Əsas Səhifə > Güney Press > Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır?

Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır?


Bu gün, 15:39

Son günlər ölkədə məktəblilər və yeniyetmələr arasında baş verən dava və zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurub. Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olduğu kimi, bu hadisələrin səbəbləri kimi müxtəlif fikirlər səsləndirilib. Müzakirələr zamanı tez-tez adı hallanan layihələrdən biri də son dövrlər gənclər arasında populyarlıq qazanan “Mikrorayon” serialıdır.

Bir qisim tamaşaçı hesab edir ki, serialda nümayiş etdirilən davalar, aqressiv davranışlar və bəzi obrazların təqdimat forması yeniyetmələrə mənfi təsir göstərə bilər. Digər tərəfdən, serialın tərəfdarları ekran əsərinin sadəcə cəmiyyətdə mövcud olan reallıqları əks etdirdiyini və baş verən hadisələrə görə birbaşa məsuliyyət daşıya bilməyəcəyini bildirirlər.

Bəs həqiqətənmi seriallar yeniyetmələrin davranışlarına təsir göstərir? Son vaxtlar artan zorakılıq halları ilə “Mikrorayon” serialı arasında əlaqə varmı, yoxsa problemin kökündə daha dərin sosial və ailəvi amillər dayanır?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan serialın rejissoru Qulu Əsgərov bildirib ki, serialda yanlış mesajlar yoxdur və tamaşaçıların mənfi formada təsirə məruz qalması mümümkün deyil:

“Məsələ budur ki, bizim layihəmiz 12 seriyadan ibarətdir. Bunun bütün bölümlərinə tam şəkildə baxmamış bizim hansı mesajları ötürdüyümüzü başa düşmək mümkün deyil. Qətiyyən tamaşaçıya hansısa yanlış mesajlar vermirik. Orada hər şey göründüyünün əksidir. Tamaşaçılara ilk olaraq dava-dalaş səhnələri göstərsək də, sonradan onun nəticələrini də ekrana gətiririk. Hansısa uşağın kriminal aləminə qoşulması bizi çox narahat edir. Elə ona görə bu serialı çəkmək qərarına gəlmişik. Diqqətlə baxan hər bir izləyici görə bilər ki, biz gedilən yanlış yolun sonunda insanların başına nələrin gələcəyini onlara çatdırmağa çalışırıq. Əksinə, bu seriala baxan 15-16 yaşında olan hər bir yeniyetmə özü üçün nəticə çıxartmalıdır ki, getdikləri yol yanlışdır. O yoldan gec olmadan dönmək lazımdır. Eləcə də digər yaşda olan uşaqlarımız.

Rejissor “Mikrorayon”a tam baxmağa və ondan sonra nəticə çıxarmağa çağırıb: “İnsanların prosesi tam izləmədən belə şeylər danışması, aparılan müzakirələr mənə qəribə və gülüc görünür. Sonunu izləyin, sonra müzakirələrinizi aparın. Mənim 36 yaşım var. O qədər belə hadisələrə şahid olmuşam ki, heç onda “Mikrorayon” serialı yox idi. “Kurtlar vadisi” bu mövzulu seriallar arasında ən məşhurudur. O qədər geniş yayılmışdı ki, hətta Azərbaycanda da üzərində serialın etiketləri olan paltarlar satılırdı. Biz niyə onlara baxıb yanlış nəticə çıxartmadıq? Cem Yılmazın bir sözü var, deyir ki, uşaq mənə baxıb söyüş söyməyi yox, film çəkməyi öyrənsin”.

Q.Əsgərov qeyd edib ki, serialda olan zorakılıq səhnələrini belə etik formada təqdim etməyə çalışıblar:

“Serialla bağlı mənə hansısa şikayətlər gəlmir. Sosial mediada müzakirələri görürəm. Sağ olsunlar, serialın yaxşı tərəfini görənlər də çoxdur. Mənə elə gəlir ki, mənfi rəy yazanların çoxu serial vasitəsilə özlərini reklam edirlər. Ən azından etdikləri paylaşımları ədalətli formada etsinlər.

Serialda göstərilən zorakılıq səhnələrini belə etik formada göstərməyə çalışmışıq ki, uşaqdan böyüyə hər kəs bu səhnələri izləyə bilər. İlk bölümdə uşaqlar arasında kütləvi dava səhnəsi var. Həmin səhnələrin iyrənc görünməməsi üçün əlimizdən gələni etmişik və o hissələri yumuşaltmaq üçün musiqisini simfoniya ilə vermişik. Xaos yaratmağın tərəfdarı olmamışıq. Orada da bir seçim yolu olduğunu diqqətə çatdırmışıq: sən sənətin də arxasınca gedə bilərsən, davanın da. Amma yanlış yolu seçsən nəticələrinin nələr olacağını da görəcəksən”.

Qeyd edək ki, iyunun 5-i gecə saatlarında paytaxta kütləvi dava baş verib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub:

“Müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Hadisə iştirakçılarından 7 nəfər saxlanılıb. Fakta görə Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir”.

Xatırladaq ki, “Mikrorayon” İTV-də yayımlanır. Ekran əsəri 12 bölümlükdür və kriminal dram janrında çəkilib. Serialda gənc qəhrəmanlar (Adil, Fərid, Sabir, İdris və Daşqın) mühitləri, ailə problemləri və kriminal aləmlə üzləşmələri ilə mübarizə aparırlar.


Geri qayıt