Əsas Səhifə > Güney Press > “Kupça”sız evlərlə bağlı pis xəbər
“Kupça”sız evlərlə bağlı pis xəbərBu gün, 11:00 |
|
Bakıda, xüsusilə Biləcəri və ətraf qəsəbələrdə çıxarışı olmayan, bələdiyyə sənədi ilə satılan evlərə tez-tez rast gəlinir. Bu cür daşınmaz əmlaklar adətən daha münasib qiymətə təklif edilsə də, onların hüquqi statusu və gələcəkdə rəsmiləşdirilməsi ilə bağlı suallar alıcıları narahat edir. Bələdiyyə sənədi ilə satılan ev almaq nə dərəcədə risklidir? Belə evlər üçün sonradan çıxarış (kupça) almaq mümkündürmü? Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, özbaşına və ya qeyri-qanuni tikilmiş yaşayış evləri və digər obyektlər üzərində aparılan qeyri-rəsmi əməliyyatlar hüquqi baxımdan daşınmaz əmlakın alqı-satqısı hesab edilmir: “Belə hallarda kommunal xidmət müqavilələrinin və ya digər istifadə hüquqlarının bir şəxsdən digərinə keçirilməsi mülkiyyət hüququnun ötürülməsi anlamına gəlmir. Qanunvericiliyə əsasən, daşınmaz əmlakın alqı-satqısı yalnız həmin əmlakın dövlət qeydiyyatına alınması və ona dair çıxarışın mövcud olması halında mümkündür. Belə əməliyyatlar notariat qaydasında rəsmiləşdirilməli, eyni zamanda əmlakın yüklülüyü və hüquqi vəziyyəti yoxlanılmalıdır. Lakin reallıqda sənədsiz və ya tam rəsmiləşdirilməmiş çoxlu sayda yaşayış evi və obyektlər mövcuddur. Bu cür əmlaklarla bağlı əldə olunan razılaşmalar gələcəkdə ciddi hüquqi mübahisələrə səbəb ola bilər”. R.Osmanlının sözlərinə görə, bu gün əmlakı təqdim edən və ya satan şəxs sonradan həmin əməliyyatı tanımadığını iddia edə bilər: “Bundan əlavə, əmlakın hüquqi tarixçəsinin də tam məlum olmaması mümkündür. Mülkiyyət hüququnda başqa şəxslərin payının olub-olmaması, ailə üzvlərinin hüquqlarının pozulub-pozulmaması və ya digər hüquqi məqamlar sonradan mübahisə predmeti ola bilər. Məsələn, həyat yoldaşı, yetkinlik yaşına çatmış övladlar və ya digər maraqlı şəxslər məhkəməyə müraciət edərək əməliyyatın etibarsız hesab olunmasını tələb edə bilərlər. Eyni zamanda, həmin tikililərin gələcəkdə rəsmiləşdirilib-rəsmiləşdirilməyəcəyi də məlum deyil. Bu səbəbdən belə obyektlərlə bağlı qeyri-rəsmi alqı-satqı və ya hüquq ötürülməsi əməliyyatları kifayət qədər risklidir və gələcəkdə ciddi hüquqi problemlər yarada bilər. Ona görə də vətəndaşlara yalnız hüquqi statusu tam müəyyən edilmiş, dövlət qeydiyyatından keçmiş və çıxarışla təmin olunmuş daşınmaz əmlaklar üzərində əməliyyat aparmaq tövsiyə olunur”. Geri qayıt |