Əsas Səhifə > Güney Press > Ermənistanda “broker lider” əməliyyatı:
Ermənistanda “broker lider” əməliyyatı:Bu gün, 12:00 |
|
Ermənistanda keçirilən son parlament seçkilərinin ən mühüm nəticəsi yalnız Nikol Paşinyanın hakimiyyətini qoruması deyil. Seçkilər həm də göstərdi ki, Ermənistan cəmiyyətində Rusiya yönümlü siyasi xətt hələ də ciddi sosial dayaqlara malikdir. Parlamentdə formalaşan mənzərə onu göstərir ki, Ermənistan seçicilərinin az qala üçdə biri, bəzi hesablamalara görə isə 35-40 faizə yaxın hissəsi Rusiyaya yaxın siyasi qüvvələrə və revanşist gündəmə səs verməyə davam edir. Bu nəticə Paşinyan üçün də, Ermənistan üçün də, region üçün də ciddi siqnaldır. Çünki seçkilər göstərdi ki, Moskva Ermənistanı itirməyib və uzunmüddətli geosiyasi mübarizədə öz mövqelərini qorumaq üçün yeni alətlər formalaşdırmağa davam edir. Ən diqqətçəkən məqam isə Rusiyaya yaxın düşərgənin artıq yeni sima əldə etməsidir. Bu sima Samvel Karapetyandır. Karapetyan adi siyasətçi deyil. O, Rusiyada böyük sərvət toplamış erməni əsilli milyarderdir, “Taşir” holdinqinin sahibidir, Rusiya iqtisadi və siyasi elitası ilə uzun illərdir sıx əlaqələrə malikdir. Onun Ermənistan siyasətinə daxil olması təsadüfi hadisə kimi görünmür. Əksinə, bu proses postsovet məkanında dəfələrlə sınaqdan çıxarılmış “broker lider” modelinin Ermənistan versiyası təsiri bağışlayır. Broker lider nədir? Bu modeldə xarici güc mərkəzi birbaşa siyasi partiya və ya ideoloji hərəkat yaratmaq əvəzinə böyük maliyyə imkanlarına malik, ictimai nüfuzu olan, lakin siyasi sistemin ənənəvi iştirakçısı olmayan oliqarxı önə çıxarır. Belə fiqur cəmiyyətin müxtəlif narazı təbəqələrini öz ətrafında toplamaq, siyasi bazar yaratmaq və daha sonra həmin bazanı geosiyasi məqsədlər üçün istifadə etmək funksiyasını yerinə yetirir. Bu modelin postsovet məkanındakı ən məşhur nümunəsi Gürcüstanda Bidzina İvanişvili olub. O da Rusiyada milyardlarla dollar qazanmışdı. Daha sonra Gürcüstan siyasətinə daxil olaraq hakimiyyət balansını dəyişdirdi və illərlə ölkə siyasətinin əsas pərdəarxası fiquruna çevrildi. Bu gün Ermənistanda Samvel Karapetyan ətrafında formalaşan proseslər bir çox müşahidəçilərə həmin modeli xatırladır. Ancaq burada daha vacib bir detal var. Əslində Kremlin Ermənistan üçün ilk “broker lider” layihəsinin Samvel Karapetyan olmadığı barədə ciddi arqumentlər mövcuddur. Bu rol üçün daha əvvəl Ruben Vardanyanın hazırlandığını düşünən ekspertlər az deyil. Vardanyan da Karapetyan kimi Rusiya vətəndaşı idi. O da Rusiyada milyardlarla dollar sərvət toplamış oliqarx idi. O da uzun illər Ermənistan siyasətindən kənarda qalmışdı. Lakin 2022-ci ildə qəfil şəkildə Qarabağa göndərildi və Xankəndidə separatçı rejimin rəhbərliyində əsas fiqurlardan birinə çevrildi. Həmin dövrdə erməni mediasında və müxtəlif beynəlxalq platformalarda Ruben Vardanyanın fəal şəkildə populyarlaşdırılması müşahidə olunurdu. Onun “xilaskar”, “yeni lider”, “dünya ermənilərinin nümayəndəsi” kimi təqdim edilməsi təsadüfi görünmürdü. Bir çox təhlilçilər hesab edirdilər ki, Moskva Qarabağ faktorundan istifadə etməklə Vardanyanı əvvəlcə Qarabağ ermənilərinin lideri, daha sonra isə bütün Ermənistan siyasətinin əsas fiqurlarından birinə çevirməyə çalışırdı. Başqa sözlə, Vardanyan layihəsi Qarabağ üzərindən Ermənistan siyasətinə giriş əməliyyatı idi. Lakin bu plan baş tutmadı. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Xankəndi və digər ərazilər üzərində dövlət suverenliyi tam bərpa edildi. Separatçı rejim ləğv olundu. Onun rəhbərləri, o cümlədən Ruben Vardanyan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Beləliklə, Qarabağ üzərindən Ermənistan siyasətinə yeni lider ixrac etmək cəhdi iflasa uğradı. Bu baxımdan Azərbaycanın Xankəndidə əldə etdiyi qələbə təkcə hərbi və siyasi nəticə doğurmadı. Həmin əməliyyat eyni zamanda Moskvanın Ermənistan üçün hazırladığı mümkün siyasi layihələrdən birini də neytrallaşdırdı. Məhz bundan sonra Kremlin yeni fiqur axtarışına başladığı barədə versiyalar meydana çıxdı. Bu kontekstdə Samvel Karapetyanın önə çıxması diqqət çəkir. Karapetyan Vardanyandan fərqli olaraq Qarabağ amilinə bağlı deyil. O, Ermənistan daxilində biznes, sosial layihələr, kilsə çevrələri və Rusiyaya yaxın siyasi qruplarla işləmək imkanlarına malikdir. Bu isə onu Moskva üçün daha çevik alətə çevirir. Seçkilərin əsas nəticəsi də məhz budur. Paşinyan hakimiyyətdə qaldı. Qərb bunu öz qələbəsi kimi təqdim edir. Lakin Moskva da tam məğlub olmadı. Əksinə, Ermənistan siyasətində yeni mərkəz formalaşdırmaq üçün legitim siyasi baza əldə etdi. Bu bazanın önündə isə Samvel Karapetyan dayanır. Bu gün o, hələ hakimiyyətə gəlməyib. Ancaq artıq siyasi legitimlik qazanıb. Bu isə o deməkdir ki, Ermənistanın gələcək siyasi böhranlarında, hakimiyyət dəyişikliyi ssenarilərində, Azərbaycanla sülh sazişi ətrafında yaranacaq mübahisələrdə və regionun geosiyasi gələcəyində Karapetyan amili getdikcə daha çox hiss olunacaq. Paşinyan seçkiləri qazandı. Amma Ermənistan uğrunda mübarizə bitmədi. Əksinə, görünən odur ki, həmin mübarizə indi yeni mərhələyə daxil olur. Musavat.com Geri qayıt |