Əsas Səhifə > Güney Press > Saxta arayış verən şirkət direktorundan xəbər var

Saxta arayış verən şirkət direktorundan xəbər var


Bu gün, 11:23

Bakıda rüşvət almaqda təqsirləndirilən şirkət direktoru Orxan Ələkbərovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: 2021-ci ilin aprel ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb. Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. Orxan Ələkbərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Ələkbərov 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.


Geri qayıt