yaşına və ehtiyaclarına uyğun olaraq tərkibini dəyişə bilən yeganə təbii qidadır. Buna görə də mütəxəssislər həyatın ilk dövrlərində ana südü ilə qidalanmanı uşağın sağlam gələcəyinə qoyulan ən mühüm investisiyalardan biri hesab edirlər. Ana südü ilə qidalanmanın təşviqi istiqamətində çağırışlar səslənsə də, bu sahədəki mövcud vəziyyətlə bağlı narahatlıqlar qalmaqdadır. Moderator.az-a məsələni şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov bir sıra diqqətçəkən məqamlara toxunub. Eyub Hüseynov qeyd edib ki, bildiyiniz kimi, bir neçə il əvvəl ölkəmizdə erkən yaşlı körpələrin qidalanmasına dair qanun qəbul olunub. Həmin qanunun qəbulunda mən də iştirak etmişəm və qanun mümkün qədər süni qidaların istifadəsinin məhdudlaşdırılmasına yönəlib. Təəssüf ki, qanunda nəzərdə tutulan bir çox tələblər bu günə qədər yerinə yetirilmir: "Məsələn, qanuna əsasən körpə qidası distribüterlərinin pediatrlarla əlaqələri qəti şəkildə qadağan olunub. Lakin reallıq göstərir ki, pediatrların əksəriyyəti körpə qidası distribüterlərinin təsiri altındadır. Təsadüfi deyil ki, ölkədə körpə qidalarının qiyməti həddindən artıq yüksəkdir. Çünki bu sistemdə pediatrların da müəyyən rolu var. Azərbaycan dünyanın azsaylı ölkələrindən biridir ki, körpə dünyaya gələn kimi anadan ayrılır və doğum evlərində ona süni qida verilir. İlk süni qidanı qəbul edən uşaq sonradan anaya yaxın durmaq istəmir, çünki həmin qidanı daha rahat şəkildə əldə edir. Bu proses təsadüfi deyil, bilərəkdən həyata keçirilir. Çox təəssüf ki, körpə qidası distribüterləri doğum evlərinə yol tapa biliblər. Bu fəaliyyət son dərəcə gizli şəkildə aparılır. Hətta onların izlərini doğum evlərində körpələr üçün ayrıca otaqların yaradılmasında da görmək mümkündür. Beynəlxalq təcrübə göstərir ki, körpə doğulan kimi ananın sinəsi üzərinə qoyulmalı, hətta bir neçə saat həmin vəziyyətdə saxlanmalıdır. Belə olduqda, anada süd olmasa belə, sonradan südün gəlməsi mümkün olur. Təəssüf ki, bizdə bunun əksi baş verir. Azad İstehlakçılar Birliyi illərdir bu problemləri ifşa edir, belə pediatrları və doğum evlərini ictimaiyyətə tanıtmağa çalışır. Ana südü ilə əmizdirmənin təşviqi ilə bağlı müxtəlif təşəbbüslər də mövcuddur. Lakin bu istiqamətdə fəaliyyət göstərən insanlar birləşərək problemin qarşısında ciddi mübarizə apara bilmirlər. Mən uzun illər ana südü ilə əmizdirmə faizinin Avropa ölkələrindən geri qaldığını və təxminən 44-45 faiz təşkil etdiyini deyirdim. Lakin iki il əvvəl UNICEF-in Azərbaycanda keçirdiyi beynəlxalq konfransda bu sahənin tanınmış həkimləri bildirdilər ki, ölkədə ana südü ilə əmizdirmə faizi 25 faizdən yuxarı deyil. Bu, son dərəcə acınacaqlı göstəricidir". Sədr vurğulayıb ki, bütün bu proseslər o qədər gizli və ört-basdır edilmiş şəkildə aparılır ki, onları müəyyən etmək çox çətindir: "Qeyd etdiyim kimi, bunun nəticələrini uşaqların müxtəlif xəstəliklərə daha çox yoluxmasında, zəif inkişaf etməsində, immunitetlərinin aşağı düşməsində, eləcə də doğum evindən çıxan anaların düşüncələrində görmək mümkündür. Körpə qidası analara öz istəkləri ilə verilmir. Bu məhsullar pediatrların təsiri ilə tövsiyə olunur və valideynlər də onları istifadə etməyə məcbur qalırlar. Bundan başqa, digər ölkələrdən fərqli olaraq Azərbaycanda körpə qidaları demək olar ki, hər yerdə satılır. Bir çox ölkələrdə isə bu məhsullar yalnız ixtisaslaşmış mağazalarda satışa çıxarılır və əlçatanlığı məhdud olur. Çünki təcrübə göstərir ki, körpəsi ağlayan ana həmin məhsulu gördükdə dərhal alternativ qidalanma vasitəsi kimi onu seçmək barədə düşünür. Qanunda çox ciddi müddəalardan biri də körpə qidalarının üçüncü ölkələr vasitəsilə idxalının qadağan edilməsidir. Lakin biz görürük ki, bu gün də həmin məhsulların üçüncü ölkələr üzərindən Azərbaycana gətirilməsi davam edir. Bir sözlə, qiymət artımı və körpələrin ana südü ilə qidalandırılmaması bir çox mənfi nəticələrə səbəb olur. Bu, yalnız qidalanma məsələsi deyil, eyni zamanda uşaqların sağlamlığında da özünü göstərən ciddi problemdir. Hətta vəziyyət o həddə çatmışdı ki, dörd il əvvəl Azərbaycanda eşşək ferması yaradılması təşəbbüsü irəli sürülmüşdü ki, körpələr onun südü ilə qidalansınlar. Azad İstehlakçılar Birliyi bununla bağlı ciddi mübarizə apardı və həmin təşəbbüsün qarşısını aldı. Bəzi media qurumlarında belə eşşək südünün guya ana südünü əvəz edə bilməsi ilə bağlı təbliğat da aparılırdı. Halbuki qanunda açıq şəkildə göstərilir ki, körpə qidaları barədə harada məlumat verilirsə, orada mütləq qeyd olunmalıdır ki, ana südü əvəzolunmazdır və körpələr ana südü ilə qidalandırılmalıdır. Təəssüf ki, qanunun bu tələbi də yerinə yetirilmir. Çox təəssüf ki, uşaq hüquqlarının qorunması istiqamətində mühüm fəaliyyət göstərən UNICEF-in Azərbaycandakı fəaliyyəti də məhdudlaşdırılıb. Hesab edirəm ki, müvafiq dövlət qurumları və pediatrlar bu məsələyə ciddi diqqət yetirməli, qanunun tələblərinin pozulmasına yol verən şəxslərə qarşı tədbirlər görülməli və qeyd olunan qanun normaları Azərbaycanda tam şəkildə icra olunmalıdır". Geri qayıt |