Əsas Səhifə > Güney Press > Xudaqulu Rzayevin şirkəti 916 min manatlıq tenderin qalibi oldu

Xudaqulu Rzayevin şirkəti 916 min manatlıq tenderin qalibi oldu


Bu gün, 13:26

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun Bəylik kənd yaşayış məntəqəsində yağış sularının idarə olunması tədbirləri üzrə beton kanalın və istinad divarının tikintisi ilə bağlı tenderə yekun vurub.
"DİA-AZ" Qaynarinf-ya istinadən xəbər verir ki, tenderin qalibi “Minera” MMC seçilib. Kanalın və istinad divarının tikintisinə görə şirkətə 916 021,69 manat ödəniləcək.
“Minera” MMC 1996-cı ildən inşaat sektorunda fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 110 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 90-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əsgərova Mətanət Talıb qızıdır. Mətanət Əsgərova haqqında açıq mənbələrdə heç bir məlumat rast gəlinmir.
“Minera” MMC-nin təsisçisi isə Rzayev Xudaqulu Əhəd oğludur. O, iş adamı kimi tanınır. O, çoxsaylı şirkətin təsisçisi və rəhbəri olub.
Xudaqulu Rzayev 1994-1996-cı illərdə “Şumer” firmasında kommersiya direktoru vəzifəsində işləyib. 1996-cı ildə “İlandağ-SA”, 2007-ci ildə “Bəytaş-Bakı”, 2010-cu ildə “Dəniz uşaq baxçası”, 2011-ci ildə “Evrika liseyi”, 2017-ci ildə “İntelekt-RX” MMC müəssisələrini təsis edib. 2012-ci ildə isə bu firmaları birləşdirərək “Minera” MMC-ni yaradıb.
“Minera” MMC-nin internet səhifəsində də şirkətin təsisçisi kimi Xudaqulu Rzayevin adı qeyd edilib.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Xudaqulu Rzayev 2020-ci ildə keçirilən parlament seçkilərində 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizəd olub.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya əsasən Xudaqulu Rzayev fərdi sahibkar kimi də tenderlərə qatılır. 2023-cü ildə Dövlət Məşğulluq Agentliyi qurumun Bakı Regional Məşğulluq Filialı üçün ofis sahəsinin icarəsinin satın alınması üçün bağlı Xudaqulu Rzayevlə 795 600,27 manatlıq satınalma müqaviləsi imzalayıb.
Məcburi Köşkünlərin Sosial İnkişaf Fondunun rəhbəri Mahir Abbaszadədir. O, 2018-ci ildən bu vəzifədədir.

Geri qayıt