|
Gənclər və İdman Nazirliyinin idman atları üçün yemlərin satın alınması məqsədilə keçirdiyi tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “FM Supply” MMC (VÖEN – 1203600031) olub. Nazirlik “FM Supply” MMC-dən atlar üçün hər biri ən azı 18 kiloqram olan 5 min bağlama quru ot, 91 min kiloqram vələmir və 1000 kiloqram daş duz alacaq. Qeyd olunan məhsullar üçün nazirlik 77 min 691 manat 20 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 manat olan “FM Supply” MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Füzuli küçəsi, ev 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Mikayıl Faiq oğludur. Onu da bildirək ki, “FM Supply” MMC daha əvvəl də Gənclər və İdman Nazirliyinin tender müsabiqələrində qalib olub. Ötən il MMC nazirliyə 447 min manatlıq idman malları satıb. Eyni zamanda, nazirliyin tabeliyində fəaliyyət göstərən “Azəridmanservis” MMC-nin tenderini də udub. Bu tender müsabiqəsi Şəki şəhər stadionunda cari təmir işlərinin həyata keçirilməsi ilə bağlı olub və dəyəri 1 milyon 650 min 549 manat 34 qəpik təşkil edib. “FM Supply” MMC-yə məxsus olduğu bildirilən və cəmi 10 nəfərin bəyəndiyi “fmsuppy.az” adlı sosial şəbəkə hesabında qeyd olunub ki, Sədərək Ticarət Mərkəzinin 1-ci sırası, 76B nömrəli mağazada yerləşən “FM Supply” idman infrastrukturlarını avadanlıqlarla təmin edir. “FM Supply” MMC-nin heyvan yemləri satması barədə açıq mənbələrdə heç bir məlumat mövcud deyil.
Geri qayıt
|